Məhkəmə qərarları › İş №e-2-2(115)-429/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-429/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-429/2022 15.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 7946 manat 95 qəpik məbləğində əsas borc, 456 manat 99 qəpik məbləğində faiz borcu, 646 manat 19 qəpik cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1103 manat 30 qəpik məbləğində faiz borcu, ümumilikdə isə 10153 manat 43 qəpik kredit borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli 142 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə 15000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzil İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. Həmin mənzilin ipotekaya qoyulması barədə xx.xx.2013-cü il tarixli 127 saylı ipoteka müqaviləsi bağlanmış və dövlət qeydiyyatına alındıqdan sonra həmin mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsinin 7-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar,bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 7946 manat 95 qəpik məbləğində əsas borc, 456 manat 99 qəpik məbləğində faiz borcu, 646 manat 19 qəpik cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1103 manat 30 qəpik məbləğində faiz borcu, ümumilikdə isə 10153 manat 43 qəpik kredit borcu təşkil edir. Tərəflərindən cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlərə təklifə cavab vermədiyi üçün tərəflərindən mediasiya şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdeh2, Cavabdeh1 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadığı ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. Tərəfimizdən ilkin mediasiya sessiyasına iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Cavabdeh2 məhkəməyə elektron qaydada ərizə göndərək bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-429/2022 saylı mülki iş üzrə iddiaçı iddia irəli sürərkən iddia müddətini ötürmüşdür. Azərbaycan Republikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iş üzrə iddia müddəti sistemdə olan yanlışlıqla bağlı ötürülmüşdür. Belə ki, 30 oktyabr 2013-cü il tarixində 36 aylıq müddətinə cavabdehə kredit verilmişdir. Digər cavabdehlə ipoteka müqaviləsi bağlanmışdır. Bu iş üzrə kredit müqaviləsinin tarixi bankın “Kəpəz” filialının işçiləri tətəfindən bilə-bilə 2015-ci il kimi sistemə daxil edilmişdir ki, müqavilə müddətinin keçməsin. Cavabdeh filial müdirinin yaxın qohumudur. Faktiki olaraq iddia müddətinin keçməsinin səbəbi Kəpəz filialının müdiri Fuad Abdullayevin cinayət xarakterli əməlləridir. Bundan başqa bir neçə işdə də, bu kimi hallar baş vermişdir. Cavabdehlər filial müdiri ilə əlbir olaraq iddia müddətinin keçməsi üçün belə əməllər törədiblər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı ASC-nin Kəpəz filialının müdiri X1 və Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli 142 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Kəpəz filialı tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. 30 oktyabr 2013-cü il tarixli 127 saylı ipoteka müqaviləsindən görünür ki, 30 oktyabr 2013-cü il tarixli 142 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin G-06/22- 168 nömrəli, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilin bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli 142 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti xx.xx.2019-cu il tarixdə başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə elektron müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməli, 300 manat məbləğində qiymətləmdirmə haqqı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. 300 manat məbləğində qiymətləndirmə haqqı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar