Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-47/2025 25.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdehlər Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11151,38 manat əsas borc, 1168,18 manat faiz və 190,78 manat cərimə borcu olmaqla, ümumilikdə 12510,34 manat məbləğində borcun və 127,53 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətindəki Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə yönəldilməsi, hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “3 saylı” filialından illik 30%-lə 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “3 saylı” filialından illik 21%-ə 24 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2022-cü il tarixli xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əlavə sazişə əsasən Cavabdeh4 və Cavabdeh2 zamin kimi əlavə edilmişlər. xx.xx.2023-cü il tarixli xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 12200 manat müəyyən edilmiş, müqavilə üzrə kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. 25 aprel 2024-cü il tarixədək Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 11151,38 manat əsas, 1168,18 manat faiz və 768,13 manat cərimə borcu olmaqla cəmi 13082,69 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 763,13 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 190,78 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında göstərdi ki, o bankla razılaşmışdır və krediti hissə-hissə ödəyəckdir. Ona görə də məhkəmədən qanunauyğun qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında göstərdi ki, borcalan borcunu ödəmək fikrindədir və ödəyəcək. Ona görə də məhkəmədən qanunauyğun qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3-MCR-1-427-21 saylı kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, ona faiz dərəcəsi 30% olmaqla, 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3-MCR-1-427-21/6 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, ona illik faiz dərəcəsi 21.52% olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşma üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında xx.xx.2021-ci tarixli DA/00192/21 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 kredit limitinin ayrılmasına dair razılaşma üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini ipoteka ilə yüklü etdirmişdir. Həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri 12000 manat, ilkin satış qiyməti 7200 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh3 xx.xx.2024cü il tarixinə banka 11151,38 manat əsas, 1168,18 manat faiz, 763,13 manat cərimə olmaqla, cəmi 13082,69 manat borcu var. İş materiallarında olan "xxxx" MMC-nin 20 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin bazar dəyəri 18000, likvid dəyəri 12000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri isə 400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən, ona faiz dərəcəsi 30% olmaqla, 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona illik faiz dərəcəsi 21.52% olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya krеdit müqaviləsi üzrə 11151,38 manat əsas borc, 1168,18 manat faiz və 190,78 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borc, faiz borcu və cərimə borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar kredit limitinin ayrılmasına dair razılaşma üzrə alınmış kreditə zamin olduqlarından, qeyd edilən kredit məbləğlərini, həmin məbləğlərə hesablanmış faizləri və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış kredit razılaşması üzrə 11151 manat 38 qəpik əsas krеdit bоrcu, müqavilə müddətinə hesablanmış 1168 manat 18 qəpik faiz borcu, 190 manat 78 qəpik cərimə borcu olmaqla cəmi 12510 manat 34 qəpik borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetləri olan torpaq sahəsinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə yönəldilməli, həmin torpaq sahəsi açıq hərracdan satılmalı, torpaq sahəsinin ilkin satış qiyməti 12000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, həmin torpaq sahəsinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı, iddia ərizəsinin verilməsinə görə 127,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı, 127,53 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3-MCR-1-427-21/6 saylı kredit verilməsinə dair razılaşmaya əsasən yaranmış 11151 manat 38 qəpik əsas krеdit bоrcu, müqavilə müddətinə hesablanmış 1168 manat 18 qəpik faiz borcu, 190 manat 78 qəpik cərimə borcu olmaqla cəmi 12510 (on iki min beş yüz on) manat 34 (otuz dörd) qəpik borc, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı, ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat 53 (əlli üç) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinə yönəldilsin. Həmin torpaq sahəsi açıq hərracdan satılsın. Torpaq sahəsinin ilkin satış qiyməti 12000 (on iki min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmin torpaq sahəsinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 400 (dörd yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-47/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-47/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver