Məhkəmə qərarları › İş №e-2-2(115)-32/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-32/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-32/2020 23.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ – 673189 manat 64 qəpik, hesablanmış faiz – 20943 manat 69 qəpik, cərimə borcu – 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 249201 manat 71 qəpik, cəmi – 943335 manat 04 qəpik, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ -1399513 manat 89 qəpik, hesablanmış faiz – 0 manat, cərimə borcu – 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 170740 manat 69 qəpik, cəmi – ******* manat 58 qəpik məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli,2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. xx xxxxxx 2009-cu il və xx xxxx 2013-cü il tarixlərdə İddiaçı ASC və Cavabdeh MMC-nin rəhbəri X2 arasında müvafiq olaraq 08 №-li kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh MMC-yə bank tərəfindən xx xxxxxx 2009-cu il tarixdə ******* manat məbləğində illik 16 % olmaqla, 60 ay müddətinə və xx xxxx 2013-cü il tarixdə 08 saylı kredit müqaviləsi üzrə ******* manat məbləğində illik 12 % olmaqla, 60 ay müddətinə, 24 aylıq güzəştlə kredit verilmişdir, qeyd olunan kredit müqavilələrinə əsasən Cavabdeh MMC kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqavilələrinə əlavə edilmiş ödəniş cədvəlləri üzrə ödəməli idi. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh MMC-nin rəhbəri X1 vermişdir. Amma borclu Cavabdeh MMC krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. xx xxxx 2019-cu il tarixinə Cavabdeh MMC-nin, xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi olmuşdur: əsas məbləğ – 673189 manat 64 qəpik, hesablanmış faiz – 20943 manat 69 qəpik, cərimə borcu – 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 249201 manat 71 qəpik, cəmi – 943335 manat 04 qəpik, xx xxxx 2019-cu il tarixinə Cavabdeh MMC-nin, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi olmuşdur: əsas məbləğ -1399513 manat 89 qəpik, hesablanmış faiz – 0 manat, cərimə borcu – 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 170740 manat 69 qəpik, cəmi – ******* manat 58 qəpik. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsini məhkəməyəvə təqdim edə bilmirlər. Məhkəmədən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, cavabdehin hüquqi şəxsin rəhbəri kimi məhkəməyə dəvət edilsə də, 7 ildən artıqdır ki, direktor vəzifəsindən azad edilmişdir. Belə ki, xx xxxxxx 2009-cu il tarixində Cavabdeh MMC-yə direktor təyin edilmiş, xx.xx.2013-cü il tarixdə vəzifədən azad edilmişdir. Rəsmi olaraq direktor olsa da, işi yalnız tikintiyə rəhbərlik etməkdən ibarət olmuşdur. O, direktor olarkən bankdan kredit götürməmiş, onun tərəfindən heç bir müqaviləyə və ödəniş tapşırığına imza edilməmişdir. Konkret olaraq xx xxxx 2013-cü il tarixli müqaviləyə gəldikdə, 2013-cü ilin aprel ayının 5-də işdən azad olunduğu halda, iyul ayının 9-da kredit müqaviləsinə və onunla bağlı sənədlərə imza edə bilməzdi. Həmin sənədllərdə olan imza ona məxsus deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 4/722 nömrəli rəyinə əsasən xx xxxx 2013-cü tarixli 08 saylı İddiaçı ASC ilə Cavabdeh MMC adlarından olan kredit müqaviləsinin sonunda “Borcalan” qrafasında X2 yazılarının qarşısındakı imza, işin 237-ci vərəqində olan xx xxxx 2013-cü tarixli ödəniş tapşırığında “Müştərinin imza(ları)” qrafasında “1” rəqəminin qarşısındakı imza, işin 238-ci vərəqində olan xx xxx 2013-cü il tarixli kredit sifarişinin sonunda “Müəssisə tərəfindən imzalanmışdır” qrafasındakı imza – X2 tərəfindən icra olunmuşdur. xx.xx.2013-cü il tarixli 08 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdehnə 60 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə ******* manat 89 qəpik məbləğində əsas borcun və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcunun 170740 manat 69 qəpik olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ******* manat 89 qəpik məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxx 2013-cü il tarixli 08 saylı kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanmış 170740 manat 69 qəpik faizin tutulmasına dair heç bir sübut təqdim etmədiyindən, bu hissədə iddia təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsinin əsli, yaxud onun notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən, iş materiallarına əlavə olunmuş maliyyə arayışı və digər sənədlərə əsasən iddia təmin edilə bilməz. Belə ki, xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsinin əsli, yaxud onun notarial qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməməsi ona dəlalət edir ki, həmin kredit müqaviləsi üzrə tərəflər arasında hər hansı öhdəliyin əmələ gəlməsi üçün müqavilə bağlanmamış, tərəflər üzərlərinə hüquq və vəzifələr, öhdəliklər götürməmiş və müqavilədə qeyd edilən kredit cavabdehə verilməmişdir. Bu səbəbdən, iddianın qalan hissəsi əsassızdır və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1399513 manat 89 qəpik məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar