Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-322/2025 22.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh 24069 manat əsas borc, 165 manat dövlət rüsumu olmaqla ümumilikdə 24234 manat pulun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Gəncə şəhəri Əziz Əliyev küçəsi ilə Mehdi Hüseyin küçəsinin kəsişməsində sahibkarlıq obyekti var. Fəaliyyəti hər növ plastik ayna-qapı sistemlərinin yığılması, quraşdırılması və şüşə kəsilməsi ilə məşğul olmaqdır. Cavabdeh ilə onun arasında nisyə mal alqı satqısı olmuşdur. O, cavabdehə hər zaman plastik ayna-qapıya istifadə üçün nisyə şüşə satmışdır. Cavabdeh da pulunu ödəmişdir. Cavabdeh onun etibarını qazanmışdır. Ona olan borcunu ödəyəcəyini, narahat olmamağını dəfələrlə bildirmişdir. O, da illərdir cavabdehlə işlədiyi üçün heç nə deməmişdir. Cavabdehin ona yalan vəd verməkdə məqsədi ondan ibarət olmuşdur ki, ondan daha çox mal alıb daha çox pulunu ələ keçirtsin. Son haqq hesablarına əsasən cavabdehin ona 24069 manat borcu var. Həmin borcun ödənilməsini dəfələrlə şifahi qaydada tələb etsə də cavabdeh əməl etməmişdir. Bundan sonra o elektron məhkəmə sistemi vasitəsi ilə ona xx.xx.2024-cü il tarixdə yazılı pretenziya göndərmişdir. Lakin cavabdeh yenə də borcunu ödəməkdən yayınmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə əvvəllər, yəni 2018-ci ilə qədər, 7 il bundan öncə məşğul olmuşdur. Həmin vaxtlar müxtəlif adamlar ilə ticarəti olmuşdur. Onun iş ticarəti olmuş, amma heç kimə borcu qalmamışdır. Çünki həmin sex bağlananda bütün maliyyə məsələlərini həll etmişdir. Lakin 2018-ci ildən heç bir fəaliyyətlə məşğul olmamışdır. Bundan başqa borcun olmasını təsdiq edən rəsmi sənədlər olmalıdır. Elektron qaimə, üzləşmə aktı, təhvil-təslim aktı və ya həmin malların çatdırılmasını təşkil edən nəqliyyatın yol vərəqəsi və s. Belə bir sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona qarşı olan iddia tam əsassızdır. Burda iddia müddəti tətbiq edilməlidir, çünki onun heç bir borcu yoxdur və sonuncu dəfə 7 il əvvəl sahibkarlıqla məşğul olmuşdur. 7 ildən artıq vaxt ərzində heç kimin ona qarşı tələbi olmamışdır. Odur ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh pəncərə düzəldir, ondan şüşə almış, lakin pulunu ödəməmişdir. Belə ki, onların alqısatqı münasibətləri 2015-ci ildən başlamışdır, həmin vaxt cavabdeh malları ondan nağd olaraq almışdır. Cavabdehlə 2016-ci ildən 2024-cü ilə kimi işləmişdir. Aralarında olan alqı-satqı ilə bağlı 7-8 ədəd dəftər vardır. Dəftərlərdə Cavabdeh ilə deyil, hər kəslə etdiyi alqı-satqını qeyd etmişdir. Cavabdeh həmin dəftərlərdə imzası yoxdur. Cavabdehin 13000 manat borcu yığılanda ona bildirmişdir ki, 13000 manatı bir dəfəyə ödəyəcək, ona yenə mal versin. Beləliklə borc yığılıb 24000 manat olmuşdur. Nə mal verdiyini, nə pul aldığını dəftərə qeyd etmişdir. Səhvi onda olmuşdur ki, dəftərə imza çəkdirməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, 2006-cı ildə VÖEN açdırıb ayna-qapı sexində fəaliyyət göstərmişdir, 2014-cü ildə VÖEN-ni dayandırmışdır. İddiaçı tanıyır, lakin ondan heç bir mal almamışdır, ona hər hansı pul ödəməmişdir. Aralarında telefon danışıqları olmuşdur, o telefonda İddiaçı bildirmişdir ki, ona borcu yoxdur. Onun iddiaçıya borcu yoxdur, səs yazısında dediyi 170 manat borcdur, bundan başqa borcu yoxdur. Səs yazısında dediyi odur ki, onun iddiaçıya 5000-10000 manat borcu olsa ödəyər. Ancaq o qədər borcunun olduğunu nəzərdə tutmur. Onun iddiaçıya 170 manat borcu var. Telefon danışığında sırf 170 manat borcu nəzərdə tutmuşdur. İddiaçı aldıqlarını nağd olaraq ödəmişdir. 170 manatı da onu məhkəməyə verdiyinə görə ödəmir. İddia müddətini 2018-ci ildən hesablamışdır. Onunla 2018-ci ilə kimi işləmişdir. 170 manat borc həmin vaxtdan qalmışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan əl yazılarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilən malların miqdarı, məbləği, ödənilən pulun məbləği, qalıq borcun məbləği göstərilməklə cəmi 24069 manat borcun qalması qeyd edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında aparılan səs yazılarının audio diskindən görünür ki, İddiaçı Cavabdeh zəng edərək borcu istəyir. Cavabdeh da İddiaçı bildirir ki: “Mən sənin pulunu verəcəydim. Sən Abuzəri ora nəyə gətirirsən? Sən pulunu istəyirən, Abuzəri neynəyirsən? Sənin Abuzərlə gəlməyin bütün işləri problem elədi. Sən neynirsən Abuzəri gətirib? Mən demişdim Abuzərin pulunu verməyəcəm, amma sənin pulunu verəcəm. Mən Abuzərin pulunu verməyəcəm, onu da izah edəcəm sənə nəyə görə verməyəcəm. Mən sənin pulunu verəcəydim. Demişdim 10000 də verəcəm, 5000 də verəcəm. Amma sən Abuzəri gətirməklə düzgün hərəkət etmədin. Sən zəng edərdin ki, Mətləb, Abuzər sənin yanına gəlmək istəyir, mən gəlmirəm amma səninlə görüşüb söhbət etmək istəyirəm. Abuzər mənim evimi yıxıb. Evdə də deyilmişdi 5000 də veriləcəkdi, 10000 də veriləcəkdi. Evdə də deyilmişdi ki, o adam yaxşı adamdı, o adamın pulu verilməlidir. Sən təkcə gəlməliydin oturub söhbət olunmalıydı, papamla tanış olmalıydın. Münasibət yaranmalıydı ki, belədi, mən də səhv etmişəm borc vermişəm. Anlaşmazlıq yaranıb verilibdi, bu olubdu. Sən mənə desəydin mən deyərdim ki, Abuzəri gətirmə. O gün Abuzərə dedim ki, gedirsən məhkəməyə get, mən sənə pul verəsi deyiləm. Amma mən sənə dedim 5000, 4000, 3000, 10000 pulunu verəcəm. İşləyəcəm ayda 400-500 pulunu verəcəm. Sən Abuzərə deməli idin ki, mən özüm öz işimi həll edəcəm, get sən öz işini həll elə, mənim işimə qarışma mən öz işimi hansı variantla olur olsun alacam, bağışlayacam, necə edəcəmsə özüm Mətləblə söhbət edəcəm. Sən mənə deməliydin ki, fikir belədi bu adam gəlmək istəyir məndən əl çəkmir, mən də gəlmək istəmirəm. Mən özüm düşünmüşdüm ki, ayda 400-500 sənin pulunu verim. Zəng edim deyəm ki, ay Vadil dayı kartına 300 manat vurucam amma heç kim, Abuzər bilməsin. Mən ona 10 qəpik də verəsi deyiləm. Gəlim görüşək danışaq. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı münasibətləri olmuşdur. İddiaçı 2015-ci il tarixdən 2024-cü il tarixədək bu münasibətlərin davam etdiyini, cavabdehə mal verdiyini və cavabdehin malın pulunu tam ödəmədiyini və ona borcu qaldığını qeyd etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında olan alqı-satqı münasibətlərinin 2018-ci ilədək davam etdiyini, həmin müddətdən sonra fəaliyyətini dayandırdığını, heç bir mal almadığını, 2018-ci il tarixdən isə iddiaçıya 170 manat borcu qaldığını qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını, tərəflər arasında aparılan telefon danışıqları nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı borcunun olması və cavabdehin borcunu iddiaçıya ödəmək istəyində olması təsdiq olunur. Lakin iddiaçı cavabdehlə alqı-satqı münasibətlərini 2024-cü ilədək davam etdirdiyini, əl yazılarında isə xx.xx.2022-ci il tarixədək mal verdiyini qeyd etsə də 2018-ci il tarixdən sonra (cavabdehin göstərdiyi tarix) cavabdehə mal verməsini təsdiq edə bilməmişdir. Ona görə də iddia müddətinin axımı 2018-ci il tarixdən başlamışdır. Tərəflər arasında aparılan səs yazısı 2024-cü ilin may və sentyabr aylarında qeydə alınmışdır. Yəni cavabdeh iddiaçıya borcunu ödəyəcəyi ilə bağlı etirafı iddia müddəti ərzində, yəni 2018-2021ci il ərzində deyil, iddia müddəti bitdikdən sonra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddiaçı 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinin mənasına görə, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-322/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-322/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver