Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-332/2025 28.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 14957 manat 5 qəpik, faiz borcu üzrə 2587 manat 96 qəpik, cərimə 15 manat 78 qəpik, cəmi 17561 manat 24 qəpik, 0,40 manat xidmət haqqı və ödənilmiş 142 manat 72 qəpik dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin həmin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 30 oktyabr 2024-cü il tarixə "xxxx" KB ASC-yə 14957,5 manat əsas, 2587,96 manat faiz, 15,78 manat cərimə, cəmi 17561,24 manat borcu yaranmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(058)-1343/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək izahatında bildirdi ki, borcu qəbul edir. Oğlu ilə həmin bankın işçisi İslam adlı şəxs “X1” ASC-dən 8000 manat kredit götürmüşdür. Kredit oğlunun adına götürülmüşdür. Oğlu borcun ona düşən hissəsini ödəmiş, ancaq İslam adlı şəxs aralarında olan razılaşmaya əsasən ona düşən borcu ödəməmişdir. İslam adlı şəxs öz üzərinə düşən borcu ödəyəcəyini bildirdiyindən, o da bu vədə inanaraq bankdan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 15000 manat kredit götürmüşdür və həmin pula heyvan almışlar. İslam adlı şəxs isə ona düşən 3500 manat borcu ödəmədiyindən həmin borcu da ödəməli olublar. Həmin borc onun pensiyasına yönəldilmişdir. Ona görə də hazırkı borcu ödəyə bilməmişdir və hissə-hissə ödəniş edə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X1” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2698micKPZ/23-EM nömrəli əsas kredit müqaviləsindən görünür ki, “X1” ASC tərəfindən Cavabdeh 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2698micKPZ/23 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, “X1” ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 2698micKPZ/23 nömrəli əlavə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 14957 manat 5 qəpik əsas, 2587 manat 96 qəpik faiz, 15 manat 78 qəpik cərimə, cəmi 17561 manat 24 qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçı «X1» ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14957 manat 50 qəpik əsas borc, 1424 manat 22 qəpik faiz borcu, 15 manat 78 qəpik cərimə olmaqla, cəmi 16397 manat 50 qəpik məbləğində borc və ödənilmiş 139 manat 59 qəpik dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda ifadə etmişdir. Həmin xəbərdarlıq məktubunda faiz borcunun 1424 manat 22 qəpik təşkil etməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, xəbərdarlıq məktubunda göstərilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Buna görə də, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 142 manat 72 qəpik məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, 139 manat 59 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14957 manat 50 qəpik əsas borc, 1424 manat 22 qəpik faiz borcu, 15 manat 78 qəpik cərimə olmaqla, cəmi 16397 manat 50 qəpik məbləğində borc və ödənilmiş 139 manat 59 qəpik dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-332/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-332/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver