Məhkəmə qərarları › İş №e-2-2(115)-312/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-312/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-312/2025 31.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1781,85 manat, faiz borcuna görə 254 manat, cəmi 1781,85 (min yeddi yüz səksən bir manat səksən beş qəpik) manat məbləğində borcun və 37,82 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********2108 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri ,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.47% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 5000 (beş min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 334 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin xx.xx.2015-ci il tarixli **********2108 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********0253 hesab nömrəli sazişlə, illik 0.0010 % dərəcəsi olmaqla 36 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 4281 manat müəyyən edilmişdir. Eyni tarixli **********7654-977116 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********7***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cüil tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2nın əsas borc üzrə 1781,85 manat, faiz borcuna görə 254 manat, cəmi 1781,85 (min yeddi yüz səksən bir manat səksən beş qəpik) manat təşkil edir. Qeyd etmək istəyirik ki, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehlərə xx.xx.2024-cü il tarixində Pretenziya məktubu göndərilmişdir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəflərindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-2457/2024 nömrəli bildirişlər göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdehlər məhkəmə bildirişini xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində rəsmi qaydada almalarına baxmayaraq iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, kredit müqaviləsinin restrukturizasiyasına dair saziş, zaminlik müqavilələri, kassa məxaric orderi, ödəniş planı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********2108 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.47% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 5000 (beş min manat) manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli sazişlə xx.xx.2015-ci il tarixli **********2108 saylı kredit müqaviləsi 36 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 4281 manat müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ kassa məxaric orderi ilə cavabdehə verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh2 əsas borc üzrə 1781,85 manat borcu olduğu təsdiq edilir. Odur ki, həmin borc məbləği Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə borcun digər cavabdehlərdən, yəni zaminlər Cavabdeh3 və Cavabdeh1 tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. xx.xx.2016-cı il tarixli zaminlik müqavilələrindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün zaminlər Cavabdeh3 və Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh2 xx.xx.2015-ci il tarixli **********2108 saylı kredit müqaviləsinə əsasən 23.47% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 5000 (beş min manat) manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borcalan Cavabdeh2 öhdəliyinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 zamin qismində üzərlərinə öhdəlik götürmüşdürlər. xx.xx.2016cı il tarixli sazişlə xx.xx.2015-ci il tarixli **********2108 saylı kredit müqaviləsi 36 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 4281.00 manat müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında sonuncu saziş xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilmiş, xx.xx.2019-cu il tarixdə bitmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddəti bitdiyindən və bu müddət ərzində zaminlərə qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, xx.xx.2016-cı il tarixli müqavilədə zaminliyə münasibətdə müddət göstərilməsə belə, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2019-cu il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqavilələrində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsindən ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək iddia tələbi irəli sürmüşdür ki, bununla da zaminlərə münasibətdə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də iddia tələbi borcun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 37,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, 37,82 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh2 1781,85 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37,82 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh2 1781,85 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37,82 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X1- Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar