Məhkəmə qərarları › İş №e-2-2(115)-49/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-49/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-49/2023 25.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3310 manat 36 qəpik əsas, 3737 manat 32 qəpik faiz, 2953 manat 06 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480 manat 70 qəpik faiz borcu olmaqla cəmi 10481 manat 44 qəpik borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 08 sentyabr 2017-ci il tarixli KM018T09170003S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə əsas vəsaitin artırılması (yeni qurulan mağaza üçün avadanlığın alınması) məqsədi ilə 24 ay müddətinə 29 faizlə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 08 sentyabr 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, o, bu öhdəliyi yerinə yetirməmişlər. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə 00/30/32 nömrəli xx.xx.2022-ci il tarixli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********124 saylı 08 iyul 2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 10481 manat 44 qəpik təşkil edir. Bundan 3310 manat 36 qəpik əsas, 3737 manat 32 qəpik faiz, 2953 manat 06 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480 manat 70 qəpik faiz borcu təşkil edir. Cavabdeh1 məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, e-2- 2(115)-2081/2022 nömrəli iş üzrə cavabdehdir. İddiaçı ASC-nin ləğvedicisi X1 xx.xx.2017ci il tarixli, ZM1/018T09170003 zaminlik müqaviləsinə əsasən ondan borcun ödənilməsini tələb edir. Lakin bildirir ki, iddiaçı bu günə kimi ona qarşı hər hansı bir tələb irəli sürməmişdir. Kredit müqaviləsi 2019-cu ildə başa çatıb, iddiaçı isə 3 il ərzində iddia irəli sürməyib. Odur ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən onun zaminlik müqaviləsinə xitam verilərək iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bank tərəfindən məhkəməyə müraciət olunduqdan sonra borcdan ödəniş olunmamışdır. Mövcud sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, banka dəfələrlə borcu barədə müraciət etmişdir, lakin bankdan ödənişlərlə bağlı heç bir məlumat daxil olmamışdır. O, krediti biznes məqsədilə götürmüşdür və digər cavabdehlər isə ona zamin olmuşdurlar. Bank ləğv prosesində olduğu üçün hara ödəniş etməli olduğunu bilməmiş, banka hər dəfə müraciət etdikdə isə sistemləri bağlı olmuşdur. Əsas borcunu və faiz borcunu qəbul edir. Cərimə borcu çox olduğu üçün onu qəbul etmir və məhkəmədən cərimə məbləğinin aşağı salınmasını xahiş edir. Borcunu hissə-hissə aylıq 150-200 manat olmaqla ödəyə bilər. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək, məhkəməyə göndərdiyi ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, zaminlik müqaviləsində müqavilənin müddəti 2 il göstərilmişdir. Müqavilə müddəti bitdikdən 3 il sonra iddia qaldırılmışdır. Buna görə də iddianın ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə hazırlıq iclasında iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, əsas borcluya zamin olmuşdur, lakin zaminlik müqaviləsi ona münasibətdədə artıq bitmişdir və ona qarşı iddia vaxtında qaldırılmamıdır. Buna görə də iddianın ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən baxış iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 08 sentyabr 2017-ci il tarixli KM018T09170003S01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 yeni qurulan mağaza üçün avadanlığın alınması məqsədilə illik 29 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh3 08 sentyabr 2017-ci il tarixli KM018T09170003S01 nömrəli kredit müqaviləsi üzrə banka 3310 manat 36 qəpik əsas, 3737 manat 32 qəpik faiz, 2953 manat 06 qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480 manat 70 qəpik faiz borcu olmaqla cəmi 10481 manat 44 qəpik məbləğində borcun olması göstərilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/7514 nömrəli rəyindən görünür ki, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 08 sentyabr 2017-ci il tarixli 018T09170003S01 saylı kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh3 DəmirBank” ASC-yə olan borcu müqavilənin müddətinin sonuna, yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 3310 manat 36 qəpik, faiz borcu üzrə 1423 manat 12 qəpik, 19 iyul 2022-ci il tarixə, yəni iddia tarixinə illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 474 manat 03 qəpik müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materillarına əlavə olunmuş 29 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondnun nümayəndəsi X4 ilkin mediasiya sessiyasında iştirak edərək 200 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3310 manat 36 qəpik əsas borc, 1423 manat 12 qəpik müqavilə müddətinə faiz borcu, 50 manat cərimə borcu, 474 manat 03 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 5257 manat 51 qəpik məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Ödənilməli olan 72 manat 57 qəpik məbləğində dövlət rüsumu və 50 manat ekspertiza xərci Cavabdeh3 tutularaq müvafiq olaraq dövlət büdcəsinə və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli, ZM1/018T09170003 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3 kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, ZM2/018T09170003 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh3 kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin icrası vaxtı xx.xx.2019-cu ildə başa çatmışdır və həmin gündən 1 il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən, iddia zaminlərə aid hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, mötəbərliyi şübhə doğurmayan məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/7514 nömrəli rəyinə əsasən Cavabdeh3 kredit müqaviləsi üzrə müqavilənin müddətinin sonuna, yəni xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 1423 manat 12 qəpik, 19 iyul 2022-ci il tarixə, yəni iddia tarixinə illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 474 manat 03 qəpik müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcuna dair qalan hissəsi təmin edilməməlidir. Bundan başqa, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borcun, müqavilə müddətinə faiz borcunun və gecikdirilmiş vaxt üçün faiz borcunun tutulması ilə yanaşı 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 72 manat 57 qəpik məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3310 manat 36 qəpik əsas borc, 1423 manat 12 qəpik müqavilə müddətinə faiz borcu, 50 manat cərimə borcu, 474 manat 03 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 5257 manat 51 qəpik məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərci Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilməli olan 72 manat 57 qəpik məbləğində dövlət rüsumu və 50 manat ekspertiza xərci Cavabdeh3 tutularaq müvafiq olaraq dövlət büdcəsinə və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar