Məhkəmə qərarları › İş №e-2-2(115)-412/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-412/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-412/2024 15.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X1sının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2023-cü il tarixli **********17052023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 17 may 2023-cü il tarixli KBSK 1454025B252 saylı əlavəsi üzrə 29 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən 9717,9 manat əsas, 370,13 manat faiz borcu olmaqla ümumilikdə 10088,03 manat kredit borcu və iddia ərizəsini verilməsinə görə ödənilmiş 120,27 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 may 2023-cü il tarixli, **********17052023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 17 may 2023cü il tarixli KBSK 1454025B252 saylı əlavəsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 19.19% olmaqla 10000 manat kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehə kreditin qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə kredit müqaviləsi bağlayıb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 10000 manat kredit götürmüş, mağaza işlətmişdir. Hər ay 300 manat ödəniş etməli idi. İki ay ödəniş etmiş, sonra maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Borc məbləğinə etirazı yoxdur, lakin borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 may 2023-cü il tarixli **********17052023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 17 may 2023-cü il tarixli KBSK 1454025B252 saylı əlavəsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 19.19% olmaqla fərdi mikro kredit məqsədilə 10000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh 17 may 2023-cü il tarixli əlavə üzrə 29 yanvar 2024-cü il tarixə iddiaçıya borcu 9717,9 manat əsas, 370,13 manat faiz borcu, cəmi 10088,03 manat təşkil edir. İş materiallarında olan 28 dekabr 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 may 2023-cü il tarixli **********17052023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 17 may 2023-cü il tarixli KBSK 1454025B252 saylı əlavəsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 19.19% olmaqla fərdi mikro kredit məqsədilə 10000 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 9717,90 manat kredit borcu, 370,13 manat faiz borcu olmaqla, cəmi 10088,03 manat borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 9717,90 manat kredit borcu, 370,13 manat faiz borcu olmaqla, cəmi 10088,03 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün 120,27 manat dövlət rüsumu ödəmişdir. Ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 120,27 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********17052023 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBSK1454025B252 saylı əlavə üzrə yaranmış 9717 manat 90 qəpik kredit borcu, 370 manat 13 qəpik faiz borcu olmaqla, cəmi 10088 (on min səksən səkkiz) manat 03 (üç) qəpik məbləğində pul və ödənilmiş 120 (bir yüz iyirmi) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar