Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-40/2023 19.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, Cavabdeh2 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 11419 manat 98 qəpik əsas borc və 2315 manat 24 qəpik faiz borcu olmaqla, cəmi 13735 manat 22 qəpik borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat 68 qəpik dövlət rüsumu və 30 manat 77 qəpik xidmət haqqı olmaqla, 46 manat 45 qəpik xərcin, mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 200 manat rüsumun tutularaq iddiaçıya ödənilməsi, tutmanın tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Göygöl rayonu, Balçılı kəndində 0.128 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 245.8 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması və əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC Gəncə filialı ilə Cavabdeh2 arasında 23 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 illik 22% dərəcəsi ilə 24 ay müddətinə 20000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh3 arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh3 tam mülkiyyətində оlаn Göygöl rayonu Balçılı kəndində 0.128 ha torpaq sahəsi və onun üzərində yerləşən 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcalan bundan heç bir nəticə çıxarmamış və kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 kredit müqaviləsi üzrə 11419 manat 98 qəpik əsas borc və 3383 manat 03 qəpik faiz borcu olmaqla, cəmi 14803 manat 01 qəpik borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat 68 qəpik dövlət rüsumu və 30 manat 77 qəpik xidmət haqqı olmaqla, 46 manat 45 qəpik xərcin, mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 200 manat rüsumun, AB Consulting MMCə ödənilmiş 300 manat məbləğində ekspertiza xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Göygöl rayonu, Balçılı kəndində 0.128 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 245.8 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması və əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 11419 manat 98 qəpik əsas borc və 2315 manat 24 qəpik faiz borcu olmaqla, cəmi 13735 manat 22 qəpik borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat 68 qəpik dövlət rüsumu və 30 manat 77 qəpik xidmət haqqı olmaqla, 46 manat 45 qəpik xərcin, mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 200 manat rüsumun, AB Consulting MMC-ə ödənilmiş 300 manat məbləğində ekspertiza xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Göygöl rayonu, Balçılı kəndində 0.128 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 245.8 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması və əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi və iddia ərizəsində göstərilən məbləğin cavabdehdən tutulması, habelə 300 manat ekspertiza xərcinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Bundan başqa bildirdi ki, cavabdehlərə 3 ay və 2 ay olmaqla 2 dəfə güzəşt tətbiq edilmiş, həmin müddətlərdə faiz hesablanmamışdır, lakin yenə də borc ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirdi ki, Cavabdeh2 onun oğludur. Oğlu ilə bank arasında kredit müqaviləsi bağlanmışdır. Kredit götürdükdən sonra həmin kreditin müəyyən hissəsini ödəmişlər, lakin sonradan ödəniş edə bilməmişlər. Belə ki, kredit götürərək inqubator işlətmişlər, istehsal etdikləri məhsulları nisyə vermiş, borclu şəxslərdən borcu ala bilmədiklərindən krediti ödəyə bilməmişlər. O cümlədən pandemiya ilə əlaqədar olaraq işləyə bilməmişlər. Yeni müqavilə bağlamaq üçün banka müraciət etsələr də, bank onların təklifi ilə razılaşmamışdır. Əsas borc məbləği ilə razıdır, lakin faiz borcunun silinməsini xahiş edir. Həmçinin 300 manat ekspertiza xərcinin onlardan tutulmasına etiraz edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanan 23 sentyabr 2019cu il tarixli 800842-768040/1 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla 20000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan 23 sentyabr 2019-cu il tarixli 800842-768040/1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətindəki Göygöl rayonu Balçılı kəndində yerləşən 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi 0.128 ha torpaq sahəsi ilə birgə banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin satış (likvid) qiyməti 44000 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Balçılı kəndində yerləşən 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və 0.128 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Balçılı kəndində yerləşən 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və 0.128 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 800/800/0809/2021 saylı bildirişin surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 800842-768040/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka 11419,98 manat əsas, 2315,24 manat faiz bоrcu olmaqla, ümumilikdə 13735,22 manat bоrcu vardır. İş materiallarında “AB Consulting” xx.xx.2022-ci il tarixli 280/E13/22 saylı rəyindən görünür ki, Cavabdeh3 məxsus Göygöl rayonu Balçılı kəndində yerləşən 0.128 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı bazar (likvid dəyəri) 55000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında 23 sentyabr 2019-cu il tarixdə bağlanan kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla 20000 manat məbləğində krеdit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh3 mülkiyyətindəki Göygöl rayonu Balçılı kəndində yerləşən 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi 0.128 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya 11419,98 manat əsas, 2315,24 manat faiz borcu vardır. İddiaçı verdiyi kredit məbləğini və ona hesablanmış faziləri cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh3 məxsus Göygöl rayonu, Balçılı kəndində 0.128 ha torpaq sahəsi ilə birgə 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməli, əmlaklar açıq hərracdan satılmalı, torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalı, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 və iddiaçının nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etdikləri, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ilkin mediasiya sessiyasında iştirak etmədikləri və iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 131 manat 20 qəpik dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərcinin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı qəbz təqdim edilmişdir. Ona görə də 300 manat ekspertiza xərci Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli 800842-768040/1 nömrəli kredit müqaviləsi üzrə 11419 manat 98 qəpik əsas borc və 2315 manat 24 qəpik faiz borcu olmaqla, cəmi 13735 manat 22 qəpik kredit borcu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat 68 qəpik dövlət rüsumu və 30 manat 77 qəpik xidmət haqqı, ödənilmiş 200 manat mediasiya xərci və iş üzrə əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 300 manat pul Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 tam mülkiyyətində olan Göygöl rayonu, Balçılı kəndində 0.128 ha torpaq sahəsi ilə birgə 245.8 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evi açıq hərracdan satılsın. Torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 (əlli beş min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh2 131 manat 20 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-40/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-40/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver