Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-441/2023 31.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə+ MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 7 fevral 2022-ci il tarixli 01/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 4.209,67 manat əsas borc, 236,47 manat cərimə olmaqla, ümumilikdə 4.446,14 manat borcun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat məbləğində haqqın və 4,47 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 07 fevral 2022-ci il tarixli 01/22 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən sahəsi 370,5 kv.m. olan qeyri-yaşayış sahəsin sirkə sexini (avadanlıqları ilə birgə 11 ay müddətinə icarəyə götürməyi və aylıq 1.500 (bir min beş yüz) manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə öhdəliklələri icra edilmədiyi üçün ödənilməyən icarə haqqı borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehə 11 oktyabr 2022-ci il tarixli xx-xx- 2022-00479 nömrəli pretenziya məktubu ünvanlanaraq müqaviləyə 1 sentyabr 2022-ci il tarixindən xitam verilmiş, müqavilə üzrə 6 oktyabr 2022-ci il tarixinə qədər yaranmış 4.209,67 icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 236,47 manat cərimə olmaqla ümumilikdə 4.446,14 manat məbləğin ödənilməsi tələb olunmuş, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir. Cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 24 fevral 2023-cü il tarixə olan 4.209,67 (dörd min iki yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borc və 236,47 (iki yüz otuz altı manat qırx yeddi qəpik) manat cərimə olmaqla ümumilikdə 4.446,14 (dörd min dörd yüz qırx altı manat on dörd qəpik) manat məbləğin ödənilməsi tələb olunur. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndədərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 01/22 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən- "xxxx" ASC icarə obyektini- ünvan 1 ünvanında yerləşən sahəsi 370,5 kv.m. olan qeyriyaşayış sahəsi-sirkə sexinini icarəçiyə icarəyə verməyi, icarəçi- Cavabdeh MMC isə müqavilədə göstərilən müddət ərzində icarə obyektindən təyinatına uyğun olaraq və zərər vurmadan istifadə etməyi və bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə obyektinin aylıq icarə haqqının məbləği 1 aylıq güzəşt müddəti tətbiq edilməklə 1500 manat təşkil edir. İcarə haqqına Azərbaycan Respublikası qanunvericiliyi ilə tətbiq olunan vergilər və digər məcburi ödənişlər daxildir. İcarəçi ƏDV ödəyicisi qeydiyyatında deyildir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəf onu imzaladığı vaxtdan hüquqi qüvvəyə minir və 11 ay müddətində hüquqi qüvvədə qalır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən-"xxxx" ASC icarə obyektini-ünvan 1 ünvanında yerləşən sahəsi 370,5 kv.m. olan qeyri-yaşayış sahəsi sirkə sexini icarəçiyə təhvil verir, icarəçi isə həmin obyekti icarəyə qəbul edir. xx.xx.2022-ci il tarixli EBBU 520669 nömrəli elektron qaimədən görünür ki, 1209.67 manat, xx.xx.2022-ci il tarixli EBCB 776381 nömrəli elektron qaiməyə əsasən 1500 manat, 2022-ci ilin iyun ayı üzrə icarə haqqı isə elektron qaiməyə əsasən 1500 manat təşkil edir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 60 manat mediasiya xərci ödənilmişdir. İşin faktiki hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 01/22 nömrəli icarə müqaviləsinə əsasən 4.209,67 manat borc yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Həmin Məcəllənin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 50(əlli) manat məbləğində tutulmalıdır. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 01/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 4209,67(dörd min iki yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 50(əlli) manat cərimə olmaqla, ümumilikdə 4259,67(dörd min iki yüz əlli doqquz manat altmış yeddi qəpik) manat məbləğində borc, 60(altmış) manat mediasiya xərci və 2,59 (iki manat əlli doqquz qəpik) dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 01/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 4209,67(dörd min iki yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 50(əlli) manat cərimə olmaqla, ümumilikdə 4259,67(dörd min iki yüz əlli doqquz manat altmış yeddi qəpik) manat məbləğində borc, 60(altmış) manat mediasiya xərci və 2,59 (iki manat əlli doqquz qəpik) dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehndən 60 (altmış) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-441/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-441/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver