Məhkəmə qərarları › İş №e-2-2(115)-382/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-382/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-382/2022 26.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli 019 saylı Kredit müqaviləsi üzrə əsas borc 3621.60 manat, cərimə faizi üzrə 1849.52 manat olmaqla, cəmi 53987.21 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat dövlət rüsumu və xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh2 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğın Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli 019 saylı Kredit müqaviləsi üzrə əsas borc üzrə 48516.09 manat, faiz borcu üzrə 4220.27 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 269.53 manat, cərimə borcu üzrə 395.38 manat olmaqla, cəmi 53401.27 manat məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat dövlət rüsumu və xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh2 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğın Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbinin qismən qəbul etdiklərini və əmlakın hərraca çıxarılması hissəsində iddianı qəbul etmədiklərini bildirmişdilər. İddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019 saylı Təminatlı Kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 7 faiz olmaqla 36 ay müddətinə 60 000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 ilə "xxxx" ASC-nin Şəmkir filialı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən sonuncuya məxsus (xx.xx.2019-cu il tarixli, **********21-10301 reyester nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə İpoteka ilə yüklü edilmişdir və yüklülük xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi çıxarışa əsasən qeydiyyata alınmışdır. Bununla yanaşı, cavabdeh, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətdə gecikdirmiş, nəticədə Bankın kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini Borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş 20 dekabr 2021-ci il tarixli maliyyə arayışlarına əsasən, 20 dekabr 2021-ci il tarixə cavabdehin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borc 48.516.09 manat, faiz borcu 3621.60 manat, cərimə faizi üzrə 1849.52 manat olmaqla, cəmi 53987.21 manat təşkil edir. Cavabdeh kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, cavabdehlərin vəkili Vəkil məhkəməyə ərizə göndərərk işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli 019 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən -"xxxx" ASC tərəfindən borcalan Cavabdeh2 60 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh2 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 024 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 019 nömrəli kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 30 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə banka əsas borc üzrə 48516.09 manat, faiz borcu üzrə 4220.27 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 269.53 manat, cərimə borcu üzrə 395.38 manat olmaqla, cəmi 53401.27 manat məbləğində borcu vardır. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02-56/22 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 82 000 manat, likvid dəyəri isə 70 000 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, ƏQ- 211/2022 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 95 650 manat, likvid dəyəri isə 83 0.540 manat qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 noyabr 2021-ci il tarixli, 08234 nömrəli arayışının surətindən görünür ki, ilkin mediasiya zamanı 400 manat xərc çəkilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 60 000 manat məbləğində kredit verilmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 019 saylı kredit müqaviləsi üzrə 48516.09(qırx səkkiz min beş yüz on altı manat doqquz qəpik) manat əsas borc, 4220.27(dörd min iki yüz iyirmi manat iyirmi yeddi qəpik) manat faiz borcu, 269.53(iki yüz altmış doqquz manat əlli üç qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz ilə hesablanmış faiz borcu, 95.38(doxsan beş manat otuz səkkiz qəpik) manat cərimə borcu, olmaqla, cəmi 53101.27(əlli üç min yüz on bir manat iyirmi yeddi qəpik) manat borc, 400(dörd yüz) manat ödənilmiş mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 83540 manat olan Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 2 ünvanında yerləşən 179.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli 019 saylı kredit müqaviləsi üzrə 48516.09(qırx səkkiz min beş yüz on altı manat doqquz qəpik) manat əsas borc, 4220.27(dörd min iki yüz iyirmi manat iyirmi yeddi qəpik) manat faiz borcu, 269.53(iki yüz altmış doqquz manat əlli üç qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz ilə hesablanmış faiz borcu, 95.38(doxsan beş manat otuz səkkiz qəpik) manat cərimə borcu, olmaqla, cəmi 53101.27(əlli üç min yüz on bir manat iyirmi yeddi qəpik) manat borc, 400(dörd yüz) manat ödənilmiş mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 83540 manat olan Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 2 ünvanında yerləşən 179.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evi boşaldılsın. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq „Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, „Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB******************** saylı hesaba ödənilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq „Əmlakın Qiymətləndirilməsi“ MMC, Yevlax şəhəri, VÖEN **********, „Bank Respublika“ ASC Yevlax filalı, Kod: 509299, VÖEN **********, H/h AZ61BRES********************, M/h AZ80NABZ********************, SWİFT BRESAZ7722 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar