Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-348/2021 10.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15.10.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3364.12 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 217.08 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 51.8 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3610 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyici olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir, lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 15.10.2020ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 15.10.2020-ci il tarixə yaranan 13310.75 manat borcuna görə 3610 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 15.10.2020-ci il tarixli **********2 saylı protokol tərtib edilmişdir.Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 23.10.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.Cavabdehin 15.10.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 3364.12 manat , Dövlət Sosial Müdafiə Fonduna 217.08 manat və işsizlikdən sığorta fonduna 51.8 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə göndərilərək işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 23.10.2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan məlum olur ki, əmlakların siyahıya alındığı vaxtdan 30 gün müddətində cavabdeh tərəfindən dövlət büdcəsinə olan vergi borcu tam ödənilmədiyi təqdirdə həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12 saylı Ərazi Vergilər baş İdarəsinin 14.10.2020-ci il tarixli, ********** nömrəli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh əmlakının siyahıya alınması qərara alınmış, siyahıya alınmanın həyata keçirilməsi baş dövlət vergi müfəttişi X1 həvalə olunmuşdur. 15.10.2020-ci il tarixli, **********2 nömrəli protokolun məzmunundan görünür ki, baş dövlət vergi müfəttişi X2 tərəfindən 14.10.2020-ci il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus ünvan 1 ünvanında yerləşən “Şuşa Qalası” kafesində yerləşən əmlaklar siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 15.10.2020-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksində olan və iddiaçı tərəfindən siyahıya alınmış əmlak kompleksi “Xram” firması ilə onun arasında bağlanmış 04.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsinə verilmişdir. Mübahisə predmeti olan invertarlar isə həmin şirkətə məxsusdur. İcarəyə verən ilə aralarında olan razılığa əsasən həmin ünvanda fəaliyyət göstərdiyi müddət ərzində onlardan istifadə edə bilər. Mübahisə predmeti olan əmlak üzərində mülkiyyət hüququ yoxdur. İşin hallarından göründüyü kimi, vergi ödəyicisi dövlət büdcəsinə olan vergi və sosial sığorta ödənişləri üzrə borclarının ödənilməsini təmin etmək məqsədilə ünvan 4 ünvanında yerləşən “Şuşa Qalası” kafesində yerləşən ümumi dəyəri 3610 manat olan əmlaklar siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş 04.02.2020-ci il tarixli icarə müqavilsəsinin surətindən göründüyü kimi ünvan 6 ünvanında “xxxx“ Firmasının mülkiyyətində olan qeyri-yaşayış binasının bir hissəsi Cavabdeh icarəsinə verimişdir. Göründüyü kimi vergi ödəyicisinin fəaliyyət göstərdiyi daşınmaz əmlak (kafe) icarə hüququ əsasında onun istifadəsindədir. Binanın mülkiyyətçisi “xxxx“ Firmasıdır. Belə olan halda binaya aid olan əşyaların mülkiyyətçisinin kim olması barədə sual yaranır. Lakin, vergi orqanı siyahıya almanı həyata keçirərkən işin bu halına aydınlıq gətirməmişdir. Vergi ödəyicisindən əmlakların ona məxsus olması barədə arayış almaqla kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, məxsus olma anlayışı əmlakın hər hansı bir şəxsin mülkiyyətində olmasını təsbit etmir. Məxsusluq sözünün hüquqi mənasına görə əşya həm mülkiyyət, həm də istifadə hüququ əsasında şəxsə aid ola bilər. İstifadə hüququ əsasında şəxsə məxsus olan, lakin onun deyil, başqasının mülkiyyətində olan əmlakın siyahıya alınması və hərracda satılması mülkiyyətçinin hüquqlarının kobud şəkildə pozulması deməkdir. Belə olan halda mülkiyyətçi öz əmlakından məhrum ola bilər. Bir şəxsin borcuna görə, başqa bir şəxsin əmlakının hərraca çıxarılması halı yolverilməzdir. Vergi orqanı işin hallarını yetərincə araşdırmadan, əmlakın hansı hüquq əsasında vergi ödəyicisinə məxsus olmasını yoxlamadan, əmlakın mülkiyyətçisini müəyyən etmədən siyahıya almanı həyata keçirmişdir. Belə olan vəziyyətdə onun bu fəaliyyəti qüsurlu şəkildə həyata keçirilmiş olur. Sübut etmə hüququnun prinsplərinə görə iddiaçının təqdim etdiyi hallar tam olmalıdır. Əgər iddiaçının təqdim etdiyi hallar natamamdırsa iddia tələbi elə bu səbəbdən təmin edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-348/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-348/2021
10.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver