Məhkəmə qərarları › İş №e-2-2(115)-436/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-436/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-436/2023 05.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabdeh nümayəndələri X1 və X2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 148680 manat pulun və ödənilmiş 439 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X8” MMC ilə "xxxx" ASC arasında 28 oktyabr 2019-cu il tarixdə xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə İcraçı Sifarişçinin verdiyi sifarişlərə uyğun olaraq əlavədə göstərilən şərtlərlə mal-materialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və sair xidmətləri göstərir. Sifarişçi isə icraçının göstərdiyi bu xidmətin müqabilində ona müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. Müqaviləyə 22 sentyabr 2020-ci il tarixli 3 saylı əlavəyə əsasən 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 1 ayı 14000 manat olmaqla cavabdehə verilmişdir. 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənişlər 2022-ci ilin avqust ayında edilsə də, 2020-ci ilin dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayları üzrə ödənişlər edilməmişdir ki, bu da ƏDV daxil olmaqla 148680 manat təşkil edir. Lakin cavabdeh tərəfindən ödənişlərin edilməsindən imtina edilmiş və göndərilmiş elektron qaimələri isə qəbul etməmişdir. Əsas kimi göstərmişdir ki, texnika onlarda olan aylar üzrə az istismar edilmişdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda göstərilmişdir ki, 2020-ci ilin dekabr ayından sərəncamlarında olan 05 T 387 dövlət qeydiyyat nişanlı “Rokson” markalı nəqliyyat vasitəsi 4 gün, 2021-ci ilin fevral ayında 8 gün, 2021-ci ilin mart ayında 1 gün, 2021-ci ilin sentyabr ayında 11 gün istismar edilmişdir. Digər tərəfdən “X8” 28 fevral 2022-ci ildə (maşın və mexanizmlərin təhvil verilməsi) barədə akt tərtib edilərək göstərilmişdir ki, həqiqətən "xxxx" ASC-yə məxsus, cədvəldə adı qeyd olunan nəqliyyat vasitəsi son istifadə olunma tarixi 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər “X8” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikalar ”X8” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir. Qeyd edilməlidir ki, həmin aktla həqiqətən “Rokson” markalı nəqliyyat vasitəsinin 2020-ci ilin dekabr ayından “X8” MMC-də olması müəyyən olunmuşdur. O ki qaldı texnikanın 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər istifadə olunmamasına, birincisi onun istismar olunmaması cavabdehi aylıq ödənişin edilməsindən azad etmir, ikincisi isə həmin texnikanın qaytarılması üçün onlara xəbərdarlıq edilməli və rəsmi sənədlərlə məlumatlandırılmalı idi ki, onu geri götürsünlər. Ancaq texnikanın geri qaytarılması yalnız 28 fevral 2022-ci ildən sonra baş tutmuşdur. Halbuki 22 sentyabr 2020-ci il tarixli “X3” qeyd şərtsiz xidmət haqqı aylıq müəyyən edilərək 14000 manat müəyyən edilmişdir. Qeyd edilməlidir ki, texnika götürülərkən “X8” MMC həmin texnikadan 1 dəfə və yaxud bütün ay ərzində istifadə etməsi müəyyən edilmiş haqqın ödəniləcəyi barədə hər hansı qeyd göstərilməmişdir. Cavabdeh “X8” MMC ilə "xxxx" ASC arasında bağlanmış bir neçə qiymət razılaşma protokolları mövcuddur, ancaq xidmətlərin növü və qiyməti fərqli müəyyənlşdirilmişdir. Belə ki, 28 oktyabr 2019-cu il tarixli protokolda konkret görüləcək işin 1 ton mala görə 10, 13 və 18 manat qiymət müəyyən edilmişdir. Ancaq 22 sentyabr 2020-ci il protokola görə 1 ədəd “Rokson” texnikasının 1 ayı 14000 manat müəyyənləşdirilmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində cavabdehdən dövlət rüsumu kimi 439 manat məbləğində pulun tutulması xahiş edilmişdir. Həmin pulun 400 manatı mediasiya xərci, 39 manatı isə dövlət rüsumuna aiddir. Odur ki, iddianı dəqiqləşdirərək, Cavabdeh MMC-dən 148680 manat pulun, ödənilmiş 400 manat mediasiya xərcinin və 39 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, tərəflər arasında 28 oktyabr 2019-cu il tarixdə xidmət müqaviləsi bağlanmışdır. O cümlədən "Rokson" markalı texnika üçün 1 ayı 14000 manat olmaqla cavabdehə istifadəyə verilmişdir. Lakin cavabdeh həmin ödənişləri həyata keçirməmişdir. Cavabdehə elektron qaimə göndərilsə də cavabdeh tərəfindən buna uyğun hərəkətlər edilməmişdir. Cavabdehlə aralarında şifahi danışıq olmuş, texnikanın çox işlətmədiklərini onlara bildirmişlər, eyni zamanda "Arkoz X8" MMC-nin rəhbəri dəyişdiyindən yeni rəhbər onlara bu məsələlər barədə məlumatının olmadığını və məhkəmə mübahisəsinin nəticəsini gözlədiyini bildirmişdir. Həmçinin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil bildirdi ki, texnikanın cavabdehə verilməsi barədə təhvil-təslim aktı yoxdur, lakin cavabdeh texnikanın verilib-verilməməsini mübahisələndirmir. Cavabdeh tərəfindən digər aylarda ödənişlər edilmişdir, onlar hansı aylar ki, ödəniş edilməyib, həmin ayların pulunu tələb edirlər. 2021-ci ilin oktyabr, noyabr və 2022-ci ilin yanvar aylarında texnikadan artıq istifadə edilməməsi və onun tərəflərindən geri götürülməsi ilə bağlı hər hansı bildiriş və ya xəbərdarlıq almamışlar. Ona görə də iddianının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iş materillarında olan sənədlərdən görünür ki, tərəflər arasındakı müqavilə xidmət müqaviləsidir. Həmin müqaviləyə əsasən iddia ərizəsində qeyd edilmiş texnikanın sürücüsü icraçı tərəfindən təmin olunmalı idi. Xidmət göstərildikdən sonra buna uyğun təhvil-təslim aktları tərtib olunmalı, müqavilə şərtinə uyğun olaraq bundan sonra ödəniş edilməli idi. Texnikanın geri qaytarılması barədə tərəflər arasında akt tərtib olunmuş və qarşı tərəf həmin aktı təsdiq etmişdir. Aktda 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilədək texnikanın istifadə olunmaması, yəni xidmət göstərilməməsi qeyd edilmişdir. İcarə müqaviləsindən fərqli olaraq onlar arasında olan xidmət müqaviləsində əgər xidmət göstərilmirsə onun haqqı ödənilməli deyildir. Qarşı tərəfin də təqdim etdiyi qaimə qəbul edilmədən geri qaytarılmışdır. Texnika cavabdeh tərəfindən istifadə olunmamış, sadəcə olaraq onun ərazisində qalmışdır, iddiaçı tərəf gəlib texnikanı götürməmişdir. Sifarişçi üçün texnikanın onun ərazisində qalıb-qalmaması elə də maraqlı deyildir. Tələb olunan məbləğ də texnikanın cavabdehin ərazisində qalması ilə bağlıdır ki, bu da qeyri-qanunidir. Tərəflər arasında olan bu müqavilədə belə hal nəzərdə tutulmamışdır. Hazırda "Arkoz X8" MMC-nin iddiaçı "xxxx" ASCnə heç bir borcu yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki qarşı tərəf iddia etdiyi xidmətlərin göstərilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Xidmət göstərilmədiyi üçün həmin tarixlərdə elektron qaimə tərtib olunmamışdır. Hansı xidmətlər göstərilmişdirsə, həmin xidmətlərin haqqı qarşı tərəfə ödənilmişdir. Bağlanılan müqavilə sırf xidmətin göstərilməsi ilə əlaqədardır. Əgər xidmət göstərilməyibsə onun dəyərindən söz gedə bilməz. Podrat müqaviləsinin məğzi də elə bundan ibarətdir. Texnikadan hansı aylarda istifadə olunmuşdursa, hansı ay onlara xidmət göstərilmişdirsə onun dəyəri qarşı tərəfə ödənilmişdir. Müqaviləyə əsasən 1 ay üçün 14000 manat müəyyən edilmişdir. Əgər 20 gün xidmət göstərilsə 20 günün dəyəri ödənilməli idi. Həmçinin iş materillarına əlavə edilmiş elektron qaimə onlar tərəfindən qəbul edilməmişdir. İddiaçının nümayəndəsi də bunu təsdiq etdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə “X8” MMC arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli QSZX 236/1019 saylı “Xidmət Müqaviləsi”–dən görünür ki, icraçı "xxxx" ASC sifarişçi “X8” MMC-nin verdiyi sifarişlərə uyğun olaraq əlavədə göstərilən şərtlərlə mal-materialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və s. xidmətləri göstərməyi, sifarişçi isə icraçının göstərdiyi xidmət müqabilində ona bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. İş materiallarında olan 22 sentyabr 2020-ci il tarixli “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair” qiymət razılaşma protokolundan görünür ki, 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika üçün 1 ayı 14000 manat (ƏDV xaric, yanacaq xaric) olmaqla müqaviləyə 3 saylı əlavə imzalamışlar. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli maşın və mexanizmlərin təhvil verilməsi haqqında təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-yə məxsus 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika son istifadə olunma tarixi 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər “X8” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikalar “X8” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 532863 nömrəli elektron qaimədən görünür ki, 1 ədəd “Rokson” markalı texnikaya dair aylıq 14000 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV hər ay üçün 2520 manat olmaqla müəyyənləşmiş icarə haqqı 2020-ci ilin avqust, dekabr ayları üçün, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr ayları üçün və 2022-ci ilin yanvar ayı üçün cəmi 148680 manat icarə haqqı üzrə borcunun olmasına dair "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə qaimə ötürülmüş, lakin qaimə sonuncu tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə “X8” MMC arasında 28 oktyabr 2019-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı "xxxx" ASC sifarişçi “X8” MMC-nin verdiyi sifarişlərə uyğun olaraq əlavədə göstərilən şərtlərlə mal-materialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və sair xidmətləri göstərməyi, sifarişçi isə icraçının göstərdiyi xidmət müqabilində ona bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qiymət tariflərinə əsasən müəyyən edilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair” qiymət razılaşma protokoluna əsasən 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika üçün 1 ayı 14000 manat (ƏDV və yanacaq xaric) müəyyən edilmişdir. “X8” MMC tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli maşın və mexanizmlərin təhvil verilməsi haqqında təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-yə məxsus 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika son istifadə olunma tarixi 29 oktyabr 2021-ci ildən 28 fevral 2022-ci ilə qədər “X8” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikalar “X8” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir. Məhkəmə qeyd edir ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmış, 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 22 sentyabr 2020-ci il tarixli qiymət razılaşma protokoluna əsasən “X8” MMC-yə təhvil verilmiş və həmin texnikadan istifadə olunması və son istifadə müddəti 29 oktyabr 2021-ci il göstərilmiş, həmin müddətdən texnikanın iddiaçıya təhvil verildiyi 28 fevral 2022-ci ilə qədər istifadə olunmaması barədə akt tərtib edilmiş və tərəflərin hər ikisi tərəfindən təsdiq edilmişdir. Məhkəmə bildirir ki, tərəflər arasında xidmət müqaviləsi bağlansa da texnikanın 29 oktyabr 2021-ci il tarixədək istifadə olunması, həmin tarixdən isə iddiaçıya təhvil verilənədək, 28 fevral 2022-ci ilə qədər istifadə olunmaması cavabdehin tərtib etdiyi akla təsdiqini tapır. Çünki cavabdeh tərtib etdiyi aktda həmin texnikanın son istifadə etmə müddətini göstərməklə texnikanı iddiaçıya təhvil vermişdir. Müqavilənin xidmət müqaviləsi olması əsası ilə cavabdeh tərəfindən 29 oktyabr 2021-ci il tarixədək istifadə olunmuş texnikaya görə iddiaçının haqq tələb edə bilməməsi və iddianın həmin əsasla təmin edilməməsi qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan müqavilə və qiymət razılaşma protokoluna əsasən ödənişin aylıq ödənilməli olması nəzərə alınmaqla texnikanın cavabdehin istifadəsində olduğu 29 oktyabr 2021-ci il tarixədək ödənilməyən 7 ay üzrə, yəni 2020-ci ilin avqust, dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr ayları üçün hər ay 14000 manat olmaqla (ƏDV daxil 16520 manat) cəmi 115640 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə bildirir ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, texnika son istifadə müddəti, yəni 29 oktyabr 2021-ci il tarixdən texnikanın iddiaçıya təhvil verildiyi 28 fevral 2022-ci ilə qədər istifadə olunmamışdır. Həmin müddət ərzində iddiaçı 2021-ci ilin noyabr, 2022-ci ilin yanvar ayı üçün ödəniş tələb edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci və 39 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 366 manat 64 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli QSZX 236/1019 saylı xidmət müqaviləsi üzrə 115640 (bir yüz on beş min altı yüz qırx) manat borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 39 manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehndən 366 (üç yüz altmış altı) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar