Məhkəmə qərarları › İş №e-2-2(115)-488/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-488/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-488/2023 08.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Xasayev İlham Abbas oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 369,70 ABŞ dollar əsas, 84,70 ABŞ dollar faiz, 942,20 ABŞ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 50,90 ABŞ dollar faiz borcu olmaqla, cəmi 1447,50 ABŞ dolları və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlər Xasayev İlham Abbas oğlundan, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qazax filialı ilə cavabdeh Xasayev İlham Abbas oğlu arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə əsas vəsaitin artırılması məqsədi ilə 18 ay müddətinə illik 32% dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Xasayev İlham Abbas oğluna kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 250005757/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 1588,54 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin olunmuşdur. ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1817,66 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Hazırda xx.xx.2022-ci il tarixə Xasayev İlham Abbas oğlunun kredit üzrə cəmi borcu 1447,50 ABŞ dolları təşkil edir. İş üzrə cavabdehlər Xasayev İlham Abbas oğlu, Cavabdeh1 və Cavabdeh3 məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar banka olan borclarını tam şəkildə ödəmişlər. Bununla belə, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbi üzrə 3 illik iddia müddətini keçirmişdir. Buna görə də bütün məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq göstərdi ki, iddia müddətinin tətbiq edilməsi barədə verilən ərizə əsassızdır, məhkəməyə iddia ərizəsi iddia müddəti ərzində verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, Xasayev İlham Abbas oğlu ilə İddiaçı ASC-nin Qazax filialı arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən əsas vəsaitin artırılması məqsədilə illik faiz dərəcəsi 32%, kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 33,448% оlmaqla 18 ay müddətinə Xasayev İlham Abbas oğluna 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarına olan xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə dair əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin müddəti xx.xx.2016-cı ilədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsinə dair əlavə sazişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsinin müddəti xx.xx.2016-cı ilədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə 1 nömrəli əlavə sazişlərə əsasən, kredit restrukturizasiya edilmiş, kreditin müddəti və zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Xasayev İlham Abbas oğlunun xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 369 ABŞ dolları 70 sent məbləğində krеdit bоrcu, 84 ABŞ dolları 70 sent məbləğində faiz bоrcu və 942 ABŞ dolları 20 sent məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün 50 ABŞ dolları 90 sent olmaqla, ümumilikdə cəmi 1447 ABŞ dolları 50 sent məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********292 nömrəli bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixdə İddiaçı ASC-nin Qazax filialı ilə cavabdeh Xasayev İlham Abbas oğlu arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən əsas vəsaitin artırılması məqsədilə illik faiz dərəcəsi 32%, kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 33,448% оlmaqla 18 ay müddətinə Xasayev İlham Abbas oğluna 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015 və xx.xx.2017-ci il tarixdə tərəflər arasında əlavə saziş bağlanılmış, kreditin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Xasayev İlham Abbas oğlunun iddiaçıya 369 ABŞ dolları 70 sent kredit borcu vardır. İddiaçı verdiyi kredit məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, eyni zamanda iddianın faiz və cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Xasayev İlham Abbas oğlunun krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş, onun ləğv prosesində olan İddiaçı ASC-yə 1164,04 ABŞ dolları kredit borcunun olması, 698,42 manat hesablanmış kompensasiya, 44,18 manat güzəşt məbləği, 654,24 manat sərəncamda qalan hissə kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcundan başqa, müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilə bilməz. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Xasayev İlham Abbas oğlu kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Xasayev İlham Abbas oğlu zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh1 və Cavabdeh3 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 369 ABŞ dolları 70 sent məbləğində borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə cavabdehər Xasayev İlham Abbas oğlundan, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasbət bildirirək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. İş materiallarından da göründüyü kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. Sonradan tərəflər arasında xx.xx.2015 və xx.xx.2017-ci il tarixlərdə əlavə saziş bağlanılmış və kreditin icra müddəti xx.xx.2020-ci il müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmiş, mediator tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Qazax 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Xasayev İlham Abbas oğlu arasında bağlanmış 03 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə yaranmış 369 ABŞ dolları 70 sent kredit borcu ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 60 manat mediasiya xərci cavabdehlər Xasayev İlham Abbas oğlundan, Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Xasayev İlham Abbas oğlundan, Cavabdeh1 və Cavabdeh3 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar