Məhkəmə qərarları › İş №e-2-2(115)-33/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-33/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-33/2025 27.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 168229,17 manat əsas borc, 7545,55 manat faiz və 23,33 manat cərimə borcu olmaqla, ümumilikdə 175798,05 manat məbləğində borcun və 465,8 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351,8 m2 olan qeyri-yaşayış binasının və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binasının hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Gəncə” filialından illik 29%-lə 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Gəncə” filialından illik 15,5%-ə 36 ay müddətinə 230000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən kreditin illik faiz dərəcəsi 14,5% dən 15,5%-ə qaldırılmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavə saziş 1-ə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyriyaşayış binası 10-BİZ-1-0-06-21(İ) saylı, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binası 10-BİZ-1-0-06-21(İ2) saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 6 dekabr 2023-cü il tarixədək Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 168229,17 manat əsas, 7545,55 manat faiz və 233,26 manat cərimə borcu olmaqla ümumilikdə 176007,98 manat borcu vardır. Cavabdeh1 kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 233,26 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 23,33 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə sonuncu dəfə 24 dekabr 2024-cü il tarixdə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 168229,17 manat əsas borc, 33902,09 manat faiz və 21122,08 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4811,80 manat məblığində əldən çıxmış fayda olmaqla, ümumilikdə 228065,14 manat məbləğində borcun və 465,8 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351,8 m2 olan qeyriyaşayış binasına və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə müqavilə bağlayaraq kredit götürmüşdür. İddiaçıya borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, borclarının olması ilə razıdır. Ümumilkdə 230000 manat kredit götürmüşlər. Qrafikə uyğun olaraq 4500 manat ödəniş etməli idi. İmkanı çatmadığı üçün aylıq ödənişin azaldılmasını iddiaçıdan xahiş etmişdir. Lakin razılıq əldə edə bilməmişdir. Cərimə və faiz məbləğinin çox olduğunu düşünür. Odur ki məhkəmədən faiz və cərimə borcunun azaldılmasını və qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 10-BİZ-1-0-06-21 saylı kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, ona faiz dərəcəsi 29% olmaqla, 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 10-BİZ-1-0-06-21 (K) saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, ona illik faiz dərəcəsi 14,71% olmaqla, 36 ay müddətinə 230000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 25 fevral 2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında 19 mart 2021-ci il tarixli 10-BİZ-1-0-06-21 (İ1) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit limitinin ayrılmasına dair razılaşma üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri 170000 manat, ilkin satış qiyməti 102000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 19 mart 2021-ci il tarixli 10-BİZ-1-0-06-21 (İ2) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit limitinin ayrılmasına dair razılaşma üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri 85000 manat, ilkin satış qiyməti 51000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ilk maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2023cü il tarixə banka 168229,17 manat əsas, 7545,55 manat faiz, 233,26 manat cərimə borcu olmaqla, cəmi 176007,98 manat borcu var. İş materiallarında olan sonuncu maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə banka 168229,17 manat əsas, 33902,09 manat faiz, 21122,08 manat cərimə, illik 5% failə hesablanmış 4811,80 manat faiz borcu olmaqla, cəmi 228065,14 manat borcu var. İş materiallarında olan "xxxx" MMC-nin 24 may 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binasının likvid dəyəri 140000 manat, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 76000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 600 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 25 fevral 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən, ona faiz dərəcəsi 29% olmaqla, 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh1 arasında 25 fevral 2021-ci il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona illik faiz dərəcəsi 14,71% olmaqla, 36 ay müddətinə 230000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh2 və Cavabdeh3 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binası və Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmiş və yüklülük qeydiyyata alınmışdır. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Onun iddiaçıya krеdit müqaviləsi üzrə 168229,17 manat əsas krеdit bоrcu vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçı iddia tələbində kredit müqaviləsi üzrə 7545,55 manat faiz borcunun tutulmasını tələb etmişdir. Daha sonra iddiaçı sonuncu dəfə 24 dekabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və kredit müqaviləsi üzrə faiz borcunu artıraraq cavabdehdən 33902,09 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə faiz borcunun tutulması ilə bağlı bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda kredit müqaviləsi üzrə faiz borcunun məbləği göstərilməsə də, həmin tarixə verilmiş maliyyə arayışında faiz borcunun 7545,55 manat təşkil etdiyi qeyd edilmişdir. İddia tələbində də müqavilə müddətinə hesablanmış 7545,55 manat faiz borcu cavabdehdən tələb edilmişdir. İddiaçı iradə ifadəsini həm bildirişlə, həm də iddia ərizəsi ilə cavabdehə çatdırmışdır. Həm bildirişin tərtib edildiyi tarixə maliyyə arayışında, həm də iddia tələbində faiz məbləği eyni olduğundan məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə, yəni 7545,55 manat məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, kredit rmüqaviləsi üzrə 21122,08 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 5000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu ilə bağlı bildirir ki, 4811 manat 80 qəpik faiz borcu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün əsas borca illik 5 faizlə düzgün hesablanmışdır. İddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar kredit limitinin ayrılmasına dair razılaşma üzrə alınmış kreditə zamin olduqlarından, qeyd edilən kredit məbləğlərini, həmin məbləğlərə hesablanmış faizləri və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış 25 fevral 2021-ci il tarixli kredit verilməsinə dair müqavilə üzrə 168229 manat 17 qəpik əsas krеdit bоrcu, müqavilə müddətinə hesablanmış 7545 manat 55 qəpik faiz borcu, 5000 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 4811 manat 80 qəpik faiz borcu olmaqla cəmi 185586 manat 52 qəpik borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetləri olan torpaq sahəsinə, qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binasına və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, həmin qeyri-yaşayış binaları açıq hərracdan satılmalı, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 140000 manat, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m 2 olan mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 76000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, həmin qeyri-yaşayış binalarının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli və bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 240 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 465,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu, 240 manat xidmət haqqı, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 465,80 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sonradan iddia tələbinin həcmi artırlımış, artırmaya mütənasib dövlət rüsumunun kəsiri olan 52,79 manat məbləğ ödənilməmişdir. Ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun kəsiri 9,79 manat cavabdehlərdən müştərək qaydada, habelə 43 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 600 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 10-BİZ-1-0-05-21 (K) saylı kredit verilməsinə dair müqaviləyə əsasən yaranmış 168229 manat 17 qəpik əsas krеdit bоrcu, müqavilə müddətinə hesablanmış 7545 manat 55 qəpik faiz borcu, 5000 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 4811 manat 80 qəpik faiz borcu olmaqla cəmi 185586 manat 52 qəpik borc, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 240 (iki yüz qırx) manat xidmət haqqı, ödənilmiş 465 (dörd yüz altmış beş) manat 80 (səksən) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binasına və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilsin. Həmin qeyri-yaşayış binaları açıq hərracdan satılsın. Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyriyaşayış binasının ilkin satış qiyməti 140000 (bir yüz qırx min) manat, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 76000 (yetmiş altı min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmin qeyri-yaşayış binalarının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 600 (altı yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 9 (doqquz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 43 (qırx üç) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar