Məhkəmə qərarları › İş №e-2-2(115)-343/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-343/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-343/2023 19.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 27 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 33691,18 manat əsas borc, 2025,28 manat faiz borcu və 436,88 manat cərimə borcu olmaqla ümumilikdə 36153,34 manat məbləğində borcun, 200 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla: Az1122 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.2 kv.m, yaşayış sahəsi 86.9 kv.m 4 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair 12-MCR-1-1817-21 nömrəli müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin Bərdə filialı tərəfindən 120 ay müddətinə, aylıq 2.50 % olmaqla 200000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla Az1122 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.2 kv.m, yaşayış sahəsi 86.9 kv.m 4 otaqlı mənzil 27 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh1 ilə 27 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən 19%-lə 24 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. 28 oktyabr 2022-ci ilədək Cavabdeh2 banka 33691,18 manat əsas borc, 2025,28 manat faiz borcu və 436,88 manat cərimə borcu olmaqla cəmi 36153,34 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 27 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 33691,18 manat əsas borc, 4479,12 manat faiz borcu və 2874,39 manat cərimə borcu olmaqla ümumilikdə 41044,69 manat məbləğində borcun, 200 manat ödənilmiş mediasiya ödənişinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla Az1122 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.2 kv.m, yaşayış sahəsi 86.9 kv.m 4 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 33191,18 manat əsas borc, 6182,28 manat faiz borcun və 5768,14 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 45141,6 manat məbləğində borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla Az1122 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.2 kv.m, yaşayış sahəsi 86.9 kv.m 4 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 33191,18 manat əsas borc, 6182,28 manat faiz borcun və 5768,14 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 45141,6 manat məbləğində borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla Az1122 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.2 kv.m, yaşayış sahəsi 86.9 kv.m 4 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iş üzrə qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC-nin Bərdə filialı arasında bağlanan 27 sentyabr 2021-ci il tarixli 12-MCR-1-1817-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, aylıq faiz dərəcəsi 2.5%, cərimə faiz dərəcəsi gündəlik 0,20% olmaqla 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC-nin Bərdə filialı arasında bağlanan 27 sentyabr 2021-ci il tarixli 12-MCR-1-1817-21/1 nömrəli kredit verilməsinə dair razılaşmadan görünür ki, ona biznes məqsədi ilə 24 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli Z/08739/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli DA/00748/21 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla Az1122 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi: 130.2 kv.m, yaşayış sahəsi: 86.9 kv.m 4 otaqlı mənzili ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən tərəflər əmlakın bazar dəyərinin 230000 manat, ilkin satış qiymətinin isə 138000 manat olması ilə bağlı razılaşmışlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla Az1122 ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla Az1122 ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli KBD 11532 saylı və xx.xx.2023-cü il tarixli KBD 776 saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh2 27 sentyabr 2021ci il tarixli 12-MCR-1-1817-21/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka 33691,18 manat əsas borcu, 2025,28 manat faiz borcu və 436,88 manat cərimə borcu olmaqla, ümumilikdə 36153,34 manat, xx.xx.2023-cü il tarixinə banka 33691,18 manat əsas borcu, 4479,12 manat faiz borcu və 2874,39 manat cərimə borcu olmaqla, ümumilikdə 41044,69 manat bоrcu və xx.xx.2023-cü il tarixinə banka 33691,18 manat əsas borcu, 6182,28 manat faiz borcu və 5768,14 manat cərimə borcu olmaqla, ümumilikdə 45141,6 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2023-cü il tarixli 9/2754 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 27 sentyabr 2021-ci il tarixli 12-MCR-1-1817-21/1 nömrəli kredit verilməsinə dair müqavilənin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 37966,52 manat məbləğində, o cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 34589,26 manat və faiz borcu üzrə 3377,26 manat müəyyən edilmişdir. Cavabdeh2 ilə İddiaçı ASC-nin Bərdə filialı arasında bağlanan 27 sentyabr 2021-ci il tarixli 12-MCR-1-1817-21/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır, göstərilən səbəbdən cərimə borcu müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 29 may 2023-cü il tarixli 02-58/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla Az1122 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.2 kv.m, yaşayış sahəsi 86.9 kv.m 4 otaqlı mənzilin bazar dəyəri 235000 manat, likvid dəyəri 180000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı ASC-nin Bərdə filialı arasında 27 sentyabr 2021-ci il tarixdə kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, kredit limitinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan mənzil ipoteka ilə yüklü edilmişdir. X4 Rövşən Əli oğlu arasında 27 sentyabr 2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh2 arasında 27 sentyabr 2021-ci il tarixdə bağlanmış kredit verilməsinə dair razılaşmaya əsasən biznes məqsədi ilə 24 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla ona 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit razılaşması üzrə iddiaçıya 33191,18 manat əsas borcu və 6182,28 manat faiz borcu vardır. İddiaçı verdiyi kredit məbləğini və ona hesablanmış faizi cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 5768 manat 14 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit limiti müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqavilələri üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, kredit razılaşması üzrə yaranmış 33191 manat 18 qəpik əsas borc, 6182 manat 28 qəpik faiz borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 39973 manat 46 qəpik məbləğində borc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla Az1122 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.2 kv.m, yaşayış sahəsi 86.9 kv.m 4 otaqlı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 180000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, həmin mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci, 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 209 manat 62 qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına, məhkəməmühasibat ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 sentyabr 2021-ci il tarixli 12-MCR-1-1817-21/1 saylı kredit verilməsinə dair razılaşma müqaviləsi üzrə 33191 manat 18 qəpik əsas borcu, 6182 manat 28 qəpik faiz borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 39873 (otuz doqquz min səkkiz yüz yetmiş üç) manat 46 (qırx altı) qəpik kredit borcu, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 87, Yeni Qaydalarla: Az1122 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.2 kv.m, yaşayış sahəsi 86.9 kv.m 4 otaqlı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Həmin mənzilin ilkin satış qiyməti 180000 (bir yüz səksən min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmin mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 209 (iki yüz doqquz) manat 62 (altmış iki) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar