Məhkəmə qərarları › İş №e-2-2(115)-367/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-367/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-367/2023 01.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 6301,15 manat kredit, 593,71 manat faiz və 142,41 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7037 manat 27 qəpik məbləğində bоrcun və ödənilmiş 100 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit bоrcundan 698.85 manat ödəniş etmiş və оnun iddiaçıya 6301,15 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-cü il tarixə 113 gün üçün hesablanmış faiz borcu 593.71 manat, cərimə 142.41 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, Cavabdeh1 onun həyat yoldaşı olsa da faktiki olaraq onun harda yaşamasından məlumatı yoxdur. Cavabdeh1 kredit müqaviləsi bağlayarkən həmin kredit üzrə öhdəliklərə zamin olmaq niyyəti olmamış, bununla bağlı Cavabdeh1 onunla mübahisə etmişdir. Cavabdeh3 onun qohumudur, ondan qabaq Cavabdeh3 Cavabdeh1 götürdüyü kredit üçün zamin durduğuna görə o da zaminlik müqaviləsi bağlamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, zaminlik müqaviləsini könüllü olaraq özü bağlasa da o, əsas borcluya inanıb bu müqaviləni imzalamışdır. Onun aldığı məvacib azdır, məvacibinin də istifadə etmədiyi kredit borcuna çıxılmasını istəmir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" QSC-nin Gəncə filialı arasında bağlanmış 17 fevral 2022-ci il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 fərdi mikro kredit məqsədilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olan 7000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli 006G**********02 və 006G**********01 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 6301,15 manat əsas, 593,71 manat faiz və 142,41 manat cərimə borcu olmaqla, ümumilikdə 7037,27 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında 17 fevral 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, ona aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 24 ay müddətinə 7000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, götürdüyü kredit məbləğindən yanlız 698,85 manat ödəniş etmişdir. Onun iddiaçıya 6301 manat 15 qəpik kredit borcu, 593 manat 71 qəpik faiz borcu və 142 manat 41 qəpik cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini, kreditə hesablanmış faizi və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh3 və Cavabdeh2 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 6301 manat 15 qəpik kredit borcu, 593 manat 71 qəpik məbləğində faiz borcu, 142 manat 41 qəpik cərimə borcu olmaqla, cəmi 7037 manat 27 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90 manat 37 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2022-ci il tarixli 006A********** saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2022-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə yaranmış 6301 manat 15 qəpik kredit borcu, 593 manat 71 qəpik faiz borcu, 142 manat 41 qəpik cərimə borcu olmaqla, cəmi 7037 (yeddi min otuz yeddi) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borc və ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 90 (doxsan) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar