Məhkəmə qərarları › İş №e-2-2(115)-350/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-350/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-350/2022 11.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini və iş üzrə cavabdeh olan Cavabdeh TuranBank ASC-nin Qazax şöbəsində olan AZ93TURA******************** saylı hesablaşma hesabından 5 034,00 (beş min otuz dörd) manat pulun tutularaq onun "xxxx" QSC Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh MMC-yə 31 yanvar 2022-ci il tarixli, e-2-2(115)-350/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcraçı” olaraq onunla “Sifarişçi” olaraq “Ak X2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 019/072 saylı, 01 iyul 2019-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən onlar tərəfindən “Sifarişçi” olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. Bildirmişdir ki, onlar tərəfindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasında razılaşdırılmış, görülmüş işlər haqqında Aktlarla “İcraçı”nın nümayəndəsi tərəfindən təhvil verilmiş və “Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir . Belə ki, tərəflər arasında tərtib edilmiş 30 oktyabr 2019-cu il tarixli, 31 iyul 2020-ci il tarixli Aktlara, 065 saylı, 31 iyul 2019-cu il tarixli, 087 saylı, 30 oktyabr 2019-cu il tarixli Hesabfakturalara və EAAX seriyalı, 940825 nömrəli, 01 avqust 2019-cu il tarixli, EBAB seriyalı, 871904 saylı, 30 oktyabr 2019-cu il tarixli Elektron qaimələrə əsasən 11 315,00 (on bir min üç yüz on beş) manatlıq iş görülmüş və təhvil verilmişdir. Lakin bu günə qədər dəfələrlə etdikləri müraciətlərə baxmayaraq yaranmış borc məbləğinin 4 824 (dörd min səkkiz yüz iyirmi dörd) manatı iş üzrə cavabdeh olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən heç bir əsas göstərilmədən ödənilməmişdir. Sonuncu dəfə iş üzrə cavabdeh olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə onlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq 19 avqust 2021-ci il tarixdə pretenziya qaydasında 019 saylı məktub göndərilmişdir. Daha sonra qanunvericiliyin tələblərinə uyğun olaraq onun tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və nəhayət Mediasiya Şurasına da müraciət olunmuşdur. Lakin bütün bunlara baxmayaraq iş üzrə cavabdeh olan Cavabdeh borcunu ödəməmiş, nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və borcunu ödəməkdən yayınmışdır. İş üzrə cavabdeh olan Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən onun tərəfindən vəkillə müqavilə bağlanaraq 150,00 (yüz əlli) manat ödənilmiş, eyni zamanda mediasiya sessiyasında iştirak etmədiyi üçün mediatora ödənilməli olan 60,00 (altmış) manat onun tərəfindən ödənilmişdir. İş üzrə cavabdeh olan Cavabdehndən borcludan tutulmalı olan, lakin borc tutan şəxsin hesabına keçirilməyən məbləğə görə iddialar üzrə - iddiaçılar hesabından 4 824 (dörd min səkkiz yüz iyirmi dörd) manat əsas borc + vəkilə qonarar olaraq ödənilmiş 150,00 (yüz əlli) manat + mediatora ödənilmiş 60,00 (altmış) manat (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən), cəmi: 5 034,00 (beş min otuz dörd) manat tutularaq onun hesabına ödənilməlidir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPMin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişəm ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmış, ona qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilməklə xəbərdarlıq edilmiş, borcunun ödənilməsi xahiş edilsə də, borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarına əlavə olunmuş; 01 iyul 2019-cu il tarixli, 019/072 saylı “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilənin surətindən görünür ki, “Sifarişçi” olaraq Cavabdeh MMC təmir xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı” olaraq İddiaçı razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi” nin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. 18 avqust 2021-ci il tarixli, 019 saylı pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. EBAB seriyalı, 871904 nömrəli elektron qaimənin surətindən görünür ki, 30.10.2019cu il tarixində 4824 manat dəyərində xidmət göstərilmişdir. 01.09.2021-ci il tarixli, ******* saylı vəkil orderindən görünür ki, hüquqi yardım üçün Nümayəndə 150 manat məbləğində vəkil haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, «AK X2» MMC -nin iddiaçıya 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat borclu olması təsdiqini tapır. Məhkəmə hesab edir ki, borclunun üzərinə müqavilə ilə müəyyən edilmiş borcu ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat məbləğində əsas borc, mediatora ödənilmiş 60 (altmış) manat və vəkilə ödənilmiş 50 (əlli) manat, ümumilikdə 4934 (dörd min doqquz yüz otuz dörd manat) tutularaq İddiaçı "xxxx" QSC Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar