Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-516/2020 20.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən əsassız hesablanmış 2964 manat məbləğində debitor borcunun “xxxxxxxxxxxxx” ASC-nin abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” ASC sahibkarlıq fəaliyyətini həyata keçirməklə dövlət tərəfindən müəyyən edilmiş vergi ödənişləri vaxtlıvaxtında ödəməklə digər hüquqi şəxslərə örnək ola bilər. Bura istehlak edilmiş təbii qaz, elektrik enerjisi və digər kommunal xərclərə görə dövlət büdcəsinə ödənilən məbləğlər də, aiddir. Cavabdeh orqan elektrik enerjisinin verilməsinin kəsilməsi ilə hədələyib. Əsas kimi isə onu göstərir ki, 2015-ci ilin sentyabr ayında akt tərtib edilmiş, həmin akta əsasən 8110.08 manat borc hesablamışdır. Sonradan isə aktda qeyd olunan məbləğdən 5443.02 manat silmişlər. İndi isə qeyd olunan akta əsasən “xxxxxxxxxxxxx” ASC-nin 2964 manat ödənilməmiş sərfiyyatdan kənar borcu vardır. Cavabdeh orqanın istinad etdiyi akt tam qanunsuzdur. Bunu bir neçə faktla aydın müşahidə etmək olar. Birincisi, həmin aktın hansı əsasla tərtib edilməsindən məlumat yoxdur. İkincisi bu necə aktdır ki, əvvəlcə 8110.08 manat borchesablanmış, sonra isə həmin borcdan 5443.02 manatı silmişlər. İndi isə 2964 manat borcları olduğunu bildirmişlər. Cavabdeh orqanının qanunusuz hərəkətlərinin qarşısını almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə məkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən əsassız hesablanmış 2937,06 manat məbləğində debitor borcunun “xxxxxxxxxxxxx” ASC-nin abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçıya 2960 manat borcunun olması “xxxxxxxx” ASC tərəfindən bildirilmişdir. Borcun nəyin əsasında müəyyən edildiyi barədə dəfələrlə müraciət etmələrinə baxmayaraq cavab verilməmişdir. Əsassız olaraq 2964 manat məbləğində cərimə yazılmışdır. İtkiyə getmiş enerjinin sərf edilməsində “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin heç bir təqsiri yoxdur. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiçıya akt əsasında 2937 manat borc hesablanmışdır. 2015-ci ildə sayğacda nasazlıq aşkar edildiyinə görə iddiaçının barəsində akt tərtib edilmiş, lakin həmin aktı məhkməyə təqdim edə bilmirlər. Cərimənin yazılması barədə aktı məhkəməyə təqdim edə bilməsələr də, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Qərb” RETSİ-nin “İstehlakçılardan daxil olmuş ərizələrin, şikayətlərin təhlili və araşdırılması, itki, sərfiyyat aktlarının hesablanması” üzrə işçi komissiyasının xx xxxxxxx 2015-ci il tarixli, 05/06 nömrəli protokolundan çıxarışdan görünür ki, “xxxxxxxxxxxxx” ASC-yə tərtib olunmuş aktın hesabat hissəsində itirilmiş enerjinin miqdarı 44451 kvts dəyəri 2667.06 AZN müəyyən olunması, debitor borcu 5443.02 AZN azaldılması və xx.xx.2015-ci il tarixə qalıq debitor borc 2937.06 AZN olması komissiya tərəfindən qərara alınmışdır. İş materiallarına əlavə edilmiş abonent etirazlarına baxılması üzrə komissiyanın xx xxxx 2017-ci il tarixli, 01/32 nömrəli protokolundan görünür ki, araşdırma nəticəsində iddiaçının süni olaraq yaranmış 8110,08 manat borcu silinmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə qeyd edilən sənədlərdə iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. İş materiallarından görünür ki, iddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğaca müdaxilə edilməsini təsdiq edəcək mötəbər sübutlar cavabdeh tərəfindən təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh elektrik qurğularının texniki vəziyyətinə görə iddiaçının təqsirli hərəkət və hərəkətsizliyini müəyyən etmədən ona əsassız olaraq 44451 kvts elektrik enerjisinin itkisinə görə 2667 manat 06 qəpik məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə hesablamış 2667 manat 06 qəpik məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddia tələbinin 270 manat hissəsi abonentin sayğac üzrə debitor borcudur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə hesablamış 2667 manat 06 qəpik məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-516/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-516/2020
20.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver