Məhkəmə qərarları › İş №e-2-2(115)-451/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-451/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-451/2021 24.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6871 manat 16 qəpik əsas, 590 manat 21 qəpik faiz, 664 manat 07 qəpik cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 993 manat 70 qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.03.2015-ci il tarixli 432 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********271 saylı 27.01.2021-ci il tarixli və **********306 saylı 28.01.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 17.12.2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 9119 manat 14 qəpik təşkil edir. Bundan 6871 manat 16 qəpik əsas, 590 manat 21 qəpik faiz, 664 manat 07 qəpik cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 993 manat 70 qəpik faiz borcu təşkil edir. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Daha sonra, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərək, cəmi 9119 manat 14 qəpik – bundan 6871 manat 16 qəpik əsas, 590 manat 21 qəpik faiz, 664 manat 07 qəpik cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 993 manat 70 qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 36,6 kv.m. ümumi, 18,9 kv.m. yaşayış, 17,7 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddia məhkəməyə verildikdən sonra cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Ekspert rəyi ilə razıdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 30.03.2015-ci il tarixli 432 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Kəpəz filialı tərəfindən Cavabdeh1 illik 6 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 36 ay müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 12000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 22.01.2021-ci il tarixə 6871 manat 16 qəpik əsas borcu, faiz borc üzrə qalıq məbləğ 590 manat 21 qəpik, kreditin bitmə tarixinə 993 manat 70 qəpik faiz borcu, 664 manat 07 qəpik cərimə borcu, cəmi 9119 manat 14 qəpik məbləğində borcun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 30.03.2015-ci il tarixli 428 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli 2-2(115)-451/2021 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. "xxxx" MMC-in 28.10.2021-ci il tarixli 388/ZB/21 nömrəli rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin real dəyəri 40000 manat, likvid qiyməti 36000 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6871 manat 16 qəpik əsas borc, 590 manat 21 qəpik müqavilə müddətinə faiz borcu, 300 manat cərimə borcu, 993 manat 70 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 8755 manat 07 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməlidir. Həmin fərdi yaşayış evi açıq hərracdan satılmalıdır. Fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh2 fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 300 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6871 manat 16 qəpik əsas borc, 590 manat 21 qəpik müqavilə müddətinə faiz borcu, 300 manat cərimə borcu, 993 manat 70 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 8755 manat 07 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. Fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh2 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar