Məhkəmə qərarları › İş №e-2-2(115)-344/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-344/2021

15.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-344/2021 15.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Tovuz rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh1nə qarşı hərracın keçirilməsinə dair verilmiş sifarişin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən e t d i: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək “xxxx” MMC-yə məxsus olan AZ10V-516 qeydiyyat nişanlı, CAT-336D markalı, 2012-ci il buraxılışlı ekskavatora 100000 manat, AZ10V-517 qeydiyyat nişanlı, CAT CS64 markalı, 2012-ci il buraxılışlı yolbasana 52 000 manat qiyməti ilə hərracda satılması barədə Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən “xxxx” MMCyə verilmiş X.V-175 saylı, xx.xx.2021-ci il tarixli sifarişin qanunsuz hesab edilməsi, Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, LP-005/21 və LP-006/21 saylı qiymətləndirmə rəylərinin ləğv edilməsi, AZ10V-516 qeydiyyat nişanlı, CAT-336D markalı, 2012-ci il buraxılışlı ekskavatorun və AZ10V-516 qeydiyyat nişanlı, CAT CS64 markalı, 2012-ci il buraxılışlı yolbasanın yenidən qiiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının və cavabdehlərin nümayəndələri iştirak etməmişlər. Üçüncü şəxsin nümayəndəsi X2 işin aidiyyəti üzrə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarının 17-ci bəndində göstərilir ki, MPM-nin 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımdan məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Həmin Qərarın 23-ü bəndində qeyd olunur ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Məhkəmə iddia tələbinin Tovuz rayon İcra və probasiya şöbəsinə qarşı hissəsi üzrə onu qeyd edir ki, həmin təşkilat dövlət orqanıdır. Mübahisə həmin orqanın vəzifəli şəxsinin icra sənədi üzrə aparılmış icra hərəkətləri ilə bağlıdır. İcra məmuru icraatında olan iş üzrə əmlakların qiymətlərinin müəyyən edilməsi və onların hərraca çıxarılması ilə bağlı öz vəzifə səlahiyyətlərindən irəli gələn tədbirlər görmüşdür. İcra orqanının bu cür xarakter və məzmuna malik fəaliyyətinin qanuniniliyinə qiymət verilməsi kommersiya məhkəməsinin səlahiyyətinə aid deyil. Göründüyü kimi Tovuz rayon İcra və probasiya şöbəsinin bu yönümlü fəaliyyətinin mülki hüquq münasibətləri ilə heç bir bağlılığı yoxdur. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2017-ci il tarixli qərarında göstərilir ki, yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Hazırkı mübahisəyə aid icra sənədi notariat orqanı tərəfindən verildiyindən bununla bağlı mübahisəyə icra məmurunun olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh1nə aid hissəsi üzrə onu qeyd edir ki, həm “xxxx” MMC, həm də Cavabdeh1 MMC hüquqi şəxsdir. Lakin, mübahisə onların birlikdə və ya ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmir. “xxxx” MMC ilə Cavabdeh1 MMC arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn hüquq münasibəti mövcud deyildir. Həmin əmlaklar başqa şəxsin xeyrinə yüklü edildiyindən iddiaçının həmin texnikalar üzərində əşya hüquqları da qanunauyğun qaydada məhdudlaşdırılmışdır. Cavabdeh1 MMC-nin təqdim etmiş olduğu qiymətləndirmə rəyi icra sənədinin icra edilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində icra orqanının sifarişi ilə əldə edilmiş sənəddir. İddiaçı əmlakların məhz həmin rəy ilə müəyyən olunmuş qiymətlərdən narazıdır. Həmçinin, mübahisələndirilən, eləcə də yenidən qiymətləndirmə nəticəsində verilən rəy, Cavabdeh1 MMC-nin sahibkarlıq sahəsində deyil, müəyyən peşə sahəsində göstərdiyi xidmətin nəticəsidir. Belə ki, əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ekspertin bilik və təcrübəsinin məhsuludur. Ekspert onun qarşısına qoyulmuş sualı cavablandırmışdır. Burada hər hansı sahibkarlıq fəaliyyətindən söhbət gedə bilməz. Hərçənd ki, rəyin verilməsi müqabilndə müəyyən məbləğdə xərc ödənilə bilər, lakin bu, o demək deyildir ki, hüquqi şəxs burada sahibkarlıq fəliyyətini həyata keçirmişdir. Dövlət ekspertiza müəssisəsinin də verdiyi rəylərə görə ekspertiza xərcinin tutulması qanunda nəzərdə tutulmuş bir haldır. Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə hazırkı mübahisənin vəziyyətini qərarın bu bəndində edilən izaha və göstərilmiş misala uyğun hesab edir. Həmin qərarın 25-ci maddəsində göstərilir ki, mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Məhkəmə yuxarıda qeyd olunan prossesual hüquq normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun göstərilən qərarlarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisəyə baxılması Gəncə Kommersiya Məhkəməsinin səlahiyyətinə aid olmadığından məhkəmə aidiyyəti görə ilkin tələb üzrə Tovuz rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Tovuz rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh1nə və qarşı hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsi (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar