Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-493/2024 08.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 27929,15 manat əsas borc, 3923,66 manat faiz borcu və 360,58 manat cərimə borcu olmaqla cəmi 32213,39 manat borcun, 186,64 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən "xxxx" MMC-nə İddiaçı ASC-nin MXD filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-ci il tarixdə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən "xxxx" MMC İddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin yanvarın 12-dək “Taksi Brend-020 “ MMC-nin banka xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 27929,15 manat əsas borc, 3923,66 manat faiz borcu və 1442,3 manat cərimə borcu olmaqla cəmi 33295,11 manat borcu vardır. "xxxx" MMC-nin xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1442,3 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 360,58 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 27 fevral 2023-cü il tarixli 6-MCR-1-121-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 27 fevral 2023-cü il tarixli 6-MCR-1-121-23/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, "xxxx" MMCyə biznes məqsədi ilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,67% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli Z/03132/23, Z/03131/23 və Z/03128/23 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 27929,15 manat əsas, 3923,66 manat faiz, 1442,30 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı ASC arasında 27 fevral 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış, razılaşmaya əsasən 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra "xxxx" MMC ilə İddiaçı ASC arasında 27 fevral 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən "xxxx" MMC-yə biznes məqsədi ilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,67% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçıya 27929 manat 15 qəpik kredit borcu, 3923 manat 66 qəpik faiz borcu, 360 manat 58 qəpik cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit məbləğini, kreditə hesablanmış faizi və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit razılaşması üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. "xxxx" MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış kredit verilməsinə dair razılaşma üzrə yaranmış 27929 manat 15 qəpik kredit borcu, 3923 manat 66 qəpik faiz borcu, 360 manat 58 qəpik cərimə borcu olmaqla, cəmi 32213 manat 39 qəpik məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 186 manat 64 qəpik dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 186 manat 64 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 fevral 2023-cü il tarixli 6-MCR-1-121-23/1 saylı kredit verilməsinə dair razılaşma üzrə yaranmış 27929 manat 15 qəpik kredit borcu, 3923 manat 66 qəpik faiz borcu və 360 manat 58 qəpik cərimə olmaqla, ümumilikdə 32213 (otuz iki min iki yüz on üç) manat 39 (otuz doqquz) qəpik məbləğində borc və 186 (bir yüz səksən altı) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu müştərək qaydada cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-493/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-493/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver