Məhkəmə qərarları › İş №e-2-2(115)-463/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-463/2024

01.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-463/2024 01.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 180000 manat məbləğində əldən çıxmış faydanın tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən 2013-cü il tarixdə razılığı olmadan, heç bir kopmensasiya verilmədən tam uçurulmuş, mağaza binasının və mülkiyyətində olan torpaq sahəsini öz ərazilərinə qatmışdır. Diqqətə çatdırdığı xüsusatlar Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-465/2021 saylı qətnaməsi ilə təsdiqini tapmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)- 20/2023 saylı qərarı ilə yekunlaşmışdır. Hal-hazırda onun iddia tələbinin mahiyyətini əldən çıxmış fayda təşkil edir. O fayda ki, əgər yekun məhkəmə qərarı çıxdığı vaxta qədər qədər gəlir əldə edərək ailəsini dolandırmaq imkanından məhrum edilmişdir. Onun aylıq gəliri ortalama 1500 manat civarında olmuşdur. Həmin gəliri 10 il müddətində vurduqda dəymiş ziyanın hansı məbləğdə olduğunu müəyyən etmək bir o qədər də çətin deyildir. Ona görə də, əldən çıxmış fayda tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o bu günə qədər 10 ildir ki, qazancından məhrum qalmışdır. Ayı 1500 manatdan hesablansa, 180000 manat qazana bilərdi. Maşında reklam var idi və o vaxtdan tanıyanlar gəlir. İndiki zamanda aylıq 100 manata yaxın qazanır. Əvvəl öz qapısından satırdı, amma sonra icarəyə yer götürmüşdür. İcarə sənədləşdirilməyib. Yeni tikdirdiyi yer üçün sənədlər var, amma zirzəmidən başqa heç nə tikdirə bilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir və hesab edir ki, tələb əsassızdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə qərarları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əvvəlki yerlə indiki arasında olan məsafə 500 metrdən biraz çox ola bilər. İcarə qiymətləri təxmini eynidir. Təqdim etdikləri aktda göstərdikləri kimi Oba market 110 m2 sahəyə 1500 manat icarə haqqı ödəyir, AL market 100 m2 sahəyə 1500 manat icarə haqqı ödəyir və orada yerləşən tibb mərkəzi də eyni məbləğdə icarə haqqı ödəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, obyektlər arasında məsafə təxminən 400-500 metr arasında olmalıdır. Qiymətlər arasında kəskin fərqlənmə yoxdur və əsasən kvadrat metr üzrə qiymətləndirilir. Hal-hazırda iddiaçının fəaliyyət göstərdiyi obyektin sahəsi zirzəmi ilə birlikdə 200 m2 -dir. İddiaçının əvvəl fəaliyyət göstərdiyi obyekti 100 m2 olub. Hal-hazırda fəaliyyət göstərdiyi yer daha müasirdir. Akt işçilər, bələdiyyə nümayəndəsi və hal şahidlərinin iştirakı ilə tərtib edilib. Aktda qeyd olunan obyektlərin sahəsi təxminən 100-110 m2 olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 2 avqust 2021-ci il tarixli e- 2-2(115)-465/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 40972 manat məbləğində maddi zərər və 4000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2-2(104)-20/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 iyun 2022-ci il tarixli 2-2(102)-409/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2-2(104)-20/2022 qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 5 sentyabr 2022-ci il tarixli 2-2(104)-172/2022 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2 avqust 2021-ci il tarixli e-2-2(115)- 465/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 25 yanvar 2023-cü il tarixli 2-2(102)-20/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 5 sentyabr 2022-ci il tarixli, 2- 2(104)-172/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qərarının məzmunundan görünür ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə əvvəlki kassasiya baxışı zamanı Ali Məhkəmənin qərarında ifadə edilmiş hüquqi mövqe də nəzərə alınaraq, apellyasiya şikayətinin hazırkı kassasiya şikayəti ilə eyni məzmunlu dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmış, belə qənaətə gəlinmişdir ki, iddiaçıya məxsus tikili cavabdeh tərəfindən sökülmüş və bununla da ona maddi ziyan dəymişdir. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi təsdiqini tapdığından iddiaçı cavabdehdən əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsindən cavabdehin həmin qeyri-yaşayış sahəsini qanunsuz sökməsi nəticəsində əldə edəcəyi gəlirlərindən məhrum olmuşdur. Belə ki, həmin qeyri-yaşayış obyekti cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsə idi, iddiaçı həmin qeyri-yaşaşyış sahəsini icarəyə verərərək oradan gəlir əldə edə bilərdi. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2013-cü ilin sentyabr ayında iddiaçıya məxsus qeyri-yaşayış obyekti söküldüyündən o, həmin gəlirlərindən məhrum olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin 02 iyul 2024-cü il tarixli UNİ/İ 04-327/2024 nömrəli ekspert rəyində qeyd olunur ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsində yerləşmiş ümumi sahəsi 160 m2 olan qeyri-yaşayış obyekti ilə eyni ərazidə və eyni ölçüdə olan hər hansı qeyri-yaşayış obyektinin 2013-cü ildən 2023-cü ilədək (2023-cü ildə daxil olmaqla) icarə haqları cəmi 82440 manat təşkil edir. Təqdim edilən cədvəl üzrə müəyyən olunur ki, 2013-cü il üzrə aylıq icarə haqqı 650 manat təşkil etmişdir. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının obyekti 2013-cü ilin sentyabr ayında cavabdeh tərəfindən sökülmüşdür. Odur ki, iddiaçıya dəymiş ziyan hesablanarkən başlanğıc dövrü kimi 2013-cü ilin sentyabr ayı götürməlidir. Belə ki, iddiaçının həmin dövr ərzində sökülmüş qeyri-yaşayış obyektinin icarəyə verilməsindən əldə edəcəyi gəlir ekspert rəyindən görünür ki, 77240 manat təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya ziyan dəyməsi və onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsindən məhrum olması ona bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Baxılan iş üzrə MPM-in 77-ci maddəsinin tələbləri baxımından, hazırki iş üzrə cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi və onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsindən məhrum olması öz təsdiqini tapdığından iddiaçə əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin əldən çıxmış faydanın məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, hazırki tələb üzrə iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, həmin ərizə əsaslı deyildir. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Belə ki, iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 25 yanvar 2023-cü il tarixli 2-2(102)-20/2023 nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə cavabdeh tərəfindən iddiaçıya məxsus qeyriyaşayış sahəsinin sökülməsi təsdiq olunmuşdur. Eyni zamanda iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi 2013-cü ilin sentyabr ayında sökülmüşdür. İddiaçı öz iddia ərizəsində isə özünə məxsus qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində 2013-cü ildən 2023-cü ilədək olan dövr ərzində əldən çıxmış faydanın tutulmasını tələb edir. Göründüyü kimi iddiaçının tələbi davam edən tələb olduğundan hər ilə münasibətdə ayrı-ayrılıqda iddia müddəti tətbiq olunmalıdır. Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. İş materiallarından göründüyü kimi iddiaçı ilk olaraq cavabdehə qarşı xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraatı mümkün hesab edilmişdir. Daha sonra Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə yenidən Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etməklə 2013-cü ilə münasibətdə ümumi 10 illik iddia müddətini ötürməmişdir. Digər illərə münasibətdə isə hər hansı iddia müddətinin ötürülməsindən söhbət belə gedə bilməz. İş materiallarında olan 005354 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, iddiaçı şəhid ailəsi üzvüdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı şəhid ailəsi üzvü olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 321,72 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, 300 manat ekspertiza xərci cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 77240 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 321,72 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, 300 manat ekspertiza xərci cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 77240 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 321,72 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. 300 manat ekspertiza xərci cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar