Məhkəmə qərarları › İş №e-2-2(115)-41/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-41/2024

08.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-41/2024 08.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı məxsus Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində yerləşən istilikxanaya abonnent kodu **********00010 olan sayğac üzrə abonent saldosuna daxil edilmiş 19716 manat 40 qəpik edilmiş borcun abonent hesabından (saldo) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh təşkilatla bağladığı 298910-17 saylı xx.xx.2017-ci il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən istixanası X7 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Onun tərəfindən müvafiq olaraq müqavilə şərtlərinə uyğun öhdəliklər həmişə icra edilmişdir. Cavabdeh ona 19716 manat 40 qəpik dəyərində akt əsasında qanunsuz borc hesablamış və abonent saldosuna daxil etmişdir. Bununla bağlı həmin borcun hesablanmasına dair müvafiq aktın tələb edilməsi və ona təqdim edilməsinə baxmayaraq, ona yalnız abonent saldosu təqdim edilmiş və həmin akt verilməmişdir. Həmin idarədə şifahi olaraq bildirilmişdir ki, müvafiq sayğaca baxış zamanı orada müvafiq olaraq nöqsan aşkar edilmiş, buna görə itmiş qazın bərpası kimi həmin məbləğ hesablanaraq abonent saldosuna daxil edildiyini demişlər. Ona görə də, hazırda həmin borcun silinməsi tələbi ilə məhkəməyə müraciət edir. Həmin sayğac Cavabdeh İB-nin nəzarətində olan ərazidə yerləşməklə onların nəzarətindədir və həmin sayğaca onun müdaxilə etmək imkanı yoxdur. Qanunun tələblərinə əsasən istehlakçıya verilən qazın dəyərini hər ay sayğacın göstəricisinə əsasən hesablamaq və bu barədə istehlakçıya məlumat təqdim etmək qaz paylayıcısının öhdəliyinə aid edilmişdir. Aylıq hesabatda əks olunmamış və ya düzgün hesablanmamış borcun sonradan hesablanaraq tələb edilməsinə qanunla yol verilmir. Hazırkı iş üzrə cavabdeh təşkilat tərəfindən akt şəkilində iddiaçıya hesablanmış 19716 manat 40 qəpik dəyərində borc hesablanarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1., 3.2, 31.2, 31.2.3 qanunvericiliyin tələblərinə əməl olunmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində müvafiq sayğacın vəziyyətinə riayət olunma vəziyyətinə dair aparılacaq yoxlama Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeyd alınmadan aparılmışdır. Ona görə də, bu yoxlamanın hüquqi qüvvəsi, nəticəsi yoxdur. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən müvafiq olaraq müqavilə şərtlərinə uyğun öhdəliklər həmişə icra edilmişdir. Sayğaca yoxlanışın keçirilməsi barədə iddiaçıya məlumat verilməyibdir. İddiaçının hal-hazırda qazın istifadəsi ilə əlaqədar heç bir borcu yoxdur, İddiaçı cavabdeh X2 tərəfindən akt əsasında hesablanmış və abonent saldosuna əlavə edilmiş on doqquz min yeddi yüz on altı manat qırx qəpik məbləğində boc əsassızdır. Çünki cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktdan və eyni zamanda iddia ərizəsinə etirazdan görünür ki, həmin məbləği müvafiq olaraq həmin sayğacın vasitəsilə uçotu dəqiq aparılmayan, eləcə də uçota alınmayan istehlak edilmiş təbii qazın həcminə görə müəyyənləşdirilmiş məbləğdir. Bu cür hesabatın aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin akta nəzər yetirdikdə, iddiaçının heç bir təqsiri müəyyən olunmur, yəni həmin sayğac cavabdeh orqanın nəzarət etdiyi ərazidə yerləşir və iddiaçı sayğacın dəqiq uçotunun aparılıbaparılmamasına görə məsuliyyət daşımır. Həmin akt əsasında tərtib edilmiş borc məbləği silinməlidir. Həmin sayğac istixanaya xidmət edir. Sayğac cavabdeh orqanın nəzarətində olan ümumi qovşaqda yerləşir. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Həmçinin aktın özündə belə sayğaca müdaxilə edilməsindən bəhs edilmir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda istehlakçı adına abonent qeydiyyatında olan obyektin-otelin mövcud olan 19716,40 manatıq borc məbləği müddət ərzində sayğac vasitəsilə uçotu dəqiq aparılmayan, eləcə də uçota alınmayan istehlak edilmiş təbii qaz həcminə görə müəyyənləşdirilmiş məbləğdir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak edilmiş qaz sərfiyyatını tam qeydə almadığı, istismarda olduğu dövr üçün 19716,40 manatlıq hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Tərtib edilmiş sənədləşmələrin və edilmiş xəbərdarlıqların heç bir nəticəsi olmamış, ödəniş təmin edilməmişdir. Bundan əlavə, sayğac müayinə olunarkən, yəni xx.xx.2022-ci il tarixdə qüsur aşkarlanarkən istehlakçı tərəfindən heç bir icraat aparılmamış və əlavə tədbirlər görülməmişdir (yenidən müayinə, səbəbin dəqiqləşdirilməsi, mövcud olan sayğac göstəricisində artıq hesabatın müəyyənləşdirilməsi və s.). Beləliklə, qeyd edilənlərə sayğac göstəricilərinə əsasən dövlət standartı ilə müəyyən edilmiş minimal, nominal, maksimal sərfiyyatın nisbətində müəyyənləşdirilmiş sərfiyyat borcu, hazırkı borc məbləği 19716,40 manat məbləğ abonentin borcu hesab edilməklə ödənişi tələb edilməkdədir. “Qaz təchizatı haqqında” qanunun 3-cü madəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.3-cü bəndinə əsasən “İstehlakçı” nın əsas vəzifələrindən biri qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməkdir. Həmin “Qaydalar”ın 5-ci bəndinin tələblərinə görə (5.3) istifadə olunan qazın dəyəri yalnız bank və poçt şöbələri vasitəsilə ödənilir. (5.5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qeyd etdiklərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdeh kimi etirazlarını nəzərə alaraq e-2-2(115)- 1394/2023 saylı iş üzrə mübahisələndirilən 19716,40 manat məbləğin, göstərdikləri faktlar və əsaslarla iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə qeyri-əhali aboneti olan İddiaçı ünvanında quraşdırılan qaz sayğacına baxış keçirilən zaman “uçotu” pozulmuş qaz hesabı kimi 19716 manat müəyyən olunmuşdur, yəni iddiaçının mübahisələndirdiyi borc məbləği istehlak edilmiş qaz həcminin uçotunun pozulmasına görə yaranmışdır. Qaz həcminin uçotunun pozulmasına səbəb sayğacın istismarda olduğu müddətdə sayğacdaxili qurğularda yaranmış aşınmalar və yağlanmalar olmuşdur. Həmin pozuntular əsasında sayğacın ümumilikdə “maksimal”, “minimal” və “nominal” sərfiyyatı hesablanaraq müəyyən olunub. Bununla da xx.xx.2022-ci il tarixinə on doqquz min yeddi yüz on altı manat qırx qəpik borc məbləği hesablanmışdır. Sayğacın cavabdeh orqanın nəzarətində yerləşməsi iddiaçını məsuliyyətdən azad etməsinə dəlalət vermir. Sahibkarlıq obyektinin sahəsinə baxış keçirilmədiyi üçün reyestr qeydiyyatından keçmək tələb olunmur. Burada iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsindən söhbət getmir. İddiaçının təqsirkar olmasını onunla əsaslandıra bilər ki, o, uçota alınmayan qaz sərfiyyatından istifadə edərək yararlanmışdır. İddiaçının qaz sərfiyyatına görə borcu olmamışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli 298910-17 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS üzrə rəis müavini Qismət Əskərov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, iddiaçıya xidmət edən G- 650 markalı 83048127 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, 89620 m3 “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcədə uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcminin yenidən hesablannması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2022-ci ilə qalıq və aktlar üzrə borcu 19716 manat 40 qəpikdir (89620 m3 x 0,22 qəpik). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən sahibkarlıq fəailiyyəti ilə məşğul olan abonent İddiaçı məxsus istixanaya aid olan qaz sayğacına xx.xx.2022-ci il tarixində baxış keçirilərək yoxlamalar aparılmış, həmin yoxlamalar zamanı qaz sayğacının normal işləmədiyi və istehlak edilmiş qaz sərfiyyatını tam qeydə almaması ilə əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq qaz paylayıcısı tərəfindən abonentin hesabına 19716 manat 40 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın “maksimal”, “minimal” və “nominal” sərfiyyata uyğun hesabat aparması əsası ilə hesablama öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq dəymiş ziyanın əvəzi olaraq borc daxil edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00010) hesablamış 19716 manat 40 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinməli, ödənilməli olan 149 manat 15 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 12 sentyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sesissiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 149 manat 15 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00010) hesablamış 19716 manat 40 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borc Cavabdeh tərəfindən silinsin. Ödənilməli olan 149 manat 15 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar