Məhkəmə qərarları › İş №e-2-2(115)-43/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-43/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-43/2023 07.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə əsas məbləğ üzrə 24628 manat 16 qəpik, faiz üzrə 2861 manat 39 qəpik, cərimə üzrə 124 manat 77 qəpik olmaqla ümumilikdə 27614 manat 32 qəpik məbləğində kredit borcunun, 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutulması, tutmanın ipotekaya qoyulmuş ünvan 1i ünvanında yerləşən və cavabdehin mülkiyyətində olan sahələri 0.7004 ha və 1.3435 ha olan olan (reyestr nömrələri: **********53, **********52, qeydiyyat nömrələri: **********, **********) torpaq sahələrinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracda satılması və ilkin satış dəyərinin 38000 AZN həcmində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KM/103/5200862/181121 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə illik 20 % dərəcəsi olmaqla 25000 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1-ci bəndi). Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixli, İM/103/5200862/181121 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən və Cavabdeh mülkiyyətində,sahəsi 0.7004 ha və 1.3435 ha olan torpaq sahələri (reyestr nömrələri: **********53, **********52, qeydiyyat nömrələri: **********, **********) təşkilatları qarşısında ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin müqavilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində Azərbaycan Respublikası İpoteka haqqında qanunun 10.4-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. (qeydiyyat nömrələri: **********, **********) Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icraedilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmış, borc məbləğlərinin ödənilməsi tələbi ilə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PCP-22/0023 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa qeyd edirik ki, xx.xx.2022-ci il tarixdə, saat 13:00-a təyin edilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Tərəflərindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 200 manat həcmində mediasiya xərci ödənmişdir. Cavabdeh 29 avqust 2022-ci il tarixli arayışa əsasən "xxxx" QSC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 24628 manat 16 qəpik, faiz üzrə 2861 manat 39 qəpik, cərimə üzrə 124 manat 77 qəpik olmaqla ümumilikdə 27614 manat 32 qəpik təşkil edir. Müqavilə üzrə öhdəlikləri vaxtında icra edilmədiyinə görə borclu Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. Həmin bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixli, İM/103/5200862/181121 nömrəli ipoteka müqaviləsinin 2.5-ci bəndi ilə ipoteka predmeti olan torpaq sahələrinin birgə likvid dəyəri "xxxx" MMC qiymətləndirmə şirkətinin qiymətləndirmə rəyinə əsasən 38000 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır və ipotekaya qoyulan əmlakın likvid qiyməti ekspertiza tərəfindən daha artıq hesablanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KM/103/5200862/181121 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə illik 20 % dərəcəsi olmaqla 25000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə əsas məbləğ üzrə 24628 manat 16 qəpik, faiz üzrə 2861 manat 39 qəpik, cərimə üzrə 124 manat 77 qəpik olmaqla ümumilikdə 27614 manat 32 qəpik məbləğində kredit borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarından olan xx.xx.2021-ci il tarixli, İM/103/5200862/181121 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ünvan 1i ünvanında yerləşən və Cavabdeh mülkiyyətində sahəsi 0.7004 ha və 1.3435 ha olan torpaq sahələri banka ipotekaya qoyulmuşdur. "xxxx" MMC-in 23 yanvar 2023-cü il tarixli G-01/23-011 nömrəli rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 0.7004 ha torpaq sahəsinin bazar dəyəri 16400 manat, likvid dəyəri isə 13700 manat və 1.3435 ha olan torpaq sahəsinin bazar dəyəri 31600 manat, likvid dəyəri isə 26300 manat təşkil edir. Tədqiqatın dəyəri 600 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, “X6 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilmələrini gecikdirmiş və ipoteka saxlayan “X6 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. 03 avqust 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, X6 Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş, və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 172 manat 84 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24628 manat 16 qəpik əsas borc, 2861 manat 19 qəpik faiz borcu, 124 manat 77 qəpik cərimə borcu olmaqla, cəmi 27614 manat 32 qəpik məbləğində borc və ödənilmiş 200 qəpik mediasiya xərci Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, tələb üzrə tutma Cavabdeh məxsus ünvan 1ində yerləşən 0.7004 hektar və 1.3435 hektar olan torpaq sahələrinə yönəldilməli, Həmin torpaq sahələri açıq hərracdan satılmalı, ünvan 1ində yerləşən 0.7004 hektar torpaq sahəsinin ilkin satış qiyməti 13700 manat, 1.3435 hektar olan torpaq sahəsinin ilkin satış qiyməti 26300 manat həddində müəyyən edilməli, Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" QSC-yə ödənilməli, Kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, Torpaq sahələrinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, 600 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməli, Ödənilməli olan 172 manat 84 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, mötəbərliyi şübhə doğurmayan "xxxx" MMC-in 23 yanvar 2023-cü il tarixli G- 01/23-011 nömrəli rəyində ünvan 1ində yerləşən 0.7004 hektar torpaq sahəsinin likvid qiyməti 13700 manat, 1.3435 hektar olan torpaq sahəsinin likvid dəyəri isə 26300 manat həddində müəyyən olduğundan, iddia tələbinin ipoteka predmeti olan əmlakların ilkin satış dəyərinin 38000 manat həcmində müəyyən edilməsi hissəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24628 manat 16 qəpik əsas borc, 2861 manat 19 qəpik faiz borcu, 124 manat 77 qəpik cərimə borcu olmaqla, cəmi 27614 manat 32 qəpik məbləğində borc və ödənilmiş 200 qəpik mediasiya xərci Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus ünvan 1ində yerləşən 0.7004 hektar və 1.3435 hektar olan torpaq sahələrinə yönəldilsin. Həmin torpaq sahələri açıq hərracdan satılsın. ünvan 1ində yerləşən 0.7004 hektar torpaq sahəsinin ilkin satış qiyməti 13700 manat, 1.3435 hektar olan torpaq sahəsinin ilkin satış qiyməti 26300 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" QSC-yə ödənilsin. Kredit təşkilatının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Torpaq sahələrinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. 600 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilməli olan 172 manat 84 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar