Məhkəmə qərarları › İş №e-2-2(115)-44/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-44/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-44/2023 19.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, cavabdeh Mehtiyev Adil Göyüş oğlunun, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (üçüncü şəxs X7) cavabdehlər Mehtiyev Adil Göyüş oğluna və X5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Mehtiyev Adil Göyüş oğlundan 11529,47 manat əsas, 13463,78 manat faiz, 8715,25 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1676,80 manat faiz borcunun, cəmi 35385,30 manatın və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin cavabdeh Mehtiyev Adil Göyüş oğlundan tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Bərdə filialı ilə Mehtiyev Adil Göyüş oğlu arasında 16 oktyabr 2014-cü il tarixli BK-172/34-MB saylı Baş Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Bank tərəfindən müştəriyə illik 36 faiz dərəcəsindən çox olmamaq şərti ilə 60 ay müddətinə 100000 manat və ya onun valyuta ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Mehtiyev Adil Göyüş oğluna 05 sentyabr 2017-cı il tarixli 034T09170005 saylı kredit müqaviləsinə əsasən illik 27%-lə 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Mehtiyev Adil Göyüş oğlu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Daha sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2022-ci il tarixdə ərizə verərək cavabdeh Mehtiyev Adil Göyüş oğlundan 11529,47 manat əsas, 13463,78 manat faiz, 8715,25 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1676,80 manat faiz borcu olmaqla, ümumilikdə 35385,30 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya dair xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasını, X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsini, X5 məxsus olan ünvan 1ində 0.30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə, əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasını, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh Mehtiyev Adil Göyüş oğlundan tutulmasını, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Mehtiyev Adil Göyüş oğlunun nümayəndəsi və vəkili Vəkil iddianın kredit müqaviləsinin bitmə müddətindən sonra iddiaçı tərəfindən hesablanmış 5% borc məbləği ilə razı olmadığını bildirdi. Həmin hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Mehtiyev Adil Göyüş oğlu ilə İddiaçı ASC-nin Bərdə filialı arasında bağlanan 16 oktyabr 2014-cü il tarixli BK-172/34-MB saylı kredit limitinin ayrılmasına dair baş kredit müqaviləsindən görünür ki, ona 60 ay müddətinə illik faiz dərəcəsi 36%-dən, vaxtı keçirtmədə isə 72%-dən çox olmamaq şərti ilə dövriyyə və əsas vəsaitlərinin artırılması məqsədilə 100000 manat və ya onun valyuta ekvivalenti məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan Mehtiyev Adil Göyüş oğlu ilə İddiaçı ASC-nin Bərdə filialı arasında bağlanan 05 sentyabr 2017-cı il tarixli 034T09170005 saylı kredit müqaviləsindən görünür ki, ona 24 ay müddətinə illik faiz dərəcəsi 27%, kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 29,18%, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik faiz dərəcəsi 54%-lik dəbbə pulu hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 172/34-MB saylı ipoteka müqaviləsindən görünür ki, Mehtiyev Adil Göyüş oğlunun kredit limitinin ayrılmasına dair müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X4 mülkiyyətində olan ünvan 1ində 0,30 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 45m2, köməkçi sahəsi 38,7m2 olan, 1 mərtəbəli, 2 otaqdan ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Qarayusifli kəndində yerləşən fərdi yaşayış evi 0,30 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə X5 məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********107 saylı bildirişin surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********380 saylı maliyyə arayışından görünür ki, Mehtiyev Adil Göyüş oğlunun 05 sentyabr 2017-cı il tarixli KM034T09170005S01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka 11529,47 manat əsas, 13463,78 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanan 1676,80 manat faiz, 8715,25 manat cərimə borcu olmaqla, ümumilikdə 35385,30 manat bоrcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2023-cü il tarixli 9/575 nömrəli rəyindən görünür ki, Mehtiyev Adil Göyüş oğlunun 05 sentyabr 2017-cı il tarixli 034T09170005 saylı kredit müqaviləsi üzrə banka 11529,47 manat əsas, 6992 manat faiz, illik 5 faizlə hesablanmış 1655,76 manat faiz borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 07 fevral 2023-cü il tarixli 030/DB/23 nömrəli rəyindən görünür ki, X5 məxsus ünvan 1i ünvanında mülkiyyətdə olan 0,30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı bazar dəyəri 60000 manat, likvid dəyəri 50000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Mehtiyev Adil Göyüş oğlu ilə İddiaçı ASC-nin Bərdə filialı arasında 16 oktyabr 2014-cü il tarixdə kredit limitinin ayrılmasına dair baş kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 60 ay müddətinə dövriyyə və əsas vəsaitlərinin artırılması məqsədilə 100000 manat və ya onun valyuta ekvivalenti məbləğində kredit limiti açılmışdır. Kredit limitinin təminatı kimi X4 mülkiyyətində olan ünvan 1ində 0,30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. X11 Göyüş oğlu arasında 05 sentyabr 2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 24 ay müddətinə 15000 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun kredit müqaviləsi üzrə banka 11529,47 manat əsas, 6992 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 1655,76 manat faiz borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini və ona hesablanmış faziləri cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 8715 manat 25 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 05 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 11529 manat 47 qəpik əsas borc, 6992 manat faiz borc, illik 5 faizlə hesablanmış 1655 manat 76 qəpik faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 20477 manat 23 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma X5 məxsus olan ünvan 1ində 0.30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, əmlak açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh Mehtiyev Adil Göyüş oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ X5 qaytarılmalı, açıq hərrac keçirildikdən 1 ay sonra X8 fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 45 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci və 45 manat dövlət rüsumu da cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 151 manat 43 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 manat ekspertiza xərci cavabdeh Mehtiyev Adil Göyüş oğlundan tutularaq "xxxx" MMC-nin hesabına, məhkəməmühasibat ekspertizasının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdeh Mehtiyev Adil Göyüş oğlundan, 100 manat ekspertiza xərci isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin Bərdə filialı ilə Mehtiyev Adil Göyüş oğlu arasında bağlanmış 05 sentyabr 2017-cı il tarixli 034T09170005 saylı kredit müqaviləsi üzrə 11529 manat 47 qəpik əsas borcu, 6992 manat faiz borcu, illik 5 faizlə hesablanmış 1655 manat 76 qəpik faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 20477 (iyirmi min dörd yüz yetmiş yeddi) manat 23 (iyirmi üç) qəpik kredit borcu, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu cavabdeh Mehtiyev Adil Göyüş oğlundan tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma X5 məxsus ünvan 1ində 0,30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. X5 məxsus olan ünvan 1ində 0,30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 (əlli min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh Mehtiyev Adil Göyüş oğlundan tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ X5 qaytarılsın. Açıq hərrac keçirildikdən 1 ay sonra X8 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 (üç yüz əlli) manat ekspertiza xərci cavabdeh Mehtiyev Adil Göyüş oğlundan tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. İş üzrə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh Mehtiyev Adil Göyüş oğlundan, 100 (bir yüz) manat ekspertiza xərci isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh Mehtiyev Adil Göyüş oğlundan 151 (yüz əlli bir) manat 43 (qırx üç) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar