Məhkəmə qərarları › İş №e-2-2(115)-39/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-39/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-39/2024 28.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə, cavabdehin və onun nümayəndəsinin vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh Səbahəddin oğlundan DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385,48 manat əsas borc, 3569,35 manat faiz borcu, 1172,10 manat cərimə borcu olmaqla, cəmi 29126,93 manat məbləğində borcun, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17122,19 manat əsas borc, 2466,08 manat faiz borcu, 624,09 manat cərimə borcu olmaqla, cəmi 20212.36 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat xidmət haqqı və 39 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/2153 saylı razılaşma imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 45000 manat avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 25786 manat avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 277 gün, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 308 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı "xxxx" ASC 26 sentyabr 2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh Səbahəddin oğlundan DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385,48 manat əsas borc, 3983,91 manat faiz borcu, 1486,83 manat cərimə borcu olmaqla, cəmi 29856,22 manat məbləğində borcun, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17122,19 manat əsas borc, 2757,16 manat faiz borcu, 794,14 manat cərimə borcu olmaqla, cəmi 20673,49 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat xidmət haqqı və 42 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, oğlu Cavabdeh ərzaq mağazası işlədirdi, elə oldu ki, işi ilə əlaqədar olaraq kredit götürmək məcburiyyətində qaldı. İlk dəfə 45000 manat pul götürmüşdür. Müqavilədə 17% göstərilsə də, kredit əslində 19%-lə hesablanmışdır. 45000 manatdan 29000 manatını ilk dəfə daha sonra 10175 götürmüşdür, qalan pul isə bankda qalmışdır. Daha sonra oğlu onun xəbəri olmadan yenidən kredit götürmüşdür. Bu barədə məlumatı isə bankdan onlara məktub gələndə bilmişdir. Oğlunun dəqiq nə qədər borcunun olması ilə əlaqədar olaraq banka getmiş və 3 gün sonra banka 18324,51 manat pul ödəmişdir. Bundan sonra nə qədər borclarının olmasını bankdan yenidən öyrəndikdə 3 günə 855,41 manat fərq yarandığını görmüşdür. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin və onun nümayəndəsinin vəkili Vəkil izahat verərək bildirdi ki, cavabdeh iddiaçı ilə kredit müqaviləsi bağlaması və ondan kredit götürməsi ilə bağlı heç bir etirazları yoxdur, lakin iddiaçı edilmiş ödənişlər üzrə borcdan düzgün silinmə aparmamışdır. 25786 manatdan əlavə 25324.15 manat ödəniş edilmişdir. 25786 manat pulu cavabdehə verməyiblər, əvvəlki maliyyələşmə ərizəsi üzrə verilən 45000 manat kredit borcundan siliblər. Həmiçinin birinci müqaviləyə görə ilkin iddiada göstərilmiş əsas və faiz məbləğinə münasibətdə, ikinci müqavilədə isə ekspert rəyində göstərilmiş əsas məbləğə, ilkin iddia da isə göstərilmiş faiz məbləğinə münasibətdə iddia tələbini qəbul edirlər, cərimə məbləğlərinin isə məhkəmə tərəfindən silinməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir, iddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC/SE/2153 saylı razılaşmadan görünür ki, Cavabdeh bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuyub, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2021ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (gündəlik 0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (gündəlik 0.0889%) olmaqla, avadanlıqların alınması məqsədi ilə birdəfəlik 45000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixinədək kreditin nominal illik faiz dərəcəsi 17%, kreditin illik/gündəlik cərimə faizi dərəcəsi 15% (gündəlik 0,0416%), kreditin illik/gündəlik cərimə faizi dərəcəsi (kreditin müddəti bitdikdən sonra) 32% (gündəlik 0.0889%) olmaqla, avadanlıqların alınması məqsədi ilə birdəfəlik 25786 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385,48 manat əsas borc, 3569,35 manat faiz borcu, 1172,10 manat cərimə borcu olmaqla, cəmi 29126,93 manat borc, gecikmə gününün sayı isə 277 gün müəyyən edilmişdir. DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17122,19 manat əsas borc, 2466,08 manat faiz borcu, 624,09 manat cərimə borcu olmaqla, cəmi 20212,36 manat borc, gecikmə gününün sayı isə 308 gün müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya yaranmış borcu barədə məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2024-cü il tarixli 9/8825 saylı məhkəmə-mühasibatlıq rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları, kassa mədaxil qəbzləri, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/2153 saylı ümumi şərtlər toplusu qəbul etməsi barədə Razılaşmanın və xx.xx.2021-ci il tarixli DC0021508-03 saylı maliyyələşdirmə ərizəsi, xx.xx.2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə ərizələrin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla hər ərizə üzrə ayrı-ayrılıqda göstərilməklə sual üzrə xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) 05 oktyabr 2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 24523,48 manat, faiz borcu 4053,19 manat, 07 yanvar 2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 16966,36 manat, faiz borcu 2772,11 manat məbləğində müəyyən edilmişdir. Həmiçinin iş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. Bundan başqa Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 15 avqust 2022-ci il tarixli FJB**********463 nömrəli qəbzə əsasən ödənilmiş 9400 manat, 15 avqust 2022-ci il tarixli FJB**********552 nömrəli qəbzə əsasən ödənilmiş 1180 manat, 16 avqust 2022-ci il tarixli FJB**********623 nömrəli qəbzə əsasən ödənilmiş 7420 manat, 17 avqust 2022-ci il tarixli FJB**********238 nömrəli qəbzə əsasən ödənilmiş 325 manat, 05 sentyab 2022-ci il tarixli FJB**********445 nömrəli qəbzə əsasən ödənilmiş 3499 manat 51 qəpik, 06 oktyabr 2022-ci il tarixli FJB**********750 nömrəli qəbzə əsasən ödənilmiş 3500 manat məbləğində olan ödənişlər iddiaçı bank tərəfindən və eyni zamanda hazırki ekspertiza tədqiqatı ilə DC00251508-03 saylı və DC00251508-09 saylı maliyyələşdirmə ərizələri üzrə cavabdehin borcundan təyinatı üzrə silinmişdir. Tədqiqatın dəyəri isə 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 iyul 2020-ci il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə” OnGTC/SE/2153 saylı razılaşma bağlanmış, həmin razılaşmaya əsasən 05 oktyabr 2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 45000 manat, 07 yanvar 2022-ci il tarixli DC00251508- 09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25786 manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı maliyyələşdirmə üçün ərizələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğlərini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmişdir. Məhkəmə əsas borc məbləğlərinin tutulması ilə bağlı bildirir ki, iddiaçı iddia tələbini artıraraq cavabdehdən DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385,48 manat əsas borc, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 17122,19 manat əsas borcun tutulmasını tələb etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehin banka xx.xx.2023-cü il tarixə 24523,48 manat əsas borc, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 16966,36 manat əsas borcunun olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddia tələbinin artırılması üzrə ərizədə qeyd edilən məbləğdə əsas borc və DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə faiz borc məbləğlərinin tutulması ilə bağlı bildirir ki, iddiaçı faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini iddia ərizəsini cavabdehə göndərdiyi vaxtda, yəni 18 avqust 2023-cü il tarixdə bildirmişdir. Ona görə də sonradan iddia tələbinin həcmini artıraraq fazi məbləğləri dəyişsə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə faiz borcunun tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmiçinin məhkəmə qeyd edir ki, DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən və DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddia tələbinin artırılması üzrə ərizədə qeyd edilən məbləğlərdə cərimə məbləğlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385 manat 48 qəpik əsas borc, 3569 manat 35 qəpik faiz borcu və 1486 manat 83 qəpik cərimə borcu olmaqla, cəmi 29441,66 manat, DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16966 manat 36 qəpik əsas borc, 2466 manat 08 qəpik faiz borcu və 794 manat 14 qəpik cərimə borcu olmaqla, cəmi 20226,58 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli və ********** nömrəli qəbzlərə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 200 manat medasiya xərci və 42 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci də Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq manat 197 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 oktyabr 2021-ci il tarixli DC00251508-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24385 manat 48 qəpik əsas borc, 3569 manat 35 qəpik faiz borcu və 1486 manat 83 qəpik cərimə borcu olmaqla, cəmi 29441,66 (iyirmi doqquz min dörd yüz qırx bir manat altmış altı qəpik) manat məbləğində borc, 07 yanvar 2022-ci il tarixli DC00251508-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16966 manat 36 qəpik əsas borc, 2466 manat 08 qəpik faiz borcu və 794 manat 14 qəpik cərimə borcu olmaqla, cəmi 20226,58 (iyirmi min iki yüz iyirmi altı manat əlli səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və 42 (qırx iki) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh 197 (bir yüz doxsan yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar