Məhkəmə qərarları › İş №e-2-2(115)-320/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-320/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-320/2025 07.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan icarə haqqı borcu üzrə 835,72 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 134.2 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 10540/7023 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 835,72 manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 17681/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

II. Tərəflərin mövqeyi

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə qeyri-yaşayış sahəsi barəsində icarə müqaviləsi bağlanmışdır. Tələb üzrə hazırki borc icarə haqqı borcudur. Əvvəllər ödəniş edilib, lakin sonradan ödənişi dayandırıb. Buna görə də qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

III. Sübutların tədqiqi

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli, 10540/7023 nömrəli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilə”dən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.metr qeyri-yaşayış sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. Həmin müqavilənin 2.1-ci və 2.2-ci bəndlərindən görünür ki, torpaq sahəsinin illik icarə haqqı 1009,92 manat, aylıq icarə haqqı 84,16 manat müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müəyyən edilir.

6. 18.12.2024-cü il tarixində alınmış şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh 05 sentyabr 2018-ci il tarixli, 10540/7023 saylı müqavilə üzrə cəmi 11144,77 manat ödəmiş, xx.xx.2024-cü il tarixinə isə 835,72 manat borcu yaranmışdır.

7. xx.xx.2024-cü il tarixli “Dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi barədə” bildirişdən görünür ki, borc məbləğinin 7 iş günü müddətində ödənilməsi barədə borcluya xəbərdarlıq edilmişdir.

İV.Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

V. Məhkəmənin mövqeyi

a) müqavilə üzrə icarə haqqının ödənilməsi tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 134.2 kv.metr qeyri-yaşayış sahəsi icarəçiyə icarə şərtləri əsasında istifadəyə verilmiş, illik icarə haqqı 1009,92 manat, aylıq icarə haqqı 84,16 manat müəyyən olunmuşdur. İcarəçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun icarəyə verənə 835,72 manat borcu yaranmışdır.

12. Göründüyü kimi hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə obyekti cavabdehə icrayə vermək öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə icarəyə götürdüyü obyektdən istifadə müqabilində müəyyənləşdirilmiş icarə haqqını ödəmək öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı icarə haqqının ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

15. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələrivə bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.

17. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

VI. Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli müqavilə üzrə yaranmış 835,72 (səkkiz yüz otuz beş manat yetmiş iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilməlidir.

19. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli müqavilə üzrə yaranmış 835,72 (səkkiz yüz otuz beş manat yetmiş iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar