Məhkəmə qərarları › İş №e-2-2(115)-376/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-376/2020

17.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-376/2020 17.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı « əsassız hesablanmış borcun silinməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 16179.20 (on altı min yüz yetmiş doqquz manat, 20 qəpik) manat borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olan Samux rayonu, Sərkar kəndində yerləşən qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən təbii qazla təmin edilir. Təbii qaz verilən andan bu günədək sayğacın göstəricilərinə əsasən istehlak edilmiş təbii qaza görə ödənişi vaxtı-vaxtında ödəmişdir. Ünvanına rəsmi və qeyri-rəsmi olaraq bildirirlər ki, istehlak edilmiş təbii qaza görə 16179.20 manat borcu vardır. Borcun hansı əsasla yaranması barədə rəsmi məlumat vermələri üçün cavabdeh orqanın Gəncə regional idarəsinə müraciətlər etmişdir. Müraciətlərinə şifahi olaraq bildirmişlər ki, məhkəməyə versin. Məhkəmə baxışı zamanı borcun hansı əsasla yaranması barədə məlumat verəcəklər. Sayğacın göstəricilərinə əsasən istehlak edilmiş təbii qazın dəyərini ödəmişdir. Ona görə də, cavabdeh orqan tərəfindən əsassız hesablanmış borc məbləği debitor hesabından silinməlidir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus gön-dəri sexinə xx.xx.2018-ci il tarixdə sayğac quraşdırılmış və həmin vaxt sayğacın göstəricisi ******* olmuşdur. Həmin sayğac bu günə kimi dəyişdirilməmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qaz təsərrüfatına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilərək akt tərtib olunmuş və sayğacın göstəricisi yenə də, ******* olmuşdur. İddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış, bu zaman iddiaçının heç bir borcu olmamışdır. Buna baxmayaraq, cavabdeh təşkilatın işçiləri 2018-ci ilin sentyabr ayına iddiaçının hesabına qalıq və aktlar üzrə birdən-birə 16000 manat məbləğində borc yazmışlar. İddiaçının yay fəslində, yəni 2018-ci ilin iyul ayından sentyabr ayına kimi 16000 manat dəyərində 80003 m3 qazdan istifadə etməsi mümkün deyil. Cavabdehin nümayəndəsi 16000 manat dəyərində 80003 m3 qazdan istifadə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən və həmin borc qanunsuz yazıldığından iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, təbii qazdan istifadəyə görə iddiaçıya 16000 manat məbləğində borc hesablanmışdır. Həmin borc sayğac üzrə hesablanmamışdır. İddiaçı 80003 m3 qazdan sayğac quraşdırılmamışdan əvvəl istifadə etmişdir. Ona görə də, təbii qazdan istifadəyə görə hesablanmış borc sayğac quraşdırıldıqdan və müqavilə bağlandıqdan sonra abonentin hesabına yerləşdirilmişdir. Sözügedən borcun hansı əsasla hesablandığını izah edə bilmir və bununla bağlı məhkəməyə sübut təqdim edə bilmir. İddia ərizəsində göstərilən 16000 manatdan yuxarı məbləğ isə, yəni 179 manat 20 qəpik sayğac üzrə istifadə edilmiş qazın dəyəridir. Buna baxmayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısaqısı barədə xx xxxxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı məxsus Samux rayonu Sərkar kəndində yerləşən qeyri-yaşayış sahəsini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilədə abonentin ünvanına quraşdırılan sayğacın markası G-65, nömrəsi 75160946 qeyd edilmişdir. Qaz sayğacının quraşdırılması barədə ******* saylı aktdan görünür ki, G-65 markalı 75160946 nömrəli sayğac iddiaçının ünvanına xx.xx.2018-ci il tarixdə quraşdırılmış, sayğac quraşdırılarkən göstəricisi ******* olmuşdur. İş materiallarına əlavə olunmuş abonentin saldosunda görünür ki, 2018-ci ilin sentyabr ayına qalıq və aktlar üzrə 8000 m3 qaz sərfiyyatına görə iddiaçıya 16000 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Buqaydalar «İstehlakçılarınhüquqlarınınmüdafiəsihaqqında» AzərbaycanRespublikasıQanununavədigərqanunvericilikaktlarınaziddolmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı hesabına işlənilmiş borcun 179 manat 20 qəpik hissəsi sayğac üzrə təbii qazdan istifadəyə görə yaranmış borcdur. Borcun 16000 manat hissəsi isə sayğacın göstəricilərinə əsasən hesablanmamış və cavabdeh tərəf 8000 m3 qaz sərfiyyatına görə 16000 manat borcun hansı əsasla hesablandığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qaz paylayıcısı “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinin tələbinə uyğun olaraq, istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, qanunvericiliyin sözügedən tələbini pozaraq iddiaçıya əsassız olaraq 8000 m3 qaz sərfiyyatına görə 16000 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********00011) hesablamış 16000 manat məbləğində borc (sərfiyyat haqqı) Cavabdeh tərəfindən silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddia tələbinin qalan 179 manat 20 qəpik hissəsi qaz sayğacının göstəricilərinə əsasən qazdan istifadəyə görə yaranmış borc olmaqla, həmin borc silinə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00011) hesablamış 16000 manat məbləğində borc (sərfiyyat haqqı) Cavabdeh tərəfindən silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar