Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-411/2024 23.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5535.23 manat əsas, 871.74 manat faiz, 361.5 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6768.47 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumunun, tutulmalı olan məbləğ, yəni cəmi 6768.47 manat borcun və 110 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki **-LO-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, betonqarışdıran, MAN NUTZFAHRZEUGE, Şassi № WMAT150692M272450 avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 22 %-lə 30 ay müddətinə 14000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 mülkiyyətindəki **-LO-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, beton qarışdıran, MAN NUTZFAHRZEUGE, Şassi № WMAT150692M272450 avtomobilə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24 noyabr 2023-cü il tarixədək Cavabdeh2xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 5535.23 manat əsas, 871.74 manat faiz, 723 manat cərimə borcu olmaqla, ümumilikdə 7129.97 AZN borcu vardır. Cavabdeh2 oğlunun banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 723 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 361.5 manat məbləğində tələb olunur. İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-MCR-2-1238-21/1 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 biznes məqsədi ilə 30 ay müddətinə, illik 22.43 faiz dərəcəsi ilə 14000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 01 iyul 2021-ci il tarixli müqavilə üzrə cəmi 7129 manat 97 qəpik olmaqla bundan 5535 manat 23 qəpik əsas, 871 manat 74 qəpik faiz, 723 manat cərimə borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Z/03408/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli A\00105\21 saylı ipoteka müqaviləsindən görünür ki, bank ilə Cavabdeh1 arasında tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki **-LO-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, beton qarışdıran, MAN NUTZFAHRZEUGE, Şassi № WMAT150692M272450 avtomobili ipotekaya qoyulmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ekspertizasının 161/2024 nömrəli 15 aprel 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, **-LO-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, beton qarışdıran, MAN NUTZFAHRZEUGE, Şassi № WMAT150692M272450 avtomobilinin bazar dəyəri 20000 manat, likvid dəyəri 10000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC əsas cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsi gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş yük avtomobilini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ödəniş qəbzindən göründüyü kimi iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiya xərci və 10 manat poçt xərcini İddiaçı ASC ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı xərcləri ödədiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 86 manat 06 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5535 manat 23 qəpik əsas borc, 871 manat 74 qəpik faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 6606 manat 97 qəpik məbləğində borc, həmçinin 110 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus 1999-cu il buraxılışlı, WMAT150692M272450 şassi nömrəli, ağ rəngli “Man Nutzfahrzege” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobilinə yönəldilməli, həmin yük avtomobil açıq hərracdan satılmalı, yük avtomobilinin ilkin satış qiyməti 10.000 manat həddində müəyyən edilməli, satışdan əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, yük avtomobilinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ödənilməli olan 86 manat 06 qəpik məbləğində dövlət rüsumu və 100 manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq müvafiq olaraq dövlət büdcəsinə və "xxxx" MMC-nin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinə əsasən 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5535 manat 23 qəpik əsas borc, 871 manat 74 qəpik faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 6606 manat 97 qəpik məbləğində borc, həmçinin 110 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus 1999-cu il buraxılışlı, WMAT150692M272450 şassi nömrəli, ağ rəngli “Man Nutzfahrzege” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobilinə yönəldilsin. Həmin yük avtomobil açıq hərracdan satılsın. Yük avtomobilinin ilkin satış qiyməti 10.000 manat həddində müəyyən edilsin. Satışdan əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Yük avtomobilinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməli olan 86 manat 06 qəpik məbləğində dövlət rüsumu və 100 manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq müvafiq olaraq dövlət büdcəsinə və "xxxx" MMC-nin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-411/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-411/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver