Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-53/2020 18.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh Goranboy rayon Faxralı bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Goranboy rayon Faxralı bələdiyyəsinə qarşı qaz borularının qaytarılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Goranboy rayon Faxralı bələdiyyəsinə qarşı İddiaçı balansında olan 2100 p/m qaz borularının cavabdehdən alınaraq iddiaçıya qaytarılması və ödənilmiş 10.40 (on manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ABB Sabunçu filialı, KOD 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB VÖEN **********,İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Regionların 2014/2018-ci illərdə Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq SOCAR-ın İddiaçı bütün bölgələr üzrə qazlaşma işlərini uğurla davam etdirir. Bu zaman yeni qaz xətlərinin çəkilişi ilə paralel olaraq vaxtı ilə çəkilmiş və hal-hazırda istismara yararsız qaz xətləri sökülür. Goranboy rayon Alpout, Qurbanzadə və Faxralı kəndlərini təbii qzla təmin edən istismardan çıxarılmış 159 m-lik orta təzyiqli qaz xətti abonetlərin normal, fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədi ilə yeni çəkiləcək qaz xətlərində giliz və dayaq kimi istifadə olunması nəzərdə tutulmuşdur. Lakin, 2019-cu ilin 10-13 avqust tarixlərində Goranboy rayon Faxralı bələdiyyəsi tərəfindən həmin qaz xətlərinin2100 p/m hissəsi qanunsuz olaraq kəsilərək götürülmüşdür. Azərbaycan SSR Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Dövlət Qaz Komitəsinin xx.xx.1988-ci il tarixli, 205 nömrəli əmrinə əsasən Dövlət Aqrar Komitəsinin balansında olan qaz xətləri əvəzsiz olaraq Dövlət Qaz Komitəsinin balansına verilmişdir. İddiaçı tərəfindən dəfələrlə götürülmüş qaz xətlərinin geri qaytarılması üçün cavabdehə və digər qurumlara müraciət olunsada heç bir nəticəsi olmamışdır. İddiaçı nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan SSR Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Dövlət Qaz Komitəsinin xx.xx.1988-ci il tarixli, 205 nömrəli əmrinə əsasən Dövlət Aqrar Komitəsinin balansında olan qaz xətləri əvəzsiz olaraq Dövlət Qaz Komitəsinin balansına verilmiş və qaz xətləri İddiaçı İstehsalat Birliyinin balansında olmuşdur. Yeni qaz xətlərinin çəkilişi ilə paralel olaraq vaxtı ilə çəkilmiş və hal-hazırda istismara yararsız qaz xətləri sökülür və sökülən istifadəyə yararsız qaz boruları yeni çəkiləcək qaz xətlərində giliz və dayaq kimi istifadə olunması nəzərdə tutulmuşdur. Lakin 2019-cu ilin 10-13 avqust tarixlərində Goranboy rayon Faxralı bələdiyyəsi tərəfindən həmin qaz xətlərinin 2100 p/m hissəsi qanunsuz olaraq kəsilərək götürülmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Goranboy rayon Faxralı bələdiyyəsinin nümayəndəsi X4 əvvəlki şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirmişdir ki, 2000-ci ildə Goranboy Rayon İcra Hakimiyyətinin qərarı ilə komissiya təşkil olunmuş və həmin qaz xətləri kolxozun balansından bələdiyyənin balansına verilmişdir. Yeni qaz xəttinin çəklişi ilə əlaqədar köhnə qaz xətləri bələdiyyənin qərarı ilə suvarmada istifadə olunması üçün sökülmüşdür. Lakin sonradan, İddiaçı əməkdaşları həmin boruların onlara məxsus olmasını bildirmişdir. Bu səbəbdən də iddianı əsassız hesab etmiş və qəbul etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi əmlakı geri tələb etmək hüququ yalnız mülkiyyətçiyə məxsusdur. İddiaçının dəlillərinə görə Azərbaycan SSR Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Dövlət Qaz Komitəsinin xx.xx.1988-ci il tarixli, 205 nömrəli əmrinə əsasən Dövlət Aqrar Komitəsinin balansında olan qaz xətləri əvəzsiz olaraq Dövlət Qaz Komitəsinin balansına verilmişdir. Mübahisə predmetinə aid boru kəməri də həmin əmrə görə iddiaçının mülkiyyəti sayılır. Lakin, işin məhkəmə araşdırması nəticəsində həmin əmrin hazırkı mübahisə predmetinə aid boruya münasibətdə icra olunması sübutlarla təsdiqini tapmamışdır. Bu barədə hər hansı bir təhvil aktı və digər sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı təşkilat tərəfindən əvvəllər həmin boru vasitəsilə kənd ərazisinə təbii qazı nəql edilməsi, onun həmin əmlak üzərində hüquqlarının mövcudluğunu ehtiva etmir. İş materiallarına əlavə edilmiş Goranboy rayon Faxralı bələdiyyəsinin xx.xx.2005, xx.xx.2005 və xx.xx.2005-ci il tarixli qərarlarının surətindən görünür ki, qaz xəttinin təmir və bərpa edilməsi məsələləri bələdiyyə orqanında müzakirə edilmiş və bu məqsədlə müvafiq qərarlar qəbul edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi mübahisə predmetinə aid boru xətti təbii qazın nəqli üçün yararsız olmuşdur və istifadəyə yararsız olması səbəbindən yenisi ilə əvəz edilmişdir. İddiaçının dəlillərinə görə həmin borulardan yalnız dayaq və giliz kimi istifadə oluna bilər. Bələdiyyə orqanı həmin boru kəmərindən ictimai ehtiyaclar üçün, yəni kəndin əkin sahələrinin bir hissənin suvarılmasını təmin etmək məqsədilə istifadə etmişdir. Məhkəmə qeyd edir ki, bələdiyyə orqanının gördüyü tədbir ictimai yararlılıq, yəni ərazidə kənd təsərrüfatı məhsulları istehsal edilən əkin sahələrinin suvarılmasının mümkün qədər səmərəli həyata keçirilməsi məqsədini güdmüşdür. X5 Avropa Məhkəməsi “Herrman Almaniyaya qarşı” iş üzrə xx.xx.2011-ci il tarixli Qərarında, mülkiyyət hüququnun müdafiəsi və ümumi maraqlarla bağlı tələb arasında olan ədalətli tarazılığın saxlanılmış olması əsası ilə Konvensiyanın müddəalarını pozulmamış hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız sayılaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki iş üzrə İddiaçı cavabdehə qarşı iddiasını sübut edə bilməmişdir, iddia tələbinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı cavabdeh Goranboy rayon Faxralı bələdiyyəsinə qarşı İddiaçı balansında olan 2100 p/m qaz borularının cavabdehdən alınaraq iddiaçıya qaytarılması və ödənilmiş 10.40 (on manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı bank hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommmersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-53/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-53/2020
18.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver