Məhkəmə qərarları › İş №e-2-2(115)-445/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-445/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-445/2022 23.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14499 manat 03 qəpik əsas, 2564 manat 87 qəpik faiz, 882 manat 08 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2044 manat 17 qəpik faiz borcu olmaqla, cəmi 19990 manat 15 qəpik kredit borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 m2 olan qeyri-yaşayış sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kəpəz filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 502 saylı kredit müqaviləsinə əsasən X2 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 olan qeyriyaşayış sahəsinin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 494 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********412 saylı xx.xx.2021-ci il tarixli və **********466 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2021-ci il tarixə cəmi borcu 19990 manat 15 qəpik təşkil edir. Bundan 14499 manat 03 qəpik əsas, 2564 manat 87 qəpik faiz, 882 manat 08 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2044 manat 17 qəpik faiz borcu təşkil edir. Tərəflərindən cavabdehə xx.xx.2015-ci il tarixli 502 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlərə təklifə cavab vermədiyi üçün tərəflərindən mediasiya şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. Tərəflərindən ilkin mediasiya sessiyasına iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Həmçinin cavabdehlərə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh1 məhkəməyə elektron qaydada iddia müddətinin tətbiqi barədə ərizə göndərək bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)- 445/2022 saylı mülki iş üzrə iddiaçı iddia irəli sürərkən iddia müddətini ötürmüşdür. Azərbaycan Republikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia müddətinin ötürülməmiş hesab olunmasına dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh (ipoteka qoyan) Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbinə qarşı etiraz edərək, iddia müddətinin tətbiqi ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. e-2-2(115)-445/2022 saylı iş üzrə cavabdehlərdən ipoteka qoyan Cavabdeh1 aid hissədə iddia müddəti ötürülməmişdir. İş materiallarında iddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli 494 saylı ipoteka müqaviləsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi notarial qaydada razılaşdırılmışdır. Belə ki, iddia bir neçə cavabdehə qarşı qaldırıldıqda iddia müddətinin tətbiqi məsələsi hər bir iştirakçıya münasibətdə ayrılıqda həll edilməlidir. Aşağıda qeyd edilənlərə əsasən Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Odur ki, iş üzrə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğundan, xx.xx.2015-ci il tarixli, 494 saylı ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixinədək bağlandığından, iddiaçının mövcud iddia ərizəsi isə xx.xx.2022ci il tarixdə məhkəməyə verildiyindən cavabdeh (ipoteka qoyan) Cavabdeh1 münasibətdə iddia müddəti ötürülməmişdir. İddia müddətinin tətbiqi iş üzrə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış ipoteka müqaviləsindən əmələ gələn mübahisə üzrə iddia tələbinə münasibətdə tətbiq edilə bilməz. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə cavabdeh ipoteka qoyan Cavabdeh1 ərizəsi əsassızdır və bu ərizə əsasında iddianın rədd edilməsi yol verilməzdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və məhkəməyə təqdim edilən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 24 avqust 2021-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehlərə göndərilmişdir. 01 noyabr 2021-ci il tarixində mediasiya sessiyası keçirilmişdir. 11 yanvar 2022-ci il tarixində mediasiya sessiyasının keçirilməsi bağlı 200 manat mediasiya xərcini ödədikdən sonra mediasiya haqqında arayış göndərilmiş və 17 fevral 2022-ci il tarixində tərəflərindən təhvil alınmışdır. 18 fevral 2022-ci il tarixində məhkəməyə müraciət olunmuş və həmin iddia ərizəsi 21 fevral 2022-ci il tarixində geri qaytarılmışdır. Təkrarən 25 fevral 2022-ci il tarixində tərəflərindən məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia müddətinin tətbiqi barədə vəsatətin təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli 502 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Kəpəz filialı tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. 26 avqust 2015-ci il tarixli 494 saylı ipoteka müqaviləsindən görünür ki, 24 avqust 2015-ci il tarixli 502 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsi banka ipotekaya qoyulmuşdur. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin G- 140/ZB/22 nömrəli, xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 2/76 ünvanında yerləşən ümumi sahəsi 73,4 kv.m. olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 75000 manat, likvid dəyəri 70000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 avqust 2015-ci il tarixli 502 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti xx.xx.2022-ci il tarixdə başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2018-ci ildə bitdiyindən və həmin tarixdən müqavilə üzrə heç bir ödəniş olmadığından yuxarıda sadalanan bütün hallarda iddia müddəti keçmişdir. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə elektron müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçı iddia müddətinin sonuncu günündə, yəni 24 avqust 2021-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehlərə göndərmiş və bununla da iddia müddətinin axımı dayanmışdır. 01 noyabr 2021-ci il tarixli MŞİH-05522 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin arayış 17 fevral 2022-ci il tarixində Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən arayışın tərəflərə təqdim olunduğu andan iddia müddətinin axımı bərpa olunduğundan iddia müddətinin sonuncu günü xx.xx.2022-ci il hesab olunmalıdır. İddiaçı tərəf isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2022-ci il tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə iddiaçının etiraz ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həm kreditor (iddiaçı), həm borc alan (cavabdeh), həm də ipoteka qoyan (digər cavabdeh) eyni münasibətlərin iştirakçılarıdırlar. Ona görə də əsas borca şamil olunan iddia müddətinin keçməsi əlavə öhdəliyə də şamil edilməlidir. Belə olan halda ipoteka qoyanın da əsas tələb üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə vermək hüququ olduğundan iddia müddəti keçdiyi təqdirdə həmin ərizə nəzərə alnmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan 375.2ci maddəsindən aydın olur ki, iddia müddətinin tətbiqi barədə ərizəni mübahisə tərəfi vermək hüququna malikdir. Göründüyü kimi, qanunvercilik iddia müddətinin tətbiqi barədə ərizənin məhz hansı mübahisə tərəfinin, yəni əsas tələb üzrə borclunun və ya əlavə tələb üzrə borclunun verə bilməsi konkretləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 300 manat məbləğində qiymətləmdirmə haqqı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 300 manat məbləğində qiymətləmdirmə haqqı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar