Məhkəmə qərarları › İş №e-2-2(115)-473/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-473/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-473/2023 03.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021 il tarixli 2070***-*******02 nömrəli kredit müqaviləsi üzrə 8000 manat əsas borc, 1632,50 manat faiz borcu, 200 manat mediasiya xərci və 16,33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 "xxxx" BOKT ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitlərinin artırılması və cari xərclər üçün 24 ay müddətinə, xx.xx.2023-cü ilədək qaytarmaq və illik 24% ödəmək şərti ilə 8000 manat kredit verilmişdir. Tələbin güzəştinə dair xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" BOKT həmin kredit müqaviləsi üzrə tələb hüquqlarını İddiaçı ASC-yə güzəşt etmiş və borcalan bu barədə məlumatlandırılmışdır. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022 il tarixə olan əsas borc üzrə 8000 manat, faizlər üzrə 1632.50 manat təşkil edir. X14 xx.xx.2021-ci ildə vəfat etmişdir. Cavabdeh əri Müşfiq Qaraxanovdan miras qalmış Qazax rayonunun Çaylı kəndində yerləşən pay torpağını onun vərəsəsi kimi faktiki olaraq qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X11 və Cavabdeh nümayəndəsi X10 işin aidiyyəti ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyəti ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2070***-*******02 saylı kredit müqaviləsindən görünür ki, Borcalana dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə ilə illik faiz dərəcəsi 24,8% olmaqla 9 ay güzəşt müddəti tətbiq edilməklə 8000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan tələbin güzəştinə dair xx.xx.2021-ci il tarixli 2070***- *******02 saylı müqaviləyə əsasən "xxxx" BOKT MMC X7 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 2070***-*******02 saylı kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq yeni kreditor İddiaçı ASC-yə güzəşt etmişdir. İş materiallarında olan AZ-İİ 205032 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dar” JN-1487 kod 50112018 saylı dövlət aktından görünür ki, Qazax rayonun Çaylı kəndində yerləşən 0,48 ha topraq sahəsi X1, X3 və X2 adına verilmişdir. İş materiallarında olan Qazax rayon Çaylı Bələdiyyəsinin məktubundan görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-1487, kod 50112018 saylı dövlət aktında adları qeyd edilən X5, X8 və X7, hər üçü vəfat edtiyindən 0,48 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh vergi orqanında qeydiyyatdan keçməmişdir.. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh rəsmi qeydə alındıqları yer Qazax rayonu Çaylı ərazi dairəsi Çaylı kəndidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, "xxxx" Bank Olmayan Kredit X9 Cəmiyyəti ilə fərdi sahibkar statusuna malik olan X7 arasında kredit müqaviləsi bağlanılmış, kredit tərəfə dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə verilmişdir. "xxxx" BOKT MMC X7 ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq yeni kreditor İddiaçı ASC-yə güzəşt etmişdir. X7 məhkəmədə iddia qaldırılmazdan əvvəl vəfat etmiş, iddiaçı hüquqi varis olaraq Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışdır. Qeyd edilən cavabdeh isə fərdi sahibkar statusuna malik deyil, o, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair şərtlər olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 9-cu bəndinə əsasən digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar