Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-384/2025 02.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26652 manat 66 qəpik əsas borc, 111 manat faiz borcu olmaqla cəmi 26763,66 manat borcun, 220 manat vəkilə ödənilmiş xidmət haqqının və 171 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh MMC arasında 15 sentyabr 2023-cü il tarixində tərəflərin əvvəlcədən müəyyən etmiş olduğu şərtləri əks etdirən 046 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetini satıcı tərəfindən material təminatı, elektrik mallarının təchizatı, quraşdırılması və işlək vəziyyətdə alıcıya təhvil verilməsi və alıcının həmin malları (xidmətləri) qəbul edərək, razılaşdırılmış xidmət haqqını satıcıya ödəməsi təşkil edir. Görülmüş işlərin miqdarı və qiyməti tərəflər arasında imzalanmış təhvil-təslim aktlarında özəksini tapmışdır. Lakin, alıcının satıcıdan aldığı mala (xidmətə) görə satıcı qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə 4131,18 manat dəyərində və xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktı ilə 22521,48 manat dəyərində satıcı tərəfindən alıcıya mal (xidmət) təhvil verilmişdir. Hazırki vaxta qədər alıcının təhvil aldığı malların dəyəri ümumilikdə 26652,66 manat təşkil edir. Həmin malların (xidmətlərin) dəyəri alıcı tərəfindən ödənilmədiyinə görə alıcının satıcıya borcu 26652,66 manatdır. Həmçinin Nərimanov rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunur ki, “Ampletuda MMC-nin direktoru X1 öz izahatında bildirmişdir ki, İddiaçı dəfələrlə müxtəlif çeşidli avadanlıqları nisyə alaraq sonradan satıb pulunu geri qaytarmışdır. Lakin sonuncu dəfə aldığı malların nisyə satışını həyata keçirmiş, onun pulunu yığa bilmədiyindən iddiaçıya olan borcunu geri qaytarmamışdır. X1 izahatı zamanı pulu ödəyəcəyinə dair vəd vermişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində “Ampletuda MMC-nə öz borc öhdəliyini yerinə yetirməsi ilə əlaqədar pretenziya məktubu göndərilmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Həmçinin iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin elektron kabinetinə yazılı pretenziya göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, borclu şəxs tərəfindən iddianın gecikdirilməsi üzrə borc məbləği 1 ay əsasında ((26652,66*5%)/12)*1 = 111,05 manat təşkil edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 046 saylı mallar və xidmətlərin alqı-satqı barədə müqavilədən görünür ki, satıcı malın təchizatı, qurlaşdırılması və işlək vəziyyətdə alıcıya təhvil verilməsini, alıcı isə həmin malları və xidmətləri qəbul edərək haqqını satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qiymətlərin razılaşdırma protokolu, hesab-faktura və malların təhvil-təslim aktından görünür ki, xx.xx.2023-cü il tarixdə 22521,48 manat dəyərində, xx.xx.2024-cü il tarxidə 4131,18 manat dəyərində, ümumilikdə 26652,66 manat dəyərində malların qiymət razılaşdırma protokolu və təhvil-təslim akları tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Material üzrə dindirilmiş X1 öz izahatında bildirmişdir ki, İddiaçı dəfələrlə müxtəlif çeşidli avadanlıqları nisyə alaraq sonradan satıb pulunu geri qaytarmışdır. Lakin sonuncu dəfə aldığı malların nisyə satışını həyata keçirmiş, onun pulunu yığa bilmədiyindən iddiaçıya olan borcunu geri qaytarmamışdır. Gələcəkdə pulu ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, satıcı malın təchizatı, qurlaşdırılması və işlək vəziyyətdə alıcıya təhvil verilməsini, alıcı isə həmin malları və xidmətləri qəbul edərək haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 26652,66 manat əsas borcu, 111 manat faiz borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borc və faiz borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 26652 manat 66 qəpik əsas borc, 111 manat faiz borcu olmaqla cəmi 26763 manat 66 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 171 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 220 manat məbləğində hüquqi yardımla bağlı vəkil xidməti haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 171 manat dövlət rüsumu və hüquqi yardım üçün göstərilmiş 220 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 26652 manat 66 qəpik əsas borc, 111 manat faiz borcu olmaqla cəmi 26763 (iyirmi altı min yeddi yüz altmış üç) manat 66 (altmış altı) qəpik borc, 220 (iki yüz iyirmi) manat vəkilə ödənilmiş xidmət haqqı, 171 (bir yüz yetmiş bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-384/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-384/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver