Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-376/2023 15.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və cavabdehlər Əliyev Rafiq Kamil oğlunun və Cavabdeh3 iştirakları ilə İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əliyev Rafiq Kamil oğluna, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli RPZMK-00549-06/22A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə 18724,48 manat əsas borc, 2121,87 manat faiz borcu, 202,59 manat dəbbə borcu, cəmi borc 21048,94 manat və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehlər Əliyev Rafiq Kamil oğlundan, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə cavabdeh Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00549-06/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi ilə 36 ay müddətinə, illik 23% ödəmək şərti ilə 20000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixdə Bank "xxxx" ASC ilə Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli RPZMK-00549-06/22A saylı kredit müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixli MK-00549-06/21A saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədi ilə 36 ay müddətinə, 2 ay güzəşt müddəti tətbiq edilməklə, illik 23% ödəmək şərti ilə 18724,48 manat, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh Əliyev Rafiq Kamil oğlu kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 18724.48 manat əsas borc, 2121.87 manat faiz borcu, 202.59 manat dəbbə borcu olmaqla, cəmi borcu 21048.94 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Əliyev Rafiq Kamil oğlu və Cavabdeh3 iddia tələbinin təmin edilməsinə etiraz etmədilər, borcun zaminlərdən deyil, onlardan tutulmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bank "xxxx" ASC ilə Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli RPZMK-00549-06/22A saylı kredit müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00549-06/21A saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədi ilə illik faiz dərəcəsi 23% olmaqla, 2 ay güzəşt müddəti tətbiq edilməklə 36 ay müddətinə 18724,48 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 20 may 2022-ci il tarixli RPZMKZ-00549-06/22A, RPZMKZ2- 00549-06/22A və RPZMKZ3-00549-06/22A saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli RİED 2022/336 saylı maliyyə arayışından görünür ki, Əliyev Rafiq Kamil oğlunun xx.xx.2022-ci il tarixli RPZMK-00549- 06/22A saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 18724,48 manat məbləğində krеdit bоrcu, 2121,87 manat məbləğində faiz bоrcu və 202,59 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 21048,94 manat məbləğində bоrcu olması göstərilmişdir. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli GNCF-2022/340 saylı pretenziya məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Əliyev Rafiq Kamil oğlu ilə Bank "xxxx" ASC arasında kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədi ilə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik faiz dərəcəsi 23% olmaqla, 2 ay güzəşt müddəti tətbiq edilməklə 36 ay müddətinə 18724,48 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 18724,48 manat kredit borcu, 2121,87 manat faiz borcu və 202,59 manat dəbbə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizləri və dəbbə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və dəbbə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Əliyev Rafiq Kamil oğlu kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Əliyev Rafiq Kamil oğlu zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsi üzrə yaranmış 18724 manat 48 qəpik məbləğində krеdit bоrcu, 2121 manat 87 qəpik məbləğində faiz bоrcu və 202 manat 59 qəpik məbləğində dəbbə borcu olmaqla, cəmi 21048 manat 94 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərcinin ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmişdir, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 153 manat 14 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli RPZMK-00549-06/22A saylı kredit müqaviləsi ləğv edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əliyev Rafiq Kamil oğlu arasında bağlanmış 20 may 2022-ci il tarixli RPZMK-00549-06/22A saylı kredit müqaviləsi üzrə yaranmış 18724 manat 48 qəpik əsas borc, 2121 manat 87 qəpik faiz borcu və 202 manat 59 qəpik dəbbə pulu olmaqla, cəmi 21048 (iyirmi bir min qırx səkkiz) manat 94 (doxsan dörd) qəpik borc və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci cavabdehlər Əliyev Rafiq Kamil oğlundan, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Əliyev Rafiq Kamil oğlundan, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 153 (yüz əlli üç) manat 14 (on dörd) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-376/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-376/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver