Məhkəmə qərarları › İş №e-2-2(115)-391/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-391/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-391/2024 21.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Vəkil, X3 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yaranan borc məbləği olan 43978 manatın və dövlət rüsumu və mediasiya çəkilmiş xərcə görə 410 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci ildə T/SM-01 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. "xxxx" QSC xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin hüquqi varisidir. Həmin müqaviləyə əsasən, "xxxx" QSC müqavilənin 1 saylı əlavəsində göstərilmiş malları, avadanlığı və servisləri təchiz edib "xxxx" MMC-yə təhvil vermişdir. Göndərilmiş malların dəyər 39997,28 manat təşkil etmişdir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 08.2020-ci tarixli 143857 nömrəli elektron qaimə də göndərilmişdir. Həmin qaiməyə əsasən göndərilmiş mal və avadanlıqların dəyəri olan 39997,28 manat məbləğində pulun ödənilməsi "xxxx" MMC-dən xahiş edilmişdir. Lakin "xxxx" MMC hələ də öhdəliyini icra etməmişdir. Həmçinin tərəflər arasında qeyd edilən müqavilə müddətsiz bağlanmışdır. Müqavilə tərəflərin öz öhdəliklərini icra etdiyi vaxta qədər qüvvədədir. Həmin Müqavilənin 9-cu bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) müqavilədə müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan cərimə sanskiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra sifarışçi müqaviləni ləğv edə bilər. Sifarişçi müəyyən olunmuş müddət ərzində ödəmələri aparmasa, icraçı cərimə sanskiyaları tətbiq edə bilər. Tətbiq olunan gündəlik cərimə məbləği: Müqavilə qiymətinin 0,1%, tətbiq olunan cərimələrin yuxarı həddi: Müqavilə qiymətinin 10%-dir. İcra edilməyən öhdəliyin ümumi məbləği olan 39997,28 manat pula 10% cərimə də tətbiq edilməlidir. Beləliklə cavabdeh tərəfindən ödəniləcək ümumi məbləğ 43978 manat təşkil edir. İddiaçı "xxxx" QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Synergy Medıcal" MMC tərəfindən əsas borc məbləği olan 39997,28 manat və öhdəliyin icra edilməməsi ilə bağlı cərimə olaraq 3999,728 manat, cəmi 43997,008 manat pulun, dövlət rüsumu və mediasiya çəkilmiş xərcə görə 410 manat pulun alınıb "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Synergy Medıcal" MMC ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində bildirmişdir ki, iş üzrə iddiaya etiraz edirlər. Belə ki, iddia tələbi müqavilələrdən irəli gələn öhdəliklərdən ibarətdir, yəni həmin müqavilənin şərtlərinə görə sifarişçi olan cavabdeh ödənişi əvvəlcədən ödədikdən sonra icraçı olan iddiaçı hər hansı malı təhvil verməyi öz öhdəsinə götürür. Müqavilənin şərtləri belədir. Həmçinin məhsulların cavabdeh təşkilatın anbarına təhvil verilməsi barədə hər hansı təhvil-təslim aktı yoxdur. Bundan başqa Mülki Məcəllənin tələblərinə görə iddia müddəti tətbiq edilməlidir. Belə ki, müqavilədən gələn mübahisələr üzrə iddia müddəti 3 ildir. Belə olan halda müqavilə tərəflər arasında 2017-ci ildə bağlanmış və burda 3 illik prosessual müddət ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Vəkil izahatında göstərdi ki, tərəflər arasında 2017-ci ildə müqavilə bağlanmışdır, həmin müqavilə müddətsiz olaraq bağlanmışdır, hələ də qüvvədədir. Müqavilə avadanlıqların verilməsi ilə əlaqədar olmuşdur. Mallar 2020-ci ildə təhvil verilmişdir. Malların verilməsi ilə bağlı elektron qaimə örütülmüşdür. O cümlədən qarşı tərəf elektron qaimələrin qəbulundan imtina etməmişdir. Bir saylı əlavə isə elektron qaimədə əks olunan malların siyahısıdır. Cavabdehə başqa mallar da verilmişdir, lakin onlar məhkəmədə dəyəri ödənilməyən mallarla əlaqədar mübahisə qaldırmışlar. Qaimələr onların qarşılıqlı fəaliyyət göstərdiklərini təsdiq edir. Cavabdeh tərəf təhvil-təslim aktının olmadığını bildirsə də, məhkəməyə təqdim etdikləri həmin qaimələrin qəbulu cavabdeh tərəfindən imtina edilməmişdir. Cavabdehin rəhbərliyi bir neçə dəfə dəyişmiş və hər rəhbərlik fərqli mövqedə olmuşdur. 2020-ci ildə qarşı tərəfə qaimə ötürülməyinə baxmayaraq qarşı tərəf ödəniş etməmişdir. Ötürülən qaimə əsasında onların şirkətinə vergi hesablanmışdır. Qarşı tərəfə borcun ödənilməsi üçün vaxt verilmişdir. Mediasiya prosesində də borcun ödənilməsi xahiş edilmişdir. İddia müddəti müqavilənin icra müddəti başa çatdığı andan hesablanır, lakin müqavilə xidmət müqaviləsidir, müqavilədə müddət nəzərdə tutulmamışdır, onların münasibətləri 2017-ci ildən davam etmişdir. Müqavilə müddəti bitmədiyinə görə iddia müddətinin keçməmişdir. Həmçinin ödəniş edilməməsi nəticəsində onlara zərər vurulmuşdur, zərərlə bağlı iddia müddəti nəzərdə tutulmamışdır, ümumi iddia müddəti də 10 ildir. Odur ki, tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının "xxxx" QSC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, onlar cavabdehlə 2017-ci ildən əməkdaşlıq etmişlər. Malları göndərib, qaimələri ötürüb, ödənişi almışlar. Müqaviləni də hər il yeniləməmişlər, çünki aralarında anlaşılmazlıq olmamışdır. Soncu dəfə təxmini 40000 manat dəyərində mal göndərmişlər, lakin ödəniş ala bilməmişlər. Cavabdehin rəhbərliyi dəyişmiş, onlara ödəniş ediləcəyini və əməkdaşlığın davam etdiriləcəyi bildirilməsinə baxmayaraq onlar ödəniş əldə edə bilməmişlər. Borcun ödənilməsi ilə bağlı hər dəfə müxtəlif şəxslərlə danışmışlar. Sonradan cavbadehin maliyyə direktoru dəyişmiş, lakin o borcun hələ də qaldığını onlara bildirmişdir. Borcun qrafikə salınmasını, hissə-hissə ödəniş edilməsini təklif etmiş, lakin hər hansı razılaşma əldə edə bilməmişdir. Sadəcə hər ay borcun olmasını telefonda təsdiq etmişlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, onların şirkətdə təsisçilər dəyişmişdir. Əvvəl şirkətin baş ofisi Bakı şəhərində olmuşdur. Həmin vaxt onların indiki rəhbərliyi olmamışdır. Müqavilədə qeyd edilmişdir ki, 100% məbləğ qabaqcadan ödənilməlidir, daha sonra mallar təhvil verilməlidir. Malların təhvil verilməsi barədə təhvil-təslim onlarda yoxdur. Onlardan qabaqkı şirkət tərəfindən pul qarşı tərəfə əvvəlcədən ödənilməlidir ki, onlar da avadanlıqları versinlər. Əvvəlki şirkətin fəaliyyət göstərdiyi bank bağlanmışdır. Həmin mallar hazırda onların anbarında yoxdur. Məhkəməyə təqdim edilmiş üzləşmə aktı onların tərəfindən imzalanmamışdır. Elektron qaimələrə imtina verilməməsinin səbəbini maliyyə şöbəsindən dəqiqləşdirə bilər. Həmçinin iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir, çünki müqavilə birdəfəlik olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2017-2019-cu illərdə iddiaçı şirkətdə mühasib işləmişdir. Cavabdehlə müqavilə bağlandıqdan 2-3 ay sonra o şirkətdə işə başlamışdır. 2020-ci ildə iddiaçı şirkətdən işdən çıxmışdır. İddiaçı şirkətin hazırda heç bir fəaliyyəti yoxdur. İddiaçı şirkət cavabdehə lisenziya tələb edilməyən tibbi ləvazimatlar satmışdır. Avqust ayında verilən qaiməni o özü yazmışdır, 39999 manatlıq qaimə olmuşdur. Mallar cavabdehin anbardarı Pünhan Namazova təhvil verilmişdir. Lakin o özü sırf mühasib Xəlil Haqverdiyevlə əlaqə saxlamış, qaiməni ona ötürmüşdür. Cavabdehlə 2017-ci ildən 2020-ci ilin avqust ayına kimi fəaliyyət göstərmişlər. Təxminən həftədə 3-4 qaimə göndərmişlər. Malları onlardan şifahi qaydada sifariş vermişlər. Ödənişlə əlaqədar əvvəllər mübahisə olmamışdır. Hazırki iş üzrə mübahisə isə cavabdehin rəhbərliyi dəyişən vaxtdan olmuşdur. Aralarında təhvil-təslim akltarı olmamışdır, ancaq hesab-faktura tərtib olunmuşdur. O da bir nüsxə olmuşdur. ƏDV və mənfəət vergisi kimi vergi öhdəlikləri hesablanmışdır. Müqaviləyə hər hansı saylı əlavələr tərtib edilməmiş və imzalanmamışdır. Alqı-satqıların məbləğləri hər dəfə dəyişmiş, standart olmamışdır, ona görə hamısı yadında qalmamışdır. 39999 manatlıq alqı-satqı ona görə yadında qalmışdır ki, bununla bağlı cavabdehə dəfələrlə üzləşmə aktı göndərmişlər. Həmin dövrdə tibbi ləvazimatları ancaq cavabdeh şirkətə satmışlar. Ötürülən qaimələrin hamısı sistemdə mövcuddur. Ödənişləri də elektron sistemdən əldə etmək olar. Mallar hər hansı yol maşınına verilmiş, o da gətirib cavabdehə təhvil vermişdir. Hesab-fakturanı o özü aparıb vermişdir. Sənədin əsli cavabdehdə qalmışdır, lakin surətləri onlarda mövcuddur, lakin qarşı tərəfin həmin hesab-fakturada imzası və möhürü yoxdur. Vergi onlara satılan mallara əsasən ödəməli oduqları məbləği hesablayır, bu zaman elektron qaimələr əsas götürülür, hesab-fakturalar onlardan tələb olunmur. 2018-ci ildən sonra qaimələr elektron qaydada təqdim olunur. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 15 iyul 2017-ci il tarixli T/SM-01 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, sifarişçi bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş malların, avadanlığın və servislərin təchiz edilməsinə dair icraçının təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında sifarişçiyə satılan malların təchiz edilməsi və servislərin sifarişçiyə çatdırılması, sifarişçi malların, işlərin və ya xidmətlərin icarçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 143857 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 39997,28 manat məbləğində malların qaiməsini ötürülmüşdür. İş materiallarında olan "xxxx" QSC-nin nizamnaməsindən görünür ki, bu nizamnamə xx.xx.2017-ci il tarixdə (VÖEN **********) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" QAS-nin adının dəyişdirilməsi ilə əlaqədar 3-cü nizamnaməsidir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə xx.xx.2018-ci il tarixli 072847 saylı qaimə üzrə 1062 manat, xx.xx.2018-ci il tarixli 072946 saylı qaimə üzrə 4035,84 manat, xx.xx.2018-ci il tarixli 071575 saylı qaimə üzrə 2105,19 manat, xx.xx.2018-ci il tarixli 781058 saylı qaimə üzrə 15193,28 manat, xx.xx.2018ci il tarixli 745212 saylı qaimə üzrə 9092,61 manat, xx.xx.2018-ci il tarixli 185034 saylı qaimə üzrə 13066,97 manat məbləğində mallara dair qaimə ötürülmüşdür. İş materiallarında olan pretenziya məktubundan və məktubun elekton göndərilməsi barədə çıxarışdan görünür ki, cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, "xxxx" MMC (indiki "xxxx" QSC) ilə "xxxx" MMC arasında 15 iyul 2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən İcraçı 1 saylı əlavədə göstərilmiş malların, avadanlığın və servislərin təchiz edilməsinə dair Sifarişçinin təklifini qəbul etməklə Sifarişçini mallarla təchiz etmək, servislər çatdırmaq, Sifarişçi isə mallar, işləri və ya xidmətləri İcarçıdan qəbul etməklə dəyərini ödəmək öhdəliyi götürmüşdür. Tərəflər arasındakı bağlanmış müqaviləyə əsasən 15 iyul 2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək alqı-satqı münasibətləri olmuşdur. İcraçı Sifarişçiyə müxtəlif adda mallar göndərilməsi ilə bağlı elektron qaimələr göndərmiş, Sifarişçi tərəfindən İcraçının bank hesabına müəyyən məbləğlər köçürülmüşdür. Tərəflər arasında axırıncı elektron qaimə xx.xx.2020-ci il tarixə 39997,28 manat dəyərində mallara görə ötürülmüşdür. Məhkəmə bildirir ki, qaimədə qeyd edilən malların təhvil verilməsi ilə bağlı ayrıca təhviltəslim aktı imzalanmasa da göndərilən həmin elektron qaimə Sifarişçi tərəfindən təsdiq edilmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi digər elektron qaimələrdən, bank hesablarından çıxarışdan və şahid ifadəsindən görünür ki, tərəflər arasında müqavilə üzrə malların təhvil verilməsi və dəyərinin ödənilməsi yalnız elektron qaimələrlə həyata keçirilmişdir. Ona görə də iddiaçı xx.xx.2020-ci il tarixli qaimə üzrə borcunu tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. İş materiallarından göründüyü kimi tərəflər arasında müqavilə 15 iyul 2017-ci il tarixdə bağlanmış, mübahisələndirilən borc məbləğinə dair elektron qaimə isə cavabdehə xx.xx.2020-ci il tarixdə göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə ödəmələr Azərbaycan manatı ilə aparılır və 100% təşkil edən məbləğ qabaqcadan ödənilməlidir. Müqavilə şərtlərinə əsasən İcraçı malların dəyəri tam ödənildikdən sonra malları verməli idi, lakin hazırkı halda elektron qaimə ötürüldükdən sonra malların dəyəri ödənilmədiyi üçün iddia müddətinin axımı elektron qaimənin tarixdən başlamışdır. Həmin qaimənin Sifarişçi tərəfindən icra edilməsi müddəti xx.xx.2020-ci il tarixidir. Çünki ödəmə olmadığına görə İcraçı öz hüququnun pozulduğunu bilirdi və həmin tarixdən 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Halbuki iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdən sonra İcraçı tərəfindən Sifarişçiyə mal verilməsi, qaimə göndərilməsi və yaxud Sifarişçi tərəfindən hər hansı ödəniş edilməsi müəyyən edilmir. Müqavilədə isə müqavilənin bitmə müddətinin göstərilməməsi iddia müddətinin keçməməsi anlamına gəlmir. Çünki qanununvericilik iddia müddətinin axımının icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə icra müddəti bitdikdə başlanmasını ehtiva etmişdir, müqavilənin bitmə müddətini deyil. 143857 nömrəli elektron qaimə üzrə ödəmələrlə bağlı icra müddəti xx.xx.2020-ci il tarix olmuşdur. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiyaya dair xərc iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar