Məhkəmə qərarları › İş №e-2-2(115)-55/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-55/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-55/2025 12.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 31078 manat 93 qəpik borc olmaqla – bundan 17600 manat əsas, 12363 manat 85 qəpik faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1115 manat 08 qəpik faiz borcu, iş üzrə ödənilmiş 183 manat 24 qəpik məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 41.2 kv.m olan 2 otaqlı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 fevral 2020-ci il tarixli 03/4018/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 20 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 11 fevral 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi yerinə yetirməmişlər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********995 saylı 21 may 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh3 kredit üzrə cəmi borcu 31078 manat 93 qəpik təşkil edir. Bundan 17600 manat əsas, 12363 manat 85 qəpik faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1115 manat 08 qəpik faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, krediti sahibkarlıq məqsədi ilə götürüb, lakin pandemiya ilə əlaqədar olaraq borcunu ödəyə bilməyib. Axrıncı dəfə 2024-cü ilin iyul ayında ödəniş edib. Ödəniş qəbzlərinin qalıb-qalmadığını bilmir. Cavabdeh1 məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul edərək, borc üzrə zamin olduğunu, evini girov qoyduğunu bildirmiş, faiz borcunun silinməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxış iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən baxış iclasının iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 fevral 2020-ci il tarixli 03/4018/KBK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 23 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 11 fevral 2020-ci il tarixli 03/4018/KBK nömrəli kredit müqaviləsi üzrə banka 17600 əsas, 12363 manat 85 qəpik faiz borcu, gecikdirilmiş vaxt üçün 1115 manat 08 qəpik borcunun olması göstərilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/438 nömrəli rəyinə əsasən Cavabdeh3 kredit müqaviləsi üzrə əsas borcu 17608 manat 33 qəpik, müqavilənin müddətinin sonuna faiz borcu üzrə 11286 manat 29 qəpik, gecikdirilmiş vaxt üçün faiz borcu 1171 manat 02 qəpik müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Müqavilə müddətinin sonuna faiz borcun məbləğinə gəldikdə məhkəmə hesab edir ki, mötəbərliyi şübhə doğurmayan yuxarıda sadalanan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/438 nömrəli rəyinə əsasən Cavabdeh3 kredit müqaviləsi üzrə müqavilənin müddətinin sonuna, yəni xx.xx.2023-cu il tarixə faiz borcu üzrə 11286 manat 29 qəpik müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən ekspertiza rəyində Cavabdeh3 əsas borcu və gecikdirilmiş vaxt üçün faiz borcu daha artıq müəyyən edisə də, iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 03/4018/KBK saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, 11.02 2020-ci il tarixli 03/4018/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 məxsus olan ünvan 2-da yerləşən ümumi sahəsi 41.2 kv.m olan 2 otaqlı 32 saylı mənzil ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh1 məxsus ünvan 2-da yerləşən ümumi sahəsi 41.2 kv.m olan 2 otaqlı 32 saylı mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ekspertizasının xx.xx.2024-ci il tarixli G-11/24-112 nömrəli rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 32 nömrəli mənzilin bazar dəyəri 62 000 manat, likvid dəyəri 52 000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 350 manat təşkil etmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından da görünür ki, Ləğv prosesində olan "xxxx" ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, Cavabdeh3 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan "xxxx" ASC ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********663 və ********** nömrəli ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 180 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17600 manat əsas borc, 11286 manat 29 qəpik müqavilə müddətinə faiz borcu, 1115 manat 08 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 30001 manat 37 qəpik məbləğində borc, ödənilmiş 180 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat Cavabdeh3 iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 2-da yerləşən ümumi sahəsi 41.2 kv.m olan 2 otaqlı 32 saylı mənzilinə yönəldilməlidir. Həmin mənzil açıq hərracdan satılmalıdır. Mənzilin ilkin satış qiyməti 52000 manat həddində müəyyən edilməlidir. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Cavabdeh3 350 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli, 03/4018/KBK nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3 kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 03/4018/KBK nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh3 kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin icrası vaxtı xx.xx.2023-cü ildə başa çatmışdır və həmin gündən 1 il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən, iddia zaminlərə aid hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17600 manat əsas borc, 11286 manat 29 qəpik müqavilə müddətinə faiz borcu, 1115 manat 08 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 30001 manat 37 qəpik məbləğində borc, ödənilmiş 180 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat Cavabdeh3 iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 məxsus ünvan 2-da yerləşən ümumi sahəsi 41.2 kv.m olan 2 otaqlı 32 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 52000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh3 tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh3 350 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar