Məhkəmə qərarları › İş №e-2-2(115)-540/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-540/2022

01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-540/2022 01.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 378633 manat 52 qəpik əsas borc, 44375 manat 90 qəpik əldən çıxmış fayda, 790 manat dövlət rüsumu, 168 manat vəkilə ödənilən xidmət haqqı cəmi 423967 manat 42 qəpik pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qaynatasıdır. 2008-ci ildə iş üzrə maraqlı şəxs onun atası Maraqlı şəxs ilə cavabdeh tanış olmuş, 2010-cu ildə bu tanışlıq qohumluğa çevrilmişdir. Tanışlıq əsasən atasının qurduğu və ailəsinə məxsus biznes fəaliyyəti ilə bağlı olmuşdur. Tanışlıq qohumluğa çevriləndən sonra onların münasibətləri yavaş yavaş isinişməyə başladı. Bir birə olan etimad və inam formalaşırdı. Əslində biznes fəaliyyətinin hamısını atası Maraqlı şəxs qurmuşdur. Sadəcə Cavabdeh qohum kimi müəyyən işlərə ortaq etmiş, ona güvənərək bəzi işləri tamamilə ona həvalə etmişdir. Cavabdeh həm bu güvəncədən həm də qohumluq münasibətlərindən istifadə edərək külli miqdarda vəsaitlərini əsassız varlanma şəkilində ələ keçirtmişdir. Qeyd etdiyi kimi ailəsinə məxsus biznes iş üzrə maraqlı şəxs olan atası X1 tərəfindən qurulmuşdur və idarə edilirdi. Atası 2016-cı ilin yanvar ayında tutulmuşdur. İşləri etibarnamə üzrə ona həvalə etmişdir. Onun başı atasının türmədən qurtarması işlərinə qarışan zaman cavabdeh olan qaynatası Cavabdeh işləri aparmağa başladı. O da qohum kimi ona etimad edirdi. Ancaq o bu etibardan sui istifadə edərək ilk öncə biznes fəaliyyətini 70% bizə olan hissəni 50%-ə endirməyə və ona məxsus olan 30% hissəni isə 50% ə qaldırmağa müvəffəq olmuşdur. Bütün bu işləri onun etimadından, atasının türmədə olmasından və qaynatası olmasından istifadə edərək etmişdir. xx.xx.2019-cu il tarixdə atası və iş üzrə Maraqlı şəxs hələ türmədə olan vaxt Cavabdeh və onun arada şəriklikləri ilə bağlı şahidlərin (Etibar İsgəndərov, Ayaz İsmayılov və Sakit Abbasov) iştirakı ilə akt tərtib edilmişdir. Həmin akta əsasən onların qurduqları ailə biznesinin 20% Cavabdeh keçmiş və hər birisi 50% pay olmaqla şərik olublar. Akta əsasən hər birinin sərmayəsi 378633,52 manat (üç yüz yetmiş səkkiz min altı yüz otuz üç manat 52 qəpik) olmaqla payları bərabərləşmşdir. Baxmayaraq ki, onların şərikli işlərindən onlara məxsus 378633,52 manat (üç yüz yetmiş səkkiz min altı yüz otuz üç manat 52 qəpik) vəsait cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən idarə edilir ancaq həmin gündən bu günədək nə həmin pulumuzu qaytarmır nə də onlara qazanc verməmişdir. Ona görə də hesab edirlər ki, cavabdeh onun etibarından sui istifadə edərək əsassız varlanmaq məqsədi ilə ələ keçirdiyi 378633,52 manat (üç yüz yetmiş səkkiz min altı yüz otuz üç manat 52 qəpik) manat pulu və neçə ilərzində dəymiş zərəri geri ödəməlidir. Hesab edirlər ki, vurulmuş zərər Mərkəzi Bankın faiz dərəcəsinə uyğun hesablanaraq cavabdehdən əlavə olaraq tələb olunmalıdır. Belə ki, Mərkəzi bankın rəsmi saytında dərc edilmiş illik faiz dərəcələri illər üzrə ortalama 2019-cu il üzrə 8,37%, 2020-ci il üzrə 6,89%, 2021-ci il üzrə 6,91% və 2022-ci il üzrə 7,5% olmuşdur. Buradan belə hasil olur ki, cavabdeh əsas borc məbləğindən (378633,52 manat) əlavə olaraq vurduğu zərərə görə ümumilikdə 70458,2 manat (yetmiş min dörd yüz əlli səkkiz manat 20 qəpik), o cümlədən 2019-cu il üzrə 15845,8 manat, 2020-ci il üzrə 26087,8 manat, 2021-ci il üzrə 26163,60 manat və 2022-ci il üzrə isə 2366,5 manat cəmi 44375,9 manat əldən çıxmış fayda da ona ödəməlidir. Eyni zamanda hazırkı iddia üzrə ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı da cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, iş üzrə iddia və iddianın təmin tədbiri üçün ödənilən 790 manat dövlət rüsumu və iddianın hazırlanması və məhkəməyə təqdim edilməsi üçün vəkilə 168 manat xidmət haqqı ödənilmişdir. 2020-ci ilin noyabr ayının 17-dən cavabdehlə arasında olan bütün münasibətlər korlanmışdır və ona görə də hesab edirlər ki, bundan sonra ümumiyyətlə onlara hər hansı bir vəsait ödənməyəcəkdir. Ona görə də iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, hazırkı iddia ilə bağlı Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə də müraciət etmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş kommersiya mübahisəsi olduğu üçün geri qaytarılmışdır. Sonradan qanunamüvafiq qaydada mediasiyaya müraciət edilmiş və barışıq əldə olunmamasına dair arayış alınmışdır. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı pul tələbinə iddiasının rədd edilməsi və onun qarşılıqlı iddia tələbinin təmin edilməklə İddiaçı nağd şəklində verdiyi 50000 manat məbləğində pulun, həmçinin 50000 manatın əvəzi olaraq verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Sahil 53 ünvanında yerləşən ferma kompleksində ona məxsus olmuş ikidə bir payın dəyəri olan 50000 manat məbləğində pulun, cəmi olaraq isə 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi xx.xx.2019-cu il tarixli heç bir hüquqi nəticə olmayan sənədə istinad edərək ondan 378633,52 manat əsas borc, 44375,90 manat əldən çıxmış fayda, 790 manat dövlət rüsumu 168 manat, vəkilə ödənilən xidmət haqqı olmaqla cəmi 423967,42 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, akta əsasən guya hər birinin sərmayəsi 378633,52 manat olmaqla bərabərləşdirilmişdir və o ona məxsus olan 378633,52 manat vəsatİ idarə etməklə ona nə qazanc verib, nə də ki pulunu qaytarmır. Bildirir ki, onun İddiaçı ilə heç bir şərikli biznesi olmamışdır. xx.xx.2018-ci ilindən vergi örəyicisi kimi fəaliyyətini dayandırmışdır və bu vaxta kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmammışdır. Bildirir ki, 2019-cu il tarixə kimi İddiaçı və onun atası Maraqlı şəxs mənə 200000 manatdan çox borcları var idi, dəfələrlə tələb etsə də, onlar ona olan borclarını ödəmirdilər. Belə ki, İddiaçı atası Maraqlı şəxs CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmişdi. Ona olan borclarını ödəmək / əvəzləşdirmək məqsədi ilə İddiaçı ona təklif etmişdir ki, o onunla şərikli biznes fəaliyyəti ilə məşğul olsun. Belə ki, Sultanın atası Ələddinin Bakı şəhərində “Baksol” deyilən yerdə satış mərkəzi olmuşdur. Sultan onu həmin yerə şərik etmək istəmişdir. Buna görə Sultanın təklifi ilə aralarında belə bir akt bağlanmışdır ki, Ələddin özü ilə bağlı olan müştərilərdə qalan “ölü pullar”- a (yəni alacaqlısı olduğu, lakin müştərilərindən ala bilmədiyi, ziyanında olan pullara), həmçinin o fermada olan yarı (50%) payını 50000 verirəm, bu şərtlə ki, onu o Bakı şəhərində olan qapı- pəncərə satış işlərinə şərik edir. Bundan başqa, İddiaçı 50000 manat da pul vermişəm. Qalan fərqi isə öz aralarında razılaşıblar. Sonradan Sultan ona demişdir ki, atası tələb edir ki, Türkiyədə fəaliyyət göstərəri “Uniplast” firmasına olan borclarına da şərik olmalıdır ki, şərikli işləri başlasın. Bildirirəm ki, Sultanın atası Ələddinin “Uniplasta” olan borcu 467231.90 ABŞ dolları məbləğində idi. Bu borca da şərik olmaqla biznez İşlərinə şərik olmaq ona sərf etmədiyi üçün şərikli iş görməmişdir. Odur ki, onun İddiaçı ilə şərikli biznes fəaliyyəti olmamışdır. Bundan başqa, İddiaçı özü təsdiq edir ki, 2018-ci ildən indiyədək olan dövrdə ünvan 2 ünvanında yerləşən və fəaliyyət göstərən "Azvinil” MMC-yə aidiyyəti olmamış, həmin MMC Elxan Süleymanovla qaynı Arzu Əmirov tərəfindən şərikli olaraq təsis olunmuşdur və onun həmin MMC-yə aidiyyəti və qarışacağı olmamışdır. Bütün bu dediklərinin hamısı Azərbaycan Respublikasının DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli qərarında öz əksini tapmışdır. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinə əlavə barədə ərizəni məhkəməyə təqdim edərək, İddiaçı ona qarşı pul tələbinə iddiasının rədd edilməsi və onun qarşılıqlı iddia tələbinin təmin edilməklə İddiaçı nağd şəklində verdiyi 50000 manat məbləğində pulun, həmçinin 50000 manatın əvəzi olaraq verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Sahil 53 ünvanında yerləşən ferma kompleksində ona məxsus olmuş ikidə bir payın dəyəri olan 50000 manat məbləğində pulun, cəmi olaraq isə 100000 manat məbləğində pulun, iddia ərizəsi məhkəməyə verilərkən dövlət rüsumu kimi ödənilmiş 390 manat pulun və 210 manat vəkilə ödənilmiş xidmət haqqının tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı rədd edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında olan pul fərqini aradan qaldırmaq və şərikli işlərini davam etdirmək üçün xx.xx.2019-cu il tarixdə razılığa gəlmişlər, bu məqsədlə həmin tarixdə şahidlərin iştirakı ilə akt imzalamışlar. Arada olan fərqin 50000 manatı fermadır. 81710 manatın üzərinə isə həmin pulu gəldikdə 131710 manat edir. Bu isə aktdakı fərqlə uyğunsuzluq təşkil edir. Bu isə onu göstərir ki, fərqi aradan qaldırmaq üçün 378633 manat 52 qəpiklə bağlı hərəkət olmuşdur. Bütün xərclər tam ödənildikdən sonra 50/50 işləməli idilər. Lakin birgə fəaliyyət dövründə mayaya əl vurmamışdır və o həmin pulun özünü və ondan heç bir fayda götürməmişdir. Bundan başqa cavabdeh həmin aktın Bakıdakı biznes fəaliyyəti ilə bağlı olduğunu bildirsə də, həmin akt Gəncədəki mallarla əlaqədar olmuşdur. İstintaqda verdiyi ifadə ilə bağlı onu bildirmək istəyir ki, həmin ifadəni xatırlamır. İzahatı tam oxumamışdır. İlkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı rədd edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qaldırdıqları iddia tam əsaslıdır bu isə özünü aktla tam təsdiq edir. Qarşı tərəf fəaliyyətin Bakı ilə bağlı olduğunu bildirsələr də, bunun heç bir əsası yoxdur. Fəaliyyət Gəncədəki sahibkarlıq fəaliyyəti ilə bağlı olmuş və tərəflər arasında şərikli biznes fəaliyyəti göstərilmişdir. Nəticədə iddiaçıya ziyan dəymişdir, o səbəbdən əldən çıxmış fayda da təmin edilməlidir. İlkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı rədd edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının təqdim etdiyi sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Onların başqa mübahisələri ilə bağlı apelyasiya məhkəməsində təsdiq olunubdur ki, İddiaçı onlarda heç bir malı yoxdur. Həmin malların hamısı “Uniplast”-a məxsusdur. Onlar xx.xx.2019-cu il tarixli müqavilə ilə sadəcə olaraq razılığa gəliblər ki, hərənin mayası nə qədərdir. Sultan ona bildirib ki, müştərilərdə pulları var və payları bərabərləşdirmək üçün 50000 manatın əvəzinə fermanı və bundan başqada 50000 manat pulu ona vermişdir. Fermanın dəyəri 60000 manat idi, lakin kürəkənidi deyə o, ona həmin qiymətlə fermanın yarısını verməyi razılaşıb. Onun Sultana yox, əksinə Sultanın ona borcu vardır. Qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı rədd edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflərin aralarında bağladıqları müqavilə ilkin müqavilə olmuş, lakin həmin müqavilə ilə bağlı hər hansı bir hərəkət həyata keçirilməmişdir. Məhkəməyə təqdim edilən istintaqda olan ifadələrdən də göründüyü kimi hər kəsin özünə məxsus biznesi olmuş və onların birgə fəaliyyəti olmamışdır. X11 tərəfdən ona pul verilmişdir. Qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 2016-cı ildə ilk dəfə Cavabdeh yanına o gətirib, sonradan onunla bütün işlərdə 70/30-a şərik olublar. Lakin sonradan aralarında olan fəaliyyətdə narazılıqlar yaranıb. Nəticədə isə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Cavabdeh “Az.Plast” şirkətində satış üzrə mütəxəssis vəzifəsində işləyib. Sultanı Azərin kürəkəni kimi tanıyır. Sultan atası tutulduqdan sonra tez-tez Cavabdeh pullar alırdı. Onun yanında iki yüz min pulu bir neçə dəfə istəyibdir. O akta qol çəkmişdir. Akt tərtib olunarkən digər şahidləri görməmişdir, amma Azər və Sultan orda olubdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, onun tərəflərlə qohumluğu yoxdur. Sultandan mal alıbdır və Cavabdeh ona deyibdir ki, o İddiaçıla şərikdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Sultandan mal almışdır və onların ikisinin bir yerdə işlədiyini bilir. Malı Azər, Ayaz və Sultandan alıbdır. Mal almağa gələndə bildiriblər ki, onlar şərikdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Sultanla arasında alğı-satqı olub və Azərlə tanışlığı yoxdur. O, Sultandan mal almışdır və pulu da ona vermişdir. Sultanla Azərin qohumluğunun olduğunu bilmirdi. Malı köhnə bağçanın yerində alıb və orada təkcə Ayazı görmüşdür. Belə ki, iş materiallarına əlavə olunmuş 01 iyul 2019-cu il tarixli, Cavabdeh, İddiaçı, İsgəndərov Etibarın, İsmayılov Ayazın və Abbasov Sakitin imzaları ilə təsdiq edilmiş aktda qeyd edilir ki, imza edənlər şahidlik edirlər ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh və İddiaçı öz aralarında aşağıdakı şəkildə hesablaşaraq razılığa gəliblər ki, xx.xx.2019-cu il tarixə qədər aralarında qalan 132552 manat pul fərqini aradan qaldırmaq üçün, bu vərəqin o biri səhifəsində adları yazılan müştərilərdəki “ölü" 83710 manatın 30 %-i (24513 manat) Cavabdeh, 70 %-i (57197 manat) İddiaçı çıxaraq; Cavabdeh şərikli fermadakı yarı payını (50 %) İddiaçı 50000 manat pul əvəzi verərək; arada qalan 132,26 manatıda uyğun şəkildə bölərək hər ikisinin də ortada görünən pullarını 378 633,52 manata bərabərləşdirsinlər. Bu üç əməliyyatı öz aralarında apararaq razılığa gəlmişlər ki, xx.xx.2019-cu il tarixdən etibarən aralarında heç bir alacaq - verəcək qalmamışdır. Müştərilərdəki qalan pullar, anbardakı bütün mallar və firmalara (Uniplast xaric) olan borclar 50 % - 50 % olmaqla bərabər alınacaq və ödəniləcəkdir. Bu razılaşmadan sonra hər iki tərəf şahidlər yanında söz verir ki, bir daha nə olursa olsun köhnə hesablara qayıtmayacaqlar və 50 % - 50 %-ə şərikli işlərinin davam etməsi üçün bərabər məsuliyyət daşıyacaqlar. İş materiallarına əlavə olunmuş 12 avqust 2021-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan görünür ki, şübhəli şəxs qismində dindirilmiş İddiaçı izahatında bildirmişdir ki, şərikli işlərində onların 378633 manat 52 qəpik pulları olub. Cavabdeh pulu isə onun pulundan 132522 manat az olub. Həmin pulu bərabərləşdirmək üçün Azər şərikli fermalarından olan 50 faiz payını ona 50000 manat pul əvəzinə verib. Bundan başqa da 50000 manat pul vermişdir. Qalan 32522 manatı isə razılaşıblar. 15 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İş materillarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, ilkin iddia üzrə 316 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə 390 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, xx.xx.2022-ci il tarixli 846 №-li “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna qarşılıqlı iddiaçı tərəfindən 210 manat məbləğində vəkil haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli yazılı razılaşmada hər birinin payı 378633 manat 52 qəpiyə bərabərləşdirilmişdir. Tərəflər həmçinin razılığa gəlmişlər ki, həmin tarixdən sonra şərikli işlərini bərabər davam etdirəcəklər. xx.xx.2019-cu il tarixdən etibarən tərəflərin hər birinə aid olan 378633 manat 52 qəpik məbləğində vəsait yazılı razılaşmaya zidd olaraq ilkin iddia üzrə cavabdeh tərəfindən birtərəfli qaydada idarə edilməsi ilkin iddia üzrə iddiaçının öz əmlak payından faktiki olaraq məhrum olunması ilə nəticələnmişdir. Eyni zamanda tərəflər arasında olan razılaşmaya əsasən 10000 manat məbləğində əmlak və pul qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş, lakin sonradan cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya qaytarılmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, 378633 manat 52 qəpik məbləğində pul və ödənilmiş 315 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İlkin iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə ödənilməli olan 353 manat 63 qəpik məbləğində dövlət rüsumu ilkin idda üzrə cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İlk iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus pul vəsaiti qaytarılmasa da, iddiaçının bu zaman dövründə ödənməyən pullar ilə mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, iddianın əldən çıxmış faydaya görə pul tələbi hissəsi təmin edilə bilməz. Bundan başqa, ilkin iddia tələbinin dövlət rüsumunun və vəkil xərcinin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzi ilə sadəcə ilkin iddiaçı tərəfindən 315 manat məbləğində dövlət rüsumunun ödənildiyi təsdiq edildiyindən, iddia tələbinin dövlət rüsumu ilə bağlı qalan hissəsi və vəkil xərci tələbi təmin edilməməlidir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, 100000 manat məbləğində pul, ödənilmiş 390 manat dövlət rüsumu və 210 manat hüquqi yardıma görə xərc İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. 378633 manat 52 qəpik məbləğində pul və ödənilmiş 315 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. 353 manat 63 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İlk iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. 100000 manat məbləğində pul, ödənilmiş 390 manat dövlət rüsumu və 210 manat hüquqi yardıma görə xərc İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar