Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-396/2021 04.10.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı “Bank VTB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi, yaşayış evindən məcburi çıxarılma tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “Bank VTB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 279261-1-36571 saylı “Kredit xətti müqaviləsi” üzrə 28.01.2021-ci il tarixə Banka borclu olduğu 43.407,27 (qırx üç min dörd yüz yeddi manat 27 qəpik) AZN məbləğində əsas borc, 6.373,34 (altı min üç yüz yetmiş üç manat 34 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 49.780,61 (qırx doqquz min yeddi yüz səksən manat 61 qəpik) AZN məbləğində pulun, həmçinin,30,40 (otuz manat 40 qəpik) AZN məbləğində məhkəmə üçün və 30 (otuz) AZN ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 60,40 (altmış manat qırx qəpik) AZN məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 140.000 (bir yüz qırx min) manat məbləğində müəyyən etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən yerləşən, ümumi sahəsi 311.90 kv.m olan 20 F nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü – Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20.12.2019-cu il tarixli, 279261-1-36571 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 18 faiz ödəmək şərtilə 45 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 311,90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada icrasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 20.12.2019-cu il tarixli, 279261-36571 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh2 oğlu 45 000 manat məbləğində illik 18 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh2 oğlu isə 31 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 20.12.2019-cu il tarixli, 279261-NEDVİJ-5052 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi X1 xüsusi mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 311,90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. 20.12.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi fiziki şəxs Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. 11.12.2020-ci il tarixli, 5742P nömrəli bildiriş məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində isə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 133 000 manat, likvid dəyəri isə 120 000 manat kimi qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli, 279261-36571 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 oğluna 45 000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması hissəsi ilə bağlı onu qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan əlavə məhkəmə onu qeyd edir ki, tələbin məzmunundan göründüyü kimi ev hərracda satıldıqdan sonra cavabdeh şəxslərin evdən könüllü şəkildə çıxmadığı halda evdən məcburi çıxarılması tələb olunur. Bu məsələ evin hərracdan satılmasından sonra baş verə biləcək və ya bilməyəcək bir haldır. Məhkəmə qətnaməsində gələcəkdə baş verə biləcək pozuntuya deyil, mövcud pozuntuya qiymət verilir. Evin boşaldılması ilə bağlı iddiaçının hüquqlarının pozulması halı baş vermədiyindən iddia tələbi həmin hissə üzrə əsassız sayılır. Ən başlıcası budur ki, cavabdehlər boşaldılmasını həmin əmlakın hərracda satılmasından sonra bir ay ərzində öhdəlik olaraq üzərlərinə götürmüş olsalar da belə, həmin zaman hələ yetişməyibdir. Həmin müddətin axımı evin hərracda satılmasından sonra başlanır. Belə də olar bilər ki, cavabdehlər öhdəliklərinə əməl edərək yaşayış evini hərracda satılmasından sonra bir ay ərzində tərk edərlər. Yaxud hərracda ev üçüncü şəxs tərəfindən alına bilər. Belə olduğu halda evin iddiaçıya deyil, onu hərracdan alan şəxsə verilməsindən söhbət gedə bilər. Odur ki, tələbin həmin hissəsi də əsaslı sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 43 407,27 (qırx üç min dörd yüz yeddi manat iyirmi yeddi qəpik) manat, faiz borcu üzrə 6373,34 (altı min üç yüz yetmiş üç manat otuz dörd qəpik) manat, ümumilikdə 49 780,61 (qırx doqquz min yeddi yüz səksən manat altmış bir qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum tutularaq iddiaçı „Bank VTB(Azərbaycan)“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan likvid dəyəri 120 000 manat olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evinə tutma yönəldilməli, həmin ev açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 43 407,27 (qırx üç min dörd yüz yeddi manat iyirmi yeddi qəpik) manat, faiz borcu üzrə 6373,34 (altı min üç yüz yetmiş üç manat otuz dörd qəpik) manat, ümumilikdə 49 780,61 (qırx doqquz min yeddi yüz səksən manat altmış bir qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum tutularaq iddiaçı„ Bank VTB(Azərbaycan)“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə, Cavabdeh2 məxsus olan likvid dəyəri 120 000 manat olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq „Uniprice“ MMC, VÖEN **********, AZ15GUNA********************,“GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev