Məhkəmə qərarları › İş №e-2-2(115)-435/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-435/2022

28.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-435/2022 28.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, İsgəndərova Fidan Mübariz qızının katibliyi, İddiaçının nümayəndələri X2 və Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “X9 Təsərrüfatı” MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X9 Təsərrüfatı” MMC Cavabdehnə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii X5 pozulması haqqında 24 iyul 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 29225 manat 40 qəpik və 30 aprel 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 11862 manat 20 qəpik məbləğində borcun “X9 Təsərrüfatı” MMC-nin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 “X9 Təsərrüfatı” MMC-nin təsisçisidir. Şəmkir rayonu Dəllər Cəyir kəndində özünə məxsus torpaq sahəsində 2 hektar istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul oldur. 2011-cı ildən istixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 24.07.2020-ci il tarixdə və 30.04.2021-ci il tarixlərdə Cavabdeh İB-nin əməkdaşları heç bir əsas olmadan qaz sayğacının çıxarıb və yoxlanılmağa göndərmişlər. Həmin tarixdə sayğac çıxarılarkən onun iştirakı olmamışdır. Sonradan ödəniş qəbzlərini alarkən cavabdeh tərəfindən ona borc yazıldığını bilmişdir. Dəfələrlə cavabdeh ona əsassız olaraq təbii X5 pozulması barədə akt tərtib etmişdir. Cavabdeh idarənin nümayəndələri tərəfindən yazılmış qaz borcunu məhkəmə qaydasında mübahisələndirmiş və həmin borclar onun hesabından silinmişdir. Hazırda cavabdeh tərəfindən MMC-nin hesabına 24.07.2020-ci il və 30.04.2021-ci il tarixlərə görə təbii X5 pozulması barədə aktlar tərtib olunmuşdur. 24.07.2020-ci il tarixdə tərtib edilmiş akta görə 29225 manat 40 qəpik və 30.04.2021-ci il tarixdə tərtib edilmiş akta görə isə 11862 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Həmin borclar sayğac quraşdırıldıqdan bir neçə ay sonra yəni, yenisi ilə əvəz olunduqdan sonra yazılmışdır. Sayğac çıxarılmamışdan bir neçə gün əvvəl sayğacın aylıq hesabatı götürülmüş və həmin vaxt heç bir nöqsan olmamışdır. Cavabdeh İB-nin yoxlama aparılması haqqında hər hansı qərar olmamışdır. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunmuşdur ki, sahibkarlar barəsində yoxlama aparılarkən müvafiq reyestrdə qeyd aparılmalı və bu barədə müvafiq qərar qəbul olunmalıdır. Lakin Cavabdeh əməkdaşları bu qanunun tələblərini kobud şəkildə pozmuşdurlar. Göründüyü kimi, “X9 Təsərrüfatı” MMC-yə məxsus qeyri-yaşayış sahəsində 24.07.2020-ci il tarixdə və 30.04.2021-ci il tarixlərdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki Cavabdeh İB “X9 Təsərrüfatı” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X5” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Yuxarda qeyd olunanlara görə də, hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin hazırkı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün (alternativ həll edilməsi) Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Mediasiya Şurasına” müraciət edilmiş və “Mediasiya Şurası” tərəfindən mediasiya prosesinin aparılması üçün mediator təyin edilmişdir. Lakin cavabdeh idarə ilkin mediasiya sesiyasına çağırılmasına baxmayaraq ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Mediasiya zamanı qanunun tələbinə uyğun olaraq 200 manat mediyasiya xərci ödənilmişdir. Hazırda silinməsi tələb olunan məbləğ ümumilkdə 41087 manat 60 qəpikdir. 41087 manat 60 qəpik məbləğ üçün ödəniləcək dövlət rüsumu 214 manatdır. Həmin məbləğinin 200 manatı mediasiya prosesində ödənilmiş, qalan 14 manat isə bank vasitəsi ilə ödənilmişdir. Qeyd olunanlara görə hesab edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş təbii X5 pozulması haqqında 24 iyul 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 29225 manat 40 qəpik və 30 aprel 2021-ci il tarixli ******* nömrəli akt əsasında 11862 manat 20 qəpik məbləğində borcun “X9 Təsərrüfatı” MMC-nin hesabından silinməlidir. İddiaçı həmçinin müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə iddia ərizəsi verilənədək Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən ona məxsus istixanaya təbii qazın verilməsinin bərpa edilməsi və təbii qazın dayandırılması ilə bağlı hərəkətlərin edilməsinin Cavabdehnə və X7 Qaz İstismarı İdarəsinin Şəmkir Xidmət Sahəsinə qadağan edilməsini, qərarın icrasının Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli MTT(115)-5/2022 saylı qərardadı ilə Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən “X9 Təsərrüfatı” MMC-yə məxsus istixanaya təbii qazın verilməsinin dayandırılması 1 ay müddətinə Cavabdehnə və X7 Qaz İstismarı İdarəsinin Şəmkir Xidmət Sahəsinə qadağan edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, iddiaçı “X9 Təsərrüfatı” MMC tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, istehlakçı- "xxxx" MMC, X2 hal-hazırda Şəmkir RQİİ-nə 115 366 manat 60 qəpik borcu mövcuddur. Həmin məbləğin 93933 manat 80 qəpiyi 2019-2020-ci mövsüm ili ərzində yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənilməsi üçün möhlət verilmişdir. Qeyd edilən müddətdə borc məbləği ödənilmədiyindən iş materialları məhkəmə icraatına təqdim olunmuşdur. Hazırda iş üzrə kassasiya qaydasında icraat aparılmaqdadır. Hazırkı iddia tələbi üzrə iddiaçı "xxxx" MMC tərəfindən qeyd olunan iddia məbləğinin 41 909 manatın isə 821 manat 40 qəpik hissəsi istixanada sayğac vasitəsilə istehlak olunmuş qaz sərfinin dəyərinə görə ödənilməmiş qalan məbləğ, 29225 manat 40 qəpik hissəsi 2020-ci ilin iyul ayında baxış keçirilmiş istixana sayğacının arxiv məlumatlarında istehlak edilmiş lakin hesabatda nəzərə alınmayan təbii qazın müəyyənləşdirilmiş həcm məbləğidir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi loboratoriyasında baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğacın impuls ötürücüsünə vurulan plombun simi dartılaraq boşaldılmış, korrektor hesabat aparmır, impuls ötürücünün şteykerində metal oksidləşmiş və elektron göstərici mexaniki göstəricidən 41047 m3 azdır. Bu da ki, təzyiqlər fərqinə görə ümumilikdə ******* qaz sərfi kimi müəyyənləşdirilmişdir. İddianın qalan 11862 manat 20 qəpiklik hissəsi isə sayğacın düzgün işləməməsi səbəbindən itirilmiş qaz sərfiyyatıdır. Belə ki, 2021-ci ilin aprel ayında istixanaya quraşdırılmış qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi loboratoriyasında baxış keçirilərkən məlum olmuşdur ki, sayğac tərsinə qoşulduğundan istehlak olunmuş qaz sərfiyyatını qeyd etməmiş, sayğacın mexaniki göstəricisi -814m3 azalmışdır. Sayğac quraşdırıldığı tarixdən nöqsan aşkarlandığı tarixə qədər müddət 37 gün qəbul edilməklə əvvəlki ilin orta günlük qaz sərfinə ümumilikdə 59311 m3 itirilmiş qaz sərfi müəyyənləşdirilmişdir. İstixananın qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı ayrı-ayrı dövrlərə qaz sərfinin dəyəri olaraq ümumilikdə 41087 manat 60 qəpik müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Tərəfimizdən abonentə edilmiş xəbərdarlıqların nəticəsi olaraq abonent tərəfindən heç bir tədbir görülməmiş ödəniş təmin edilməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qanunvericiliyin tələbində elektron göstəricinin mexaniki göstəriciyə vurulması ilə hesablama mövcud deyildir. Müəssisədə evdə istifadə olunandan 3 pay artıq təzyiqdən istifadə olunduğu halda cavabdeh öz hesablamalarında ölçü meyarını 3,56 götürür. Hüquqi şəxs sayğacın mühafizəsi üçün cavabdehdir, amma cavabdeh təşkilatın təqsiri nəticəsində olan hallarla bağlı onlar cavabdehlik daşımır. Bundan başqa qaz sayğacına yoxlama qanundan kənar həyata keçirilmişdir. Sahibkarlıq fəaliyyəti sahəsində olan yoxlamalar reystrdən keçirilməli olduğu halda cavabdeh buna riayət etməmiş, onun iştirakı olmadan sayğacı söküb aparıb, heç bir yerdə qeydiyyat aparmadan ona dəymiş ziyan üçün borc hesablayıblar. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X5 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Lakin cavabdeh təşkilat dəymiş zərəri hesablayarkən apardığı hərəkətlər qanunun tələblərinə uyğun olmamış və heç bir yerdən qeydiyyat keçirilməmişdir. Bundan başqa mütəxəssisin rəyindəndə göründüyü kimi cavabdeh təşkilat tərəfindən aparılan hesablamalar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, abonent tərəfindən itirilmiş qazın bərpası üçün tələbnamə ilə dəymiş ziyan hesablanıb, amma reyestrdən keçirilməyib. Çünki, birliyin əməkdaşları tərəfindən hər ay sayğaca baxış keçirilir və bu o demək deyil ki, onlar hər dəfə yoxlamanı reyestrdən keçiritməlidirlər. Sayğaca baxılıb və qüsur olduğu aşkar olunub deyə yoxlamaya göndərilib. Sayğacda impuls xətti mövcuddur və istər fiziki şəxs istərsə də hüquqi şəxs tərəfindən görülür, həmin impuls xəttinə müdaxilə etmək üçün sayğacı sökməyə ehtiyac yoxdur. Sayğacın elektron tablosunda göstərici görünmürsə, bu barədə məlumat verilməlidir. Aparılmış yoxlama nəticəsində dəymiş ziyan üçün hesablama aparılmışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 31 oktyabr 2019-cu il tarixli AMX-7130/19 nömrəli tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 21.07.2020-ci il tarixli, SS 29/1640-01307-2 nömrəli aktdan görünür ki, 07.07.2020-ci il tarixə qədər ünvan üzrə istismarda olmuş G-400 markalı 80123949 zavod nömrəli qaz sayğacına 17.07.2020-ci il tarixdə Metrologiya departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirilərkən sayğacın impuls ötürücüsünə vurulan nömrəli plombun siminin dartılaraq boşaldılması, impuls ötürücüsünün şteykerinin asanlıqla açılmasının mümkünlüyü, korrektorun hesabatı aparmaması, elektron göstəricinin mexaniki göstəricidən 41047 m3 az olması və 15.01.2020-16.07.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiqin P=3,56 bar olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş X5 pozulması haqqında 24 iyul 2020-ci il tarixli, 02222989 nömrəli aktın surətindən görünür ki, ARDNŞ-nin Cavabdeh İB-dən daxil olmuş 21.07.2020-ci il tarixli 29/1640-01307-2 nömrəli akta əsasən 80128949 npmrəli qaz sayğacına ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyənləşdirilmiş, göstəricilər arasında fərq olmuşdur. Sayğacın impuls ötürücüsünə vurulan nömrəli plombun simi dartılaraq boşaldılmışdır. Belə olan halda impuls ötürücüsünün şteykerin asanlıqla açmaq olur və korrektor hesabat aparmır. Elektron göstərici mexaniki göstəricidən 41047 m3 azdır. İtirilmiş qazın bərpası üçün hesabat aparılması və dəymiş ziyan ödənilməlidir. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair 30.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən göstəricilər arasında yaranmış fərq mütləq təzyiqə vurulmaqla (41047x3,56=146127 m3) 29225,40 manat tirilmiş təbii qazın dəyəri abonent hesabına daxil edilmişdir. İş materiallarına əlavə olunmuş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 03 may 2021-ci il tarixli SS 29/1640-00901 nömrəli aktdan görünür ki, 03.05.2021-ci il tarixdə G-400 markalı, 80093066 zavod nömrəli qaz sayğacına Metrologiya departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirərkən impuls ötürücüsünün normal olduğu, göstəricilər arasında fərqin mövcudluğu, hesablayıcı mexanizmin işlək vəziyyətdə olduğu, 25.11.2020-21.04.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən təzyiqin qeyri-stabil, yəni maksimal mütiəq təzyiqin P=4,2 bar və sayğacın mexaniki göstəricisinin -814 m3 azalması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş X5 pozulması haqqında 30 aprel 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ARDNŞ-nin Cavabdeh İB-dən daxil olan 03 may 2021-ci il tarixli SS 29/1640- 00901 saylı aktına əsasən G-400 markalı 80093066 nömrəli turbin tipli “Elester” qaz sayğacının əvvəlki 21.09.2020-ci il tarixli mexaniki göstəricisi ******* m3 hal-hazırda 27.04.2021-ci il tarixə mexaniki göstərici 20723336 m3 olmuşdur. Sayğac tərsinə qoşulduğundan sayğac sərfiyyatı qeyd etmir. Dəymiş ziyan hesablanmalıdır və ödənilməlidir. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair 30.04.2021-ci il tarixli tələbnamədən görünür ki, 30.04.2021-ci il tarixdə Şəmkir RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən sayğacın giriş və çıxış qolları tərsinə bağlandığı üçün, heabat müddəti 37 gün olmaqla, əvvəlki ilin qaz sərfinə uyğun, bir gün üçün qaz sərfi 1603 m3 olmaqla (37x1603=59311 m3) 11862 manat 20 qəpik itirilmiş təbii qazın dəyəri abonent hesabına daxil edilmişdir. İş materiallarına əlavə edilmiş 04.03.2020-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X4 məxsus "xxxx" MMC-nin G-400 markalı 80093066 nömrəli sayğacı çıxarılmış və əvəzinə G-400 markalı 80128949 nömrəli sayğac quraşdırlmışdır. İş materiallarına əlavə edilmiş 07.07.2020-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, X4 məxsus "xxxx" MMC-nin müvəqqəti quraşdırılmış sayğacı çıxarılmış və Şəmkir xidmət sahəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinin Tovuz filialının iddiaçıya ünvanlanan 23 fevral 2022-ci il tarixli, AERA-29- 116/22 nömrəli məktubundan görünür ki, Energetika Nazirliyinə daxil omuş Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən istixananızda, qaz sayğacının düzgün quraşdırılmaması, yay aylarında təbii qazdan istifadə olunmadığı halda 11800 manat əlavə hesabatın aparılması, 08.12.2021-ci il tarixli qaz təminatının bərpa olunması ilə bağlı Məhkəmə qərarının olmasına baxmayaraq bu günə qədər istixananın qaz təminatının bərpa olunmaması barədə müraciətləriniz X1 Agentliyinin (bundan sonra - Agentlik) Tovuz filialı tərəfindən araşdırılmışdır. Müraciətdə qeyd olunan məsələlərə aydınlıq gətirilməsi və araşdırmanın aparılması üçün zəruri sənədlərin surətlərinin təqdim olunması barədə tərəfimizdən X10 İstismarı İdarəsinə (Şəmkir RQİİ) məktubla müraciət olunmuşdur. Şəmkir RQİİ-nin cavab məktubunda sözügedən istixananın Şəmkir RQİl-də **********0000000 abonent kodu ilə qeydiyyatda olmaqla, 2021-ci ilin aprel ayında istixanaya baxış keçirilən zaman, qaz xətti üzərində quraşdırılmış qaz sayğacının tərsinə bağlandığı, istixanada əkin olduğu, qaz sayğacından təbii qazın keçməsinə baxmayaraq sayğacın istehlak olunmuş təbii qazın səfiyyatını qeyd etməməsinin müəyyən edildiyi, bu səbəbdən də sayğacın dövlət yoxlamasına göndərildiyi, 30.04.2021-ci il tarixdə 11862,20 manat dəyərində itirilmiş təbii qazın hesabatı aparılaraq abonentin hesabına daxil edildiyi, qaz sayğacının sökülməsi və quraşdırılması işlərinin Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin sənaye qaz sayğaclarına xidmət mərkəzi (TTİSQSXM) tərəfindən icra olunduğu bildirilmişdir. Təqdim edilmiş sənədlər təhlil olunan zaman məlum olmuşdur ki, 07.07.2020-ci il tarixə qədər ünvan üzrə istismarda olmuş G-400 markalı 80123949 zavod nömrəli qaz sayğacına 17.07.2020-ci il tarixdə Metrologiya departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirilərkən sayğacın impuls ötürücüsünə vurulan nömrəli plombun siminin dartılaraq boşaldılması, impuls ötürücüsünün şteykerinin asanlıqla açılmasının mümkünlüyü, korrektorun hesabatı aparmaması, elektron göstəricinin mexaniki göstəricidən 41047 m3 az olması və 15.01.2020-16.07.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiqin P=3,56 bar olması müəyyən edilmiş və SS 29/1640- 01307-2 nömrəli, 21.07.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Şəmkir RQİl-nin Şəmkir Xidmət Sahəsi tərəfindən ******* nömrəli, 24.07.2020-ci il tarixli təbii X5 pozulması haqqında akt tərtib edilmiş, həmin akt əsas götürülərək 30.07.2020- ci il tarixdə Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən göstəricilər arasında yaranmış fərq mütləq təzyiqə vurulmaqla (41047x3,56=146127 m3) 29225,40 manat tirilmiş təbii qazın dəyəri abonent hesabınıza daxil edilmişdir. Qeyd olunanlarla əlaqədar bildiririk ki, qaz həcminin elektron və mexaniki göstəriciləri arasında yaranmış fərqi təzyiq göstəricisinə vurmaqla qaz həcminin hesablanması üsulu (metodikası) müvafiq sahəni tənzimləyən qanunvericiliyin tələblərində öz əksini tapmamışdır. 18.02.2021-ci il tarixdə Cavabdeh İB-nin və Şəmkir RQİİ-nin Şəmkir XS-nin nümayəndələri tərəfindən ünvan üzrə qaz xətti üzərində quraşdırılmış G-400 markalı, 80093066 zavod nömrəli qaz sayğacına yerində xidmət göstərilməsi üçün çıxarılmış və yerinə bərpa edildikdən sonra flyans birləşmələrinə müvafiq qaydada 10032684 və 10031181 nömrəli plomblar vurularaq sayğac Sizə təhvil verilmişdir. 21.04.2021-ci il tarixdə məlum olmayan səbəbdən sözügedən istixananın qaz xətti üzərində G-400 markalı, 80102145 zavod nömrəli qaz sağacının quraşdırılması məqsədi ilə G-400 markalı, 80093066 zavod nömrəli qaz sayğacı sökülüb çıxarılan zaman flyans birləşmələrinə 18.02.2021-ci il tarixdə vurulmuş 10032684 və 10031181 nömrəli plomblar sındırılmış, qaz sayğacı qaz xətti üzərindən götürülmüşdür. 03.05.2021-ci il tarixdə G-400 markalı, 80093066 zavod nömrəli qaz sayğacına Metrologiya departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirərkən impuls ötürücüsünün normal olduğu, göstəricilər arasında fərqin mövcudluğu, hesablayıcı mexanizmin işlək vəziyyətdə olduğu, 25.11.2020-21.04.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən təzyiqin qeyri-stabil, yəni maksimal mütiəq təzyiqin P=4,2 bar və sayğacın mexaniki göstəricisinin -814 m3 azalması müəyyən edilmiş və SS 29/1640-00901 nömrəli aktla rəsmiləşdirilmişdir. Metrologiya departamentinin sayğacların müayinəsi laboratoriyasında G-400 markalı, 80093066 zavod nömrəli qaz sayğacına 03.05.2021-ci il tarixdə baxış keçirilərək SS 29/1640-00901 nömrəli akt tərtib edilməsinə baxmayaraq, 30.04.2021-ci il tarixdə Şəmkir RQİl-nin Şəmkir Xidmət Sahəsi tərəfindən təbii X5 pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş, həmin akt əsas götürülərək, 30.04.2021-ci il tarixdə Şəmkir RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən sayğacın giriş və çıxış qolları tərsinə bağlandığı üçün, heabat müddəti 37 gün olmaqla, əvvəlki ilin qaz sərfinə uyğun, bir gün üçün qaz sərfi 1603 m3 olmaqla (37x1603=59311 m3) 11862,20 manat tirilmiş təbii qazın dəyərinin müvafiq sahəni tənzimləyən qanunvericiliyin tələblərində öz əksini tapmayan hesabatı aparılaraq abonent hesabınıza daxil edilmişdir. Şəmkir RQİİ-nin cavab məktubundan və təqdim edilmiş sənədlərdən də göründüyü kimi qaz sayğacının sökülməsi və quraşdırılması işləri Cavabdeh İB-nin TTİSQSXM tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 5.2-ci bəndinin tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 30.07.2020-ci il tarixdə Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən aparılmış 29225,40 manat məbləğin hesabatına yenidən baxılması, 30.04.2021-ci il tarixdə Şəmkir RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən aparılmış 11862,20 manat itirilmiş təbii qazın dəyərinin abonent hesabınızdan silinməsi barədə Cavabdeh İB-nə ünvanlanmış müraciətə Şəmkir RQİİ-nin cavab məktubunda Gəncə Kommersiya Məhkəməsinin e- MTT(115)- 5/2022 nömrəli, 19.01.2022-ci il tarixli Qərardadına əsasən 17.02.2022-ci il tarixdə ünvan üzrə təbii qaz verilişinin bərpa olunduğu, yaranmış borc məbləğinin hazırda məhkəmə qaydasında araşdırıldığı, iş üzrə məhkəmənin yekun qərarı qəbul olunduqdan sonra, zərurət yarandığı təqdirdə mahiyyəti üzrə icra olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 21.07.2020-ci il və 03.05.2021-ci il tarixlərində sahibkarlıq fəailiyyəti ilə məşğul olan "xxxx" MMC-yə məxsus istixanaya aid olan qaz sayğacına baxış keçirilərək yoxlamalar aparılmış, həmin yoxlamalar zamanı aşkar edilmiş nöqsanla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq qaz paylayıcısı tərəfindən abonentin hesabına cəmi 41087 manat 60 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, hüquqi şəxs olan istehlakçı "xxxx" MMC qaz sayğacının tərsinə quraşdırılmasına görə yaranan nasazlıqla əlaqədar sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron göstəricisinin işləməməsi əsası ilə hesablama mexaniki göstəriciyə və öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Eyni zamanda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X5” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən görülmüş tədbirin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Cavabdeh tərəfindən 41087 manat 60 qəpik məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinin Tovuz filialı tərəfindən verilmiş yuxarıda qeyd olunan məktubla bir daha təsdiq olunur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı “X9 Təsərrüfatı” MMC-yə (abonent kodu: **********00000) hesablamış 41087 manat 60 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materillarına əlavə olunmuş 07 dekabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh İB ilkin mediasiya sessiyasında iştirak etməmiş və X6 ilkin mediasiya sessiyasında iştirak edərək 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən həmin hissədə azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 213 manat 26 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “X9 Təsərrüfatı” MMC-yə (abonent kodu: **********00000) hesablamış 41087 manat 60 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. 213 manat 26 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar