Məhkəmə qərarları › İş №e-2-2(115)-541/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-541/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-541/2025 18.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Alıyev Samir Nazim oğluna qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Alıyev Samir Nazim oğlundan kredit üzrə 14951.79 manat əsas, 2101,64 manat müqavilə müddəti üçün hesablanmış faiz, 1677,59 manat müqavilə üzrə borcun gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün hesablanmış cərimə, 5301,92 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 24032,94 manat borcun tutulması, Cavabdeh3 13596,08 manat əsas, 2459,51 manat müqavilə müddəti üçün hesablanmış faiz, 1668,62 manat müqavilə üzrə borcun gecikdirildiyinə görə gecikdirilmiş vaxt üçün hesablanmış cərimə, 4827,06 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 22551,27 manat borcun tutulması, həmçinin cavabdehlərdən iş üzrə ödənilmiş 229,76 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0148 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəldilərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh Alıyev Samir Nazim oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 164 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 aylıq güzəştlə, 36 ay müddətinə 15000 manat müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş sonuncu ödəniş tarixinədək illik 6 faiz ödənilməklə pul məbləği kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 163 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 aylıq güzəştlə, 36 ay müddətinə 15000 manat müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş sonuncu ödəniş tarixinədək illik 6 faiz ödənilməklə pul məbləği kredit verilmişdir. Tərəflərin razılığına əsasən kredit müqavilələrinin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0.0148 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Kredit müqavilələrinə əsasən cavabdehlər müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinə əsasən borcalanlar bu müqavilələr üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışlarından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 163 saylı kredit müqaviləsindən görünür ki, borcalana 18 aylıq güzəştlə 36 ay müddətinə illik faiz dərəcəsi 7,10 faiz olmaqla 15000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə Alıyev Samir Nazim oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 164 saylı kredit müqaviləsindən görünür ki, borcalana 18 aylıq güzəştlə 36 ay müddətinə illik faiz dərəcəsi 7,10 faiz olmaqla 15000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 163i və 164i saylı ipoteka müqavilələrindən görünür ki, Cavabdeh3 və Alıyev Samir Nazim oğlunun kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0148 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 46000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0148 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 13596,08 manat əsas bоrcu, 2459,51 manat faiz bоrcu, 1668,62 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 4827,06 manat faiz borcu olmaqla, cəmi 22551,27 manat məbləğində borcu var. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Alıyev Samir Nazim oğlunun kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 14951,79 manat əsas bоrcu, 2101,64 manat faiz bоrcu, 1677,59 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 5301,92 manat faiz borcu olmaqla, cəmi 24032,94 manat məbləğində borcu var. İş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB/03- 2697/2025 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 105000 manat, likvid dəyəri isə 90000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixədək qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki İddiaçı ASC ilə xx.xx.2014-cü il tarixdə Cavabdeh3 və Alıyev Samir Nazim oğlu arasında kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən borcalanın hər birinə 18 aylıq güzəştlə 36 ay müddətinə illik faiz dərəcəsi 7,10 faiz olmaqla 15000 manat kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğlərini cavabdehlərə vermiş, cavabdehlər müqavilələrlə üzərlərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşlar. Alıyev Samir Nazim oğlunun 14951 manat 79 qəpik əsas, 2101 manat 64 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 5301 manat 92 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, Cavabdeh3 13596 manat 08 qəpik əsas, 2459 manat 51 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 4827 manat 06 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu vardır. İddiaçı əsas kredit məbləğlərini və faiz borclarını cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1677,59 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 500 manat, 1668,62 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Odur ki, iddiaçı ilə Alıyev Samir Nazim oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə 14951 manat 79 qəpik əsas, 2101 manat 64 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 500 manat cərimə, 5301 manat 92 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 22855 manat 35 qəpik borc cavabdeh Alıyev Samir Nazim oğlundan, Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə 13596 manat 08 qəpik əsas, 2459 manat 51 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 400 manat cərimə, 4827 manat 06 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 21282 manat 65 qəpik borc Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.0148 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin sahəsinin ilkin satış qiyməti 90000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu, iddia ərizəsinin verilməsi üçün 229,76 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddialarının təmin edilmiş hissələrinə mütənasib olaraq 222,41 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 30 manat rüsum cavabdehlər Alıyev Samir Nazim oğlundan və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 manat ekspertiza xərci cavabdehlər Alıyev Samir Nazim oğlundan və Cavabdeh3 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməliidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Alıyev Samir Nazim oğlu arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 164 saylı kredit müqaviləsi üzrə 14951 manat 79 qəpik əsas, 2101 manat 64 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 500 manat cərimə, 5301 manat 92 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 22855 (iyirmi iki min səkkiz yüz əlli beş) manat 35 (otuz beş) qəpik borc cavabdeh Alıyev Samir Nazim oğlundan tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 163 saylı kredit müqaviləsi üzrə 13596 manat 08 qəpik əsas, 2459 manat 51 qəpik müqavilə müddəti üçün hesablanmış faiz, 400 manat cərimə, 4827 manat 06 qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 21282 (iyirmi bir min iki yüz səksən iki) manat 65 (almış beş) qəpik borc Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Alıyev Samir Nazim oğlundan və Cavabdeh3 222 (iki yüz iyirmi iki) manat 41 (qırx bir) qəpik dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0.0148 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin sahəsinin ilkin satış qiyməti 90000 (doxsan min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. İş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərci cavabdehlər Alıyev Samir Nazim oğlundan və Cavabdeh3 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (M/h:AZ61NABZ********************, "xxxx" ASC, Kod:502155, VÖEN: **********, SWİFT kod: RBTAAZ22, H/h: AZ26RBTA********************, VÖEN: **********) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar