Məhkəmə qərarları › İş №e-2-2(115)-424/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-424/2022

21.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-424/2022 21.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, İsgəndərova Fidan Mübariz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 13.07.2019-cu il tarixdə 03/0069/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, İddiaçı1 MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 13.07.2019-cu il tarixdə 03/0069/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 18.08.2021-ci il tarixədək yaranmış 10739 manat 16 qəpik əsas borc, 3499 manat 18 qəpik mükafat borcu, 86 manat 27 qəpik cərimə borcu olmaqla, cəmi 14324 manat 61 qəpik məbləğində borc, ödənilmiş 133 manat dövlət rüsumunun və 203 manat keçirilmiş mediasiya xərcinin əvəzi Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 13.07.2019-cu il tarixdə 03/0069/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı1 MMC təsviri müqavilədə göstərilən 1 ədəd, 2018-ci il buraxlışı olan, « LADA 21214 minik » markalı, XTA212140J2312035 ban nömrəli nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın “lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 12750 manat təşkil edir. Bu ümumi məbləğdən 5018 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 13.07.2019cu il tarixdən hər ay müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun hər ay 493 manat 55 qəpik ödəniş etməlidir. Hazıradək cavabdeh cəmi 19.08.2019-cu il tarixdən, 18.03.2020-ci il tarixdək cəmi 3947 manat 92 qəpik ödəniş etmişdir. İddiaçı1 MMC-yə məxsuz « Vaz 21214 » minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri ərazisində etibarnamə olmadan qanunsuz olaraq idarə olunduğundan (YPX əməkdaşları tərəfindən saxlanılaraq) Gəncə şəhərində yerləşən müvafiq duracağa 18.08.2021-ci il tarixdə yerləşdirilmişdir. Avtomobil həmin tarixədək cavabdehin istifadəsində olmuşdur. Yaranmış borcla bağlı İddiaçı1 MMC tərəfindən cavabdeh və onun zamininə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddia məhkəməyə verildikdən sonra cavabdehlər tərəfindən heç bir ödəniş olunmamışdır. Odur ki, iddia tələbənin tam təmin olunmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ilə lizinq müqaviləsi bağlamış, digər Cavabdeh2 ona zamin durmuşdur. Cavabdeh2 kirayəyə verdiyi yerdə problem yarandığı üçün ödənişlər edə bilməmişlər. Müharibə və pandemiya dövründə çətinlik yaranmışdır. İddiaçı bu çətin vəziyyətdən istifadə edərək heç bir güzəşt etməmişdir. 3 aydır ki, avtomobili onlardan almışlar. Bu azmış kimi hələ bir pulda istəyirlər. Avtomobili faktiki olaraq həmişə Cavabdeh2 idarə etmiş və aylıq ödənişləri də özü aparmışdır. İddiaçıya borcu qalsa da, ona köməklik edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, maşına hərə bir qiymət deyib, indi 14000 manatla iddia qaldırmışlar. 8000 ödənilmiş, daha sonra faiz verilmişdir. 32000 manata qədər maşının qiyməti düşür, sonradan ona deyilmişdir ki, maşını qaytarsalar heç bir borcları qalmayacaq. Avtomobil şəxsi istehlak məqsədilə verilmişdir. Əslində avtomobil onun istifadəsində olmuş, lakin müqaviləni Cavabdeh1 adına rəsmiləşdirmişlər və o bu avtomobili şəxsi istehlak məqsədilə əldə etmiş və istifadə etmişdir. Ona demişlər ki, Cavabdeh1 adına asan imza açılsın və bundan sonra onlar onun üzərindən bütün öhdəlikləri götürərlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış 13.07.2019-cu il tarixli 03/0069/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, lizinq verən 1 ədəd, 2018-ci il buraxlışı olan, «LADA 21214 minik» markalı, XTA212140J2312035 ban nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış 13.07.2019-cu il tarixli 03/0069/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 9.4-cü bəndindən görünür ki, lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 12750 manat təşkil edir. Bu məbləğdən 5018 manat lizinq verənin mükafatını təşkil edir. İş materillarına əlavə edilmiş 13.07.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, həqiqətən İddiaçı1 MMC-yə məxsus «LADA 21214 minik» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 təhvil verilmişdir. İş materillarına əlavə edilmiş 13.07.2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh1 03/0069/DLİZ saylı müqavilədə göstərilən öhdəlik bitənə qədər, sığorta hadisəsi baş verdikdə yaranan çətinliklərin (sığorta şirkəti və ya servis ilə bağlı narazılıq) bank qarşısında olan öhdəliyinə heç bir təsir göstərməcəyi barədə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 18.08.2021-ci il tarixli avtomobillərin təhvil-təslim aktından görünür ki, «LADA 21214 minik» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 tərəfindən İddiaçı1 MMC-yə təhvil verilmişdir. 19.11.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 13.07.2019-cu il tarixli 03/0069/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 18.08.2021-ci il tarixədək yaranmış 10739 manat 16 qəpik əsas borc, 3499 manat 18 qəpik mükafat borcu, 86 manat 27 qəpik cərimə borcu olmaqla, cəmi 14324 manat 61 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarına əlavə olunmuş İddiaçı1 MMC ilə Cavabdeh1 arasında bağlanmış 13.07.2019-cu il tarixli 03/0069/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 11.3-cü bəndindən görünür ki, lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5 faizi məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 13.07.2019-cu il tarixli 03/0069/DLİZ nömrəli zaminlik müqaviləsindən görünür ki, lizinq verən və lizinq alan arasında bağlanılmış 13.07.2019-cu il tarixli 03/0069/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş «LADA 21214 minik» markalı avtomobildən, lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, lizinq verənə 12750 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə zamin lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sonuncu xəbərdarlıq məktubundan görünür ki, İddiaçı1 MMC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. 18 oktyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 203 manat mediasiya xərcini ödəmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 13.07.2019-cu il tarixli 03/0069/DLİZ nömrəli daxili lizinq müqaviləsi ləğv edilməli, 10739 manat 16 qəpik əsas borc, 3499 manat 18 qəpik mükafat borcu, 86 manat 27 qəpik cərimə borcu olmaqla, cəmi 14324 manat 61 qəpik məbləğində borc, ödənilmiş 133 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 13.07.2019-cu il tarixli 03/0069/DLİZ nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. 10739 manat 16 qəpik əsas borc, 3499 manat 18 qəpik mükafat borcu, 86 manat 27 qəpik cərimə borcu olmaqla, cəmi 14324 manat 61 qəpik məbləğində borc, ödənilmiş 133 manat dövlət rüsumu və 203 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar