Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-401/2025 14.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, dəbbə pulu) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 14975,78 AZN əsas, 2867,74 AZN faiz, 44,15 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 17887,67 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 143,67 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2023-cü il tarixli sms bildiriş üzrə borcluya xx.xx.2026-cı il müddətinə illik 25% ödəmək şərtilə 15000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit xətti Müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 sentyabr 2024-cü tarixinə "xxxx" KB ASC-yə 14975,78 AZN əsas,2867,74 AZN faiz, 44,15 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 17887,67 AZN borcu yaranmışdır.
II. Tərəflərin mövqeyi
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əsas kredit müqaviləsindəki imza ona məxsus olsa da, kreditin götürülməsi üçün istifadə edilən nömrə ona məxsus deyil. Onun hesabına heç bir pul vəsaiti köçməyib. O, əvvəllər də kredit götürmüş və vaxtında ödənişlərini etmişdir. İndiyə kimi heç bir gecikməsi də olmamışdır. Sonuncu götürülən kreditdən ümumiyyətlə xəbəri olmayıb. Hazırda faktla bağlı müvafiq araşdırma aparılır və onun izahatı da alınıb. İş Gəncə şəhər prokurorluğundadır və zərərçəkmiş şəxs kimi tanınmışdır.
II. Sübutların tədqiqi
7. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1454micKPZ/23-EM №-li əsas kredit müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti ayrılmışdır.
8. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvalanmış təklifə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli 1454micKPZ23/3 №-li müqavilə üzrə 36 ay müddətinə illik 25% ödəmək şərtilə 15000 AZN məbləğində kredit verilmiş və müqavilə üzrə aylıq ödəniləcək məbləğ 732 AZN təşkil etmişdir.
9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 14975,78 manat əsas, 2867,74 manat faiz borcu, 44,15 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 17887,67 manat borcu vardır.
10. xx.xx.2024-cü il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh banka olan borcun (14975,78 manat əsas, 1421,80 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 16397,58 manat) 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
11. Gəncə şəhər prokurorluğunun müstəntiqi İlkin Şıxməmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “zərər çəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Cavabdeh ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır.
III. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
IV. Məhkəmənin mövqeyi
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
17. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh 22 aprel 2024-cü il tarixdə göndərilmişdir.
18. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının 22 aprel 2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 10 sentyabr 2024-cü il tarixə olan borc məbləğini tələb edir.
19. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. Məhkəməyə təqdim edilən Cavabdeh məxsus AZ84UBAZ**********1040AZN001 nömrəli bank hesabından xx.xx.2023-xx.xx.2025-ci il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş, lakin xx.xx.2024-cü il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) ödəniş olmamışdır.
21. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 14975,78 manat əsas, 2867,74 manat faiz borcu, 44,15 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 17887,67 manat borcu vardır.
22. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, edilən ödənişlər müqavilənin şərtlərinə və ödəniş qrafikində razılaşdırılmış qaydaya uyğun silinmişdir.
23. İddiaçı kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2024-cü il tarixli bildirşdə ifadə etmiş və faiz borcunun 1421,80 manat təşkil etməsi qeyd edilmişdir. Tərəflər arasında olan müqavilə həmin tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz xx.xx.2024-cü il tarixədək hesablanmış faiz ödənişlərini tələb edə bilər.
24. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tutulmalı əsas borc 14975,78 manat, faiz borcu isə 1421,80 manat müəyyən edilməlidir.
25. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 1454micKPZ/23 №-li kredit müqaviləsi üzrə 14975,78 manat əsas borc və 1421,80 manat məbləğində faiz bоrcu cavabdеh Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
26. Cavabdeh məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək sonuncu götürülən kreditdən xəbəri olmadığını, şikayəti ilə bağlı Gəncə şəhər prokurorluğunda iş açıldığını və zərərçəkmiş şəxs kimi tanındığını bildirmiş və məhkəməyə təqdim etdiyi Gəncə şəhər prokurorluğunun müstəntiqi İlkin Şıxməmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “zərər çəkmiş şəxs qismində tanınma haqqında” qərara əsasən də Cavabdeh ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır.
27. Məhkəmə qeyd olunan faktla bağlı bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən Cavabdeh cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ vardır.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
28. İddia ərizəsində iddiaçı 44,15 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
29. Məhkəmə hesab edir ki, 44,15 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 44,15 manat məbləğində pul (əsas borcun 0,29 % həddində) Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı eləcə də 0,40 manat xidmət haqqı və 143,67 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 0,40 manat xidmət haqqı banka və 143,67 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,32 manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 4,35 manat hissəsi isə iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı “X1” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1454micKPZ23/3 №-li müqavilə üzrə 14975,78 manat əsas borc, 1421,80 manat faiz borcu, 44,15 manat cərimə borcu olmaqla, ümumilikdə 16441,73 manat pul cavabdеh Cavabdeh tutularaq iddiaçı “X1” ASCyə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
36. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 1454micKPZ23/3 №-li müqavilə üzrə 14975,78 manat əsas borc, 1421,80 manat faiz borcu, 44,15 manat cərimə borcu olmaqla, ümumilikdə 16441,73 (on altı min dörd yüz qırx bir manat yetmiş üç qəpik) manat pul cavabdеh Cavabdeh tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,32 (bir yüz otuz doqquz manat otuz iki qəpik) manat pul Cavabdeh tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 4,35 (dörd manat otuz beş qəpik) manat hissəsi iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli