Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-54/2024 28.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə 29572,92 manat əsas borc, 2625,54 manat faiz borcu və 184,20 manat cərimə borcu olmaqla cəmi 32382,66 manat məbləğində borcun, 210 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104 kv.m, yardımçı sahəsi 51 kv.m olan 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X4 İddiaçı ASC-nin Bərdə filialından illik 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən X5 İddiaçı ASC-nin Bərdə filialından illik 19%-lə 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104 kv.m, yardımçı sahəsi 51 kv.m olan, 5 otaqlı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il iyunun 9-dək X3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 29572,92 manat əsas, 2625,54 manat faiz və 763,8 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 32935,26 manat borcu vardır. X3 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 763,8 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 184,20 manat tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq X5 borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, kredit müqaviləsini özü imzalayaraq, bankdan 50000 manat kredit götürmüşdür. İpoteka qoyan onun dostunun atasıdır, ipoteka müqaviləsini özü imzalamışdır. Bərdədə yağ-pendir zavodu işlətmişlər, bir müddət işlətdikdən sonra onlara vəsait lazım olmuşdur, banka müraciət etsələr də onlara əlavə kredit verməmişlər. Vəsait çatışmazlığına görə borclarını tam ödəyə bilməmişlər. 11 ay vaxtı-vaxtında ödənişləri etmişdir. Borc məbləğləri ilə bağlı hər hansı narazılığı yoxdur. Lakin ipoteka müqaviləsində göstərilən əmlakın qiyməti ilə razı deyil. Banka olan borcunu ödəmək istəyir ki, ev satılmasın. Ancaq borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur, ona vaxt verilsə və yeni qrafik açılsa borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli 12-MCR-1-1101-21 saylı kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, ona faiz dərəcəsi 30%, illik cərimə faiz dərəcəsi 72% olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 10 iyun 2021-ci il tarixli 1012-MCR-1-1101-21/1 saylı kredit verilməsinə dair müqavilədən görünür ki, ona biznes məqsədilə 36 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla 50000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli DA/00245/21 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104 kv.m, yardımçı sahəsi 51 kv.m olan 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 80000 manat dəyərində müəyyən edilmişdir. Həmiçinin tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 48000 manat müəyyən edilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 104 kv.m yaşayış , 51 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə Cavabdeh3 mülkiyyəti hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104 kv.m, yardımçı sahəsi 51 kv.m olan 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 10 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə banka 29572,92 manat əsas, 2625,54 manat faiz, 736,80 manat cərimə borcu olmaqla, ümumilikdə 32935,26 manat bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 30 yanvar 2024-cü il tarixli 006/YB/24 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 85000 manat, likvid dəyəri 72000 təşkil edir. Tədqiqatın dəyəri isə 250 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında 09 iyun 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən faiz dərəcəsi 30% olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Kredit limitinin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daha sonra Cavabdeh2 ilə İddiaçı ASC arasında 10 iyun 2021-ci il tarixli kredit verilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən ona biznes məqsədilə 36 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh2 10 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 29572,92 manat əsas, 2625,54 manat faiz və 184,20 manat cərimə borcu vardır. İddiaçı verdiyi kredit məbləğini, ona hesablanmış faizi və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 10 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 29572 manat 92 qəpik əsas borc, 2625 manat 54 qəpik faiz borcu və 184 manat 20 qəpik cərimə borcu olmaqla, cəmi 32382 manat 66 qəpik məbləğində borc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104,2 kv.m, yardımçı sahəsi 51 kv.m olan, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 72000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, həmin fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci, 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 187 manat 15 qəpik dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 manat ekspertiza xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 10 iyun 2021-ci il tarixli 12-MCR-1-1101-21/1 saylı kredit verilməsinə dair müqavilə üzrə 29572 manat 92 qəpik əsas borcu, 2625 manat 54 qəpik faiz borcu və 184 manat 20 qəpik cərimə borcu olmaqla, cəmi 32382 (otuz iki min üç yüz səksən iki) manat 66 (altmış altı) qəpik kredit borcu, 210 (iki yüz on) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155.2 kv.m, yaşayış sahəsi 104,2 kv.m, yardımçı sahəsi 51 kv.m olan, 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın. Həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 72000 (yetmiş iki min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmin fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilsin. Cavabdeh2 187 (bir yüz səksən yeddi) manat 15 (on beş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-54/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-54/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver