Məhkəmə qərarları › İş №e-2-2(115)-358/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-358/2022

21.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-358/2022 21.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, İsgəndərova Fidan Mübariz qızının katibliyi ilə İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkməsinə müraciət edərək, cavabdehin 28.12.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 28.12.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 28.12.2020-ci il tarixə yaranan 127526 manat 45 qəpik borcuna görə 8000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 02.07.2021-ci il tarixli **********0 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 09.07.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 28.12.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 8000 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli e-2-2(113)-5186/2021 saylı qərardadına əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdehin 28.12.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 11000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirlərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Əmlakının siyahıya alınması haqqında” 02.07.2021-ci il tarixli **********0 saylı protokoldan və “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi barədə” 02.07.2021-ci il tarixli aktdan görünür ki, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisi olan Cavabdeh 11000 manat dəyərində əmlakı yəni, qiyməti 6000 manat olan 1 ədəd kombayn daşkəsən qurğu, qiyməti 1000 manat olan 1 ədəd özüyeriyən qaldırıcı qurğu və qiyməti 4000 manat olan 1 ədəd transformator Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi müfəttişi tərəfindən siyahıya alınmaqla borclu Cavabdeh məsul saxlancına verilmişdir. 09.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə siyahıya alınmış əmlakların satılması üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Vergi ödəyicisi olan Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin 07.10.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 127079 manat 68 qəpik borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından göründüyü kimi, vergi ödəyicisi olan Cavabdeh dövlət büdcəsinə olan 8000 manat məbləğində vergi borcu cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə ödənilməmiş 8000 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus 11000 manat məbləğində əmlakı açıq hərracda satılmalıdır. İddiaçı dövlət orqanı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 8000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 6000 manat olan 1 ədəd kombayn daşkəsən qurğu, qiyməti 1000 manat olan 1 ədəd özüyeriyən qaldırıcı qurğu və qiyməti 4000 manat olan 1 ədəd transformator açıq hərracda satılsın. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar