Məhkəmə qərarları › İş №e-2-2(115)-557/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-557/2020

19.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-557/2020 19.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, X1 nümayəndəsi X16, Müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh “xxxx” ASC-nin nümayəndələri X14 və Məlikova Könül Yusif qızının iştirakları ilə, X1 cavabdeh “xxxx” ASC-yə qarşı cərimənin silinməsi və artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən əsassız hesablanmış 15000 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci ii tarixdə Cavabdeh ASC tərəfindən onun, yəni İddiaçı kolbasa sexi üçün məxsus icarəyə götürdüyü Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 120 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə gecə saat 22:30 radələrində gələrək heç bir işçi heyəti olmadan qeyri-qanuni akt tərtib olunmuşdur. Akta əsasən guya, sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğac sxemindən kənar xətt var. Kənar xətt güc transfarmatorunun 0,4 kv. PQ-də sayğac sxemindən əvvəl ayırıcı dəstinin çıxışından en kəsiyi sahəsi s-3x 35 mm.kv. sip çəkilərək obyektə daxil olur. Ölçmə zamanı kənar xəttdən axan yüklər P-kən=22,15 kvt. Sayğac sxemində yük yox p say-0. Qoyulmuş güc sayğacın minimal cərəyanına görə pay-66 kv.t təşkil edir. Güc transfarmatorunun s-160 kv.t təşkil edir. Əslində sayğac möhürlü olduğuna görə onların ora müdaxilə etməyə nə ixtiyarları olmamış, nə də müdaxilə edərdilərsə, möhür qırılmalı idi. Halbuki, aktdan da bəlli olur ki, möhürdə zədə yoxdur. Cavabdeh orqanının qanunsuz hərəkətlərinin qarşısını almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı həmçinin ərizə verərək, iddianı təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək fəaliyyətlərini davam etdirmək üçün müəssisənin elektrik xəttinin qoşulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadə ilə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən İddiaçı məxsus kolbasa sexinə elektrik enerjisinin verilişinin dayandırılması «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qadağan edilmişdir. Cavabdeh “xxxx” ASC iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə əməkdaşları tərəfindən Göygöl rayon Qızılqaya qəsəbəsində Faiq Rüstəmova məxsus Kolbasa sexində sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, obyektə sayğacdan kənar xətt çəkilib (video çəkiliş əlavə olunur), kənar xətt güc trasformatorunun 0,4 kV-luq PQ-də sayğac sxemindən əvvəl ayrıcısı olan çıxışdan SİP xətt çəkilərək obyektə daxil olur. Trasformatorun 0,4 kV-luq çubuqları lak parça ilə sarınmayıb möhürsüzdür. Güc trasformatorda yaranan texniki qarşılıqlı hesabatda nəzərə alınmamışdır. xx.xx.2020-ci tarixdə kolbasa sexinin sahibi səhvini başa düşüb aktdan 7000 manat məbləğində ödəniş etmişdir. Əməkdaşları tərəfindən Faiq Rüstəmova məxsus kolbasa sexində akt tərtib edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı əsl iddiaçı X15 ilə əvəz edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Cavabdeh ASC -nə qarşı debitor borcun-silinməsi tələbinə dair iddiası üzrə onu mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə daxil edilməsini və yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 2557 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 tərəfindən Cavabdeh ASC-nə qarşı debitor borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə mübahisəli sexi iddiaçı ilə aralarında olan icarə müqaviləsi əsasında icarəyə götürüb kolbasa istehsalı məqsədi ilə işlədir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Belə ki, cavabdeh orqan kolbasa sexinin elektrik xəttlərini kəsmiş, isti yay günlərində 6 gün müddətində - (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində) sex elektrik enerjisindən məhrum olduğu üçün ət və ət məhsulları xarab olmuş, istifadəyə yararsız vəziyyətə düşmüşdür. O da qeyd edilməlidir ki, Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadında iddianın təmin tədbiri oaraq elektrik enerjisinin dərhal bərpa edilməsi göstərişi verilməsinə baxmayaraq onlar ödəniş etdikdən sonra xx xxxx 2020-ci ildə elektrik xəttləri bərpa edilmişdir. Cavadehin təqsirli hərəkətləri nəticəsində bu müddət ərzində onun istifadə etdiyi kolbasa sexindəki aşağıda qeyd etdiyi məhsullar yararsız vəziyyətə düşmüşdür: 1)Hazır kolbasa məhsulu 70 kq x 7,50=525 manat; 2)Sala (donuz şpiki) 80 x 2,20=176 manat; 3) Mal əti 108 kq x 3,9=421 manat;4) Toyuq farşı 717,5 x 2,00=1435 manat, cəmi 2557 manat. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri iki min beş yüz əlli yeddi manat təşkil edir. X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 15000 manat cərimənin silinməsi və tərəfindən ödənilmiş 7000 manat ödənişin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndələri Məlikova Könül Yusif qızı və X14 X1 iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, etirazda göstərmişlər ki, iddiaçının iddia tələbi əsassızdir və bu səbəbdən də rədd olunmalıdır. Belə ki, “X8 Qaydalan”nın (EEİQ) 7.9-cu bəndinin tələbinə uyğun olaraq iddiaçıya məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən Kolbasa sexi üçün elektrik enerjisi sərfinə görə hesablanması üçün elektrik sayğacı ilə təchiz edilmişdir. Elektrik enerjisinin alqı-satqısina dair iddiaçı ilə “EEİQ”-nın 1.3-cu bəndinin tələbinə görə müqavilə bağlanmışdır. Toplanılmış sənədlərdən görünür ki, “xxxx" ASC-nın X9 idarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə iddiaçıya məxsus obyektə baxış keçirilmişdir. Baxış zamanı “sayğac sxemindən kənar xətt var. Kənar xətt güc transformatorunun 0,4 kV-luq PQ-də sayğac sxemindən əvvəl ayrıcı dəstinin çıxışından en kəsiyi sahəsi S=3x35mm2 01N (SİP) çəkilərək obyektə daxil olur. Ölçmə zamanı kənar xətdən axan yüklər: Pkenar=22,5 kVt (iyirmi iki tam onda beş) sayğac sxeminə yük yox idi, PSayğac=0 (sıfır). Qoyulmuş güc sayğacın nominal cərəyanına görə Psay=66 kVt təşkil etdi. Güc transformatorunun tam gücü S=160kVt təşkil edir. Güc transformatorunun 0,4 kV-luq çubuqları lakparça ilə sarınmayıb, möhürsüzdür. Güc transformatorunda yaranan texniki iki qarşılıqlı hesabatda nəzərə alınmamışdır” qüsuru faktı aşkar edilmişdir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşları tərəfindən “EEİQ”-nın tələbinə uyğun olaraq xx xxxx 2020-ci il tarixli, AKT NDQ № 007658 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş sözügedən akta əsasən iddiaçıya dəyəri 15000 manat təşkil edən 463 gün üçün 166680 kVt.s. miqdarında elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır. Baxış keçirilən zaman əməkdaşları tərəfindən aşkar edilmiş enerji pozuntularından video çəklişi aparılmışdır. “EEİQ”-nın 8.17-ci bəndində göstərilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizal müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin qanunvericinin tələbinə görə enerjitəchizatı müəssisəsinə yenidən hesablaşma aparılması hüququ o halda verilir ki, istehlakçının təqsirindən qeyd olunan enerji pozuntuları hallarından biri aşkar olunsun. Hazırkı işdə də toplanılmış sənədlərlə təsdiq olunur ki, F.Rüstəmovun sahibi olduğu kolbasa sexi üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçrilən zaman iddiaçının istifadəsində və balans sərhəd nöqtəsində quraşdırılmış elektrik sayğacından kənar xətt vasitəsilə qanunsuz olaraq elektrik enerjisindən qanunsuz olaraq istifadə etməsi faktı aşkar olunmuşdur. Sözü gedən aktın tərtib olunmasınada da səbəb məhs qeyd olunan elektrik enerjiləri səbəb olmuşdur. Nadir Ağayevin direktoru olduğu iddiaçı şirkətə quraşdırılmış elektrik hesablaşma sayğacı ifrat yüklənmədən yanıb sıradan çıxmış və bununla da enerji uçotu pozulmuşdur. “EEİQ”-nın 9.1-ci bəndinin tələbinə görə İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Hüquq normasının tələbindən də göründüyü kimi İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki) qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilmişdir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (delikt) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İddiaçının iddia tələbi əsasızdır və bu səbəbdəndə rədd olunmalıdır. X3 cavabdeh “xxxx” ASC-nin etirazına yazılı münasibəti məhkəməyə təqdim edərək, cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz ərizəsi verilmişdir. Həmin etiraz ərizəsində göstərilir ki, “xxxx” ASC-nin X9 İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə iddiaçıya məxsus obyektə baxış keçirilmişdir. Baxış zamanı “sayğac sxemindən kənar xətt var. Kənar xətt güc transformatorunun 0,4 kv-luq PQ-də sayğac sxemindən əvvəl ayrıcı dəstinin çıxışından en kəsiyi sahəsi S=3x35mm 01N (SİP) çəkilərək obyektə daxil olur. Ölçmə zamanı kənar xətdən axan yüklər Pkənar=22,5 kVt sayğac sxeminə yük yox idi. Psayğac-0. Qoyulmuş güc sayğacın nominal cərəyanına görə Psay=66 kVt təşkil etdi. Güc transformatorunun tam gücü S=460 kVt təşkil edir.Güc transformatorunun 0,4 kv-luq çubuqları lakparça ilə sarınmayıb, möhürsüzdür. Güc transformatorunda yaranan texniki iki qarşılıqlı hesabatda nəzərə alınmamışdır. Qüsuru faktı aşkar edilmişdir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşları tərəfindən “EEİQ”-mn tələbinə uyğun olaraq xx xxxx 2020-ci il tarixli, AKT NDQ №007658 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş sözügedən akta əsasən iddiaçıya dəyəri 15000 manat təşkil edən 463 gün üçün 166680 kVt.s miqdarında elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Baxış keçirilən zaman əməkdaşları tərəfindən aşkar edilmiş enerji pozuntularından video çəkilişi aparılmışdır”. İddia ərizəsinə verilmiş etirazdan görünür ki, ona 15000 manat dəymiş ziyana görə hesablanmış cərimənin istinad nöqtəsi xx xxxx 2020-ci il tarixli, AKT NDQ №007658 nömrəli aktdır. Qeyd olunan akt qanunsuzdur və onun əsasında hesablanmış cərimə silinməlidir. Belə ki, o sahibkardır və obyektində aparılan yoxlamalar mütləq reyestrdə qeydə alınmalı idi. İş materialları ilə müyyən olunur ki, obyektində aparılmış yoxlamalar reyestrdə qeydə alınmamışdır. Bu isə o deməkdir ki, həmin yoxlamanın hər hansı hüquqi nəticəsi yoxdur. Cavabdeh “xxxx” ASC-nin nümayəndələri Məlikova Könül Yusif qızı və X14 müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı qarşı etirazı məhkəməyə təqdim edərək, etirazda göstərmişlər ki, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “2557 manat zərərin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 tərəfindən cavabdeh “xxxx” ASC-yə qarşı “debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə sexi F.Rüstəmovla arasında olan icarə müqaviləsinə əsasən özü icarəyə götürüb kolbasa istehsalı məqsədi ilə işlətmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadında iddianın təmin tədbiri olaraq elektrik enerjisini dərhal bərpa edilməsi göstərişi olmasına baxmayaraq ödəniş edildikdən sonra xx xxxx 2020-ci ildə sexin elektrik enerjisi təchizatı bərpa edilmişdir. Son nəticədə icarə əsasında işlətdiyi kolbasa sexində məhsulların yararsız hala düşməsi nəticəsində ona cəmi 2557 manat məbləğində ziyan dəymişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, toplanmış sənədlərlə təsdiq olunur ki, İddiaçı icarəyə götürüb kolbasa istehsalı məqsədilə işlətdiyi, X12 məxsus sexin sayğac uçot dəstinə “xxxx” ASC-nin Nəzarət X9 İdarəsinin əməkdaşları “xxxx” ASC-nin təsis etdiyi “Qərb” RETSİ-nin əməkdaşları ilə birlikdə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntularına dair “EElQ”-nin tələbinə uyğun olaraq xx.xx.2020-ci il tarixli NDQ №007658 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş həmin akta əsasən F.Rüstəmov barəsində 463 gün üçün dəyəri 15001 manat təşkil edən 166680 kVt.s miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır. M. Hacıyevin cavabdeh “xxxx” ASC-yə qarşı “cərimənin silinməsi tələbinə dair” iş üzrə iddianın təmin etmə tədbiri barədə İddiaçı tərəfindən verilmiş ərizəyə məhkəmə baxaraq ərizənin təmin edilməsinə dair xx xxxx 2020-ci il tarixli, 2-2(115)-557/2020 saylı qərardad çıxarmışdır. Məhkəmənin həmin qərardadına əsasən xx.xx.2020-ci il tarixli 2- 2(115)- 557/2020 saylı icra sənədi Göygöl rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olunmuşdur. İşdə olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən O. Əliyevin xx xxxx 2020-ci il tarixli, 102896/20 saylı müşayiətedici məktubunun surətindən görünür ki, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icratında olan Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-557/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilməsi məqsədilə poçt vasitəsi ilə “xxxx” ASC-yə ünvanlanmışdır. Həmin müşayiətedici məktub və əlavə olunmuş sənədlər “xxxx” ASC-yə ünvanlanmasına baxmayaraq işdə olan poçt zərfinin üzərində olan qeydiyyatdan görünür ki, sənədlər “Gəncə şəhəri, X25 İdarəsi”nə xx.xx.2020-ci il tarixdən poçt vasitəsi ilə göndərilmiş, həmin sənədlər göndərilmiş poçt zərfinin üzərində olan poçt şöbəsinin möhüründən də görünür ki, sənədlər xx.xx.2020-ci il tarixdə Gəncə şəhərinə çatmışdır. Sənəd “Qərb” RETSİ-yə xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin gün 1/644 sayla qeydiyyata alınmışdır. Rəhbərliyin dərkənarından sonra aidiyyəti işçilərin göstərişinə əsasən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus obyektə elektrik enerjisinin verilişi bərpa olunmuşdur. Etiraza əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, həqiqətən də həmin gün Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(115)-557/2020 saylı icra sənədi icra olunaraq iddiaçı F.Rüstəmova məxsus obyektə enerji verilişi bərpa edilmişdir. Etiraza əlavə olunmuş istehlakçıların aylıq sərf etdikləri elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini özündə əks etdirən abunə haqqında dövriyyə cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixdə enerjitəchizatı müəssisəsinin “Proqram bazası”nda **********3 saylı istehlakçı kodu qeyri-əhali qrup üzrə qeydiyyatda olan Faiq Rüstəmovun koduna 7000 (yeddi min) manat məbləğində ödəniş edilmişdir. Bütün “qeyri-əhali” qrupuna daxil olan istehlakçıların sahibi olduqları obyektlərin elektrik təchizatına dair texniki şərtləri olmalıdır. Həmin texniki şərtin tələbinə görə obyekt sahibləri öz vəsaitləri hesabına ehtiyat üçün generator alıb obyektdə saxlamalıdırlar. Lazım gəldikdə də həmin generatordan istifadə edilir. Hazırki iş üzrə də iddiaçı F.Rüstəmova məxsus obyektin elektrik təchizatına dair texniki şərtin tələbinə görə istehlakçı öz vəsaiti hesabına ehtiyat üçün X8 etmək məqsədilə generator alıb obyektdə saxlamalı və lazım gəldikdə ondan istifadə etməli idi. Aşkar olunmuş enerji pozuntularına dair tərtib olunmuş akta əsasən obyektə verilən enerji təchizatı dayandırılandan sonra obyekt sahibi, yahud obyekti icarəyə götürüb işlədən İddiaçı nə üçün generatordan istifadə etməmişdir? Etiraza əlavə olunmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2015-ci il tarixli, 190 saylı Qərarı ilə təsdiq edilmiş “xxxx” ASC-nin Nizamnamə və Strukturundan görünür ki, “xxxx” ASC-nin təsis etdiyi bütün RETSİ-lər, o cümlədən “Qərb” RETSİ hüquqi şəxs statusuna malik deyildir. Hüquqi şəxs yalnız “xxxx” ASC-dir. Onun hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, A. Bakixanov küçəsi, 13-dür. Ona görə də Göygöl İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Əliyev (müşayiətedici məktubu imza edən) həmin məktuba əlavə olunmuş icra sənədlərini (icra məmuru Ruslan Əliyev), “xxxx” ASC-yə göndərməli idi. Lakin Göygöl İcra və Probasiya Şöbəsi içra sənədini poçt zərfinin üzərində olan “Gəncə şəhəri, X25 X21” qeydiyyatından da görünür ki, icra sənədini poçt vasitəsi ilə “xxxx” ASC-nin təsis etdiyi, huquqi şəxs statusuna malik olmayan X30 Təchizatı və Satışı İdarəsinə göndərmişdir. Məktubun üzərində olan poçt zərfinin üzərində olan möhürdən də görünür ki, sənədin xx.xx.2020-ci ildə poçta verilmiş, xx.xx.2020-ci ildə isə “Qərb” RETSİyə daxil olmuşdur. Qeyd olunanlara əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “2557 manat zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 nümayəndəsi X22 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, sayğaca hər-hansı müdaxilə edilməmişdir. Sayğac müəssisədən kənarda yerləşir. Transformator onların balansında deyil. Sayğac təxminən 20-30 m kənarda yerləşir. Transformator məntəqəsindəki sayğacdan enerji götürür, o da onların balanslarında deyil. Dəfələrlə “xxxx” ASC-yə məlumat vermələrinə baxmayaraq, onlar demişlər ki, boş xəttə əl vurulmasın. Onlar heç bir kənar xəttən istifadə etməmişdirlər. xx xxxx 2020-ci il tarixində 22,5 kvatt enerji sərf edilməsi aşkar edilmişdir. “xxxx” ASC-nin əməkdaşlarının təqdim etdiyi video görüntülərdə kənar xəttin kolbasa sexinə daxil olması görünmür. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı nümayəndəsi və vəkili X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, icra məmuru Orxan Əliyev 25-də qərardadla bağlı Qərb RETSİ-nə məlumat verilmişdir. Ziyan yalnız qərardada görə deyil, həmçinin işıqda kəsilmişdir. Cavabdeh kənar xətt aşkar etsəydi belə, yalnız həmin kənar xətti açmalı idi. Bu zaman sayğac vasitəsilə obyektə gedən elektrik xətti açılmalı deyildi. Məhkəmədə mübahisə üzrə ətraflı məhkəmə istintaqı getdi. Cavabdeh tərəf təqdim etdiyi, əsaslandığı halları sübut edə bilmədi. Həmçinin mütəxəssis rəyi də hər şeyi sübut edir. Qarşı tərəf iddiaçının imkansızlığından istifadə etmiş, nəticədə məhsul itkisi olmuşdur. Üçüncü şəxsin iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndələri X18 və Məlikova Könül Yusif qızı məhkəmə iclasında iddia tələblərini qəbul etməyərək, təqdim etdikləri etirazlara uyğun izahatlar verdilər və hər iki iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahidlərin ifadələrini və mütəxəssisin rəyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X24 bildirdi ki, Göygöl elektrik şəbəkəsində balans-uçot şöbəsinin rəisi vəzifəsində işləyir. 2019-cu ilin fevral ayından orada işləyir. xx xxxx 2020-ci il tarixdə Ramil müəllim ona zəng vurub Faiqin obyektinə dəvət etmiş və o, İlkinlə birlikdə obyektə getmişlər. Onlara demişlər ki, kənar xətt aşkarlanmışdır. O, Turala zəng vurmuşdur ki, Bakı şəhərindən gəlmiş nümayəndələr həmin yerdə yoxlamadadırlar. Transformator məntəqəsinə çatanda orada çəkiliş gedirdi. Onlar gələndə sayğacda enerji qeydə alınmamışdır. Nümayəndələr sayğacın işlədiyini aşkarlamışdılar. Kənar xətt gecə qoşulu olmuşdur. X29 nəzarət etmişdir. O bu məsələni biləndən sonra Hacıyev Elnura demişdir ki, nəyə görə kənar xəttin qoşulmasını bilməmişdir. Hacıyev Elnur ona demişdir ki, yoxladığı zaman sayğac işlək vəziyyətdə olmuşdur. Qəbzləri isə təqdim etdiyini bildirmişdir. Onların obyektə girməyə icazələri olmadığı üçün Turala 2 dəfə zəng vurmuşdur. Tural dedi ki, yoldadır gəlir. Üçüncü dəfə zəng vuranda Tural telefonu götürməmişdir. Sonra Turalın atasına zəng etmiş, atası demişdir ki, Turalın maşının cərimə meydançasındadır özüdə gələ bilməyəcəkdir. Ona demişdir ki, kənar xətt aşkarlanmışdır. Atası dedi ki, hər şeyi Turala vermişdir, ola bilər kənar xətt kolbasa sexinə hasarın üst tərəfindən daxil olunmuşdur. 3 ədəd xətt fazalı keçirdi. Nəzarətçi qapını döydü açan olmadı. Xətt ayırıcı oradan sökülməmişdir. Transformatorun yaxınlığında kolbasa sexi, birdə yanacaq doldurma məntəqəsi yerləşir. Bu xəttin daş sexinə aparılması mümkün deyil. Şəxsən özü görmüşdür ki, xətt kolbasa sexinə daxil olmuşdur. Hal-hazırda xətt yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X20 bildirdi ki, Qərb RETSİ-nin İdarə rəisinin satış üzrə müavini işləyir. xx xxxx 2020-ci ildə Bakı şəhərindən audit işçiləri reydə gəlmişlər. Kolbasa sexinə reyd zamanı Məmmədov Ayaz və Yusifov Elnurun iştirakları ilə yanacaqdoldurma məntəqəsinin arxasındakı transformatora baxış keçirilən zaman kənar xəttin qoşulması aşkarlanmışdır. Müdriyyətə zəng vurdular ki, gəlsinlər 2 saat onları gözlətmişlər. Obyekt sahibinin oğlu gələcəyini bildirmişdir. Qapını dəfələrlə döyməklərinə baxmayaraq, qapını açan olmamışdır. Sayğacdan əlavə kənar xətt aşkarlanmışdır. Bu xətt ancaq kolbasa sexinə gedir, orada başqa sex yoxdur. Onlar transformatorun yanından müşahidə etmişdirlər. Saat 22:20 radələrində onlar reydə getmişlər saat 01:00-ə kimi gözləmişlər. Məhkəmə iş üzrə zərurət yarandığından X6 Agentliyinin Gəncə filialının nümayəndəsini mütəxəssis qismində məhkəmə iclasına dəvət etmişdir. X6 Agentliyinin Gəncə filialının nümayəndəsi – mütəxəssisi X17 məhkəmə iclasında göstərdi ki, iddiaçının və “xxxx” ASC “Qərb” RETSİ-nin təqdim etdiyi sənədlər və video görüntü təhlil edilərkən məlum olmuşdur ki, X2 məxsus obyektin elektrik təchizatı 35/6 kVluq “Radio stansiya” yarımstansiyasından çıxan 6/0,4 kV-luq “Dəyirman” transformator məntəqəsinin 0,4 kV-luq şəbəkəsindən qidalanır, sayğacdan kənar olması iddia olunan kabel xəttinin F.Ə.Rüstəmova məxsus sexə daxil olması və fazlar üzrə yükün ölçülməsi təqdim olunan video çəkilişdə və 007658 nömrəli, xx.xx.2020-ci il tarixli aktda öz əksini tapmır. Fazlardan axan yüklər ölçülmədən sayğacdan kənar xətdən 22,5 kVt yük axdığı qeyd edilmişdir. Sayğacdan kənar xətdən axan yük əvvəlcə fazlar üzrə ölçülməli, sonra orta yük çıxarılmalı idi. Obyektə elektrik enerjisinin verilişi dayandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X8 Qaydaları”nın 8.17-ci, 9.13.2-ci, 9.13-1-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, qaydalara əsasən sayğacdan kənar xətt açıldıqdan sonra obyektin enerji təchizatı bərpa edilməli idi. Beləliklə “xxxx” ASC-nin əməkdaşları tərəfindən X12 məxsus obyektə 007658 nömrəli, xx.xx.2020-ci il tarixli akt tərtib edilərkən və həmin akt əsasında hesabat aparılarkən “X8 Qaydaları”nın 8.17-ci bəndinin tələbləri, obyektə elektrik enerjisinin verilişi dayandırılarkən isə həmin Qaydaların 9.13.2-ci, 9.13-1-ci bəndinin tələbləri pozulmuşdur. Odur ki, obyekt sahibinə sayğacdan kənar xəttin olması və xətdən 22,5 kVt yükün axması sübut olunmadığına və qaydaların tələbləri pozulduğuna görə tərtib edilmiş akt və onun əsasında aparılmış hesabat əsaslı sayıla bilməz. İstehlakçı ona bildiriş təqdim edildikdən 30 gün müddətində ödəmədikdə dayandıra bilər, 30 gündən sonra isə xəbərdarlıq edilməli idi. Fazalar üzrə ölçü aparılmamışdır. Axan yükün ölçülməsi pozulmuşdur. Ölçü amper maşası ilə aparılmışdır. Ölçü düzgün aparılmamış və xəttin kolbasa sexinə daxil olması görünmür. 22,5 kVt haradan götürülməsi məlum deyil. 3-cü kateqoriya üzrə generatorun olması vacib şərt deyil. Faktiki axan yük göstərilməmişdir. Ola bilsin hər bir faza ölçülüb akta ümumi yazılmışdır. Hər bir fazaya ampermaşa qoşulmalı, ampermaşanın elektron göstəricisində yük görsənir. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2020-ci il tarixli NDQ № 007658 saylı aktdan görünür ki, istehlakçı X12 məxsus kolbasa sexində elektrik enerjisinin uçotu və “X8 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemindən kənar xətt var. Kənar xətt güc transformatorunun 0,4 kv-luq PQ-də, sayğac sxemindən əvvəl ayırıcı dəstənin çıxışından en kəsiyi sahəsi S=3x35mm2 ÖİN (SİP) çəkilərək obyektə daxil olur, ölçmə zamanı kənar xətdən axan yüklər 22.5 kvt, sayğac sxemində yük yox idi. Güc transformatorunun 0,4 kv-luq çubuqları lakparça ilə sarınmamış, möhürsüzdür. Güc transformatorunda yaranan texniki itki qarşılıqlı hesabatda nəzərə alınmamışdır. Həmin aktın tərtib edilməsi ilə bağlı aparılmış video görüntüdən görünür ki, sözügedən aktda kənar xətdən axan yükün 22.5 kvt olduğu qeyd edilsə də, fazlardan axan yüklərin ölçülməsi təsdiq edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, X3 məxsus kolbasa sexində aşkar edilmiş qüsurla bağlı nəticədə 22,5 kvt x 16 saat x 463 = 166680 kvts itirilmiş elektik enerjisinə görə 0.09 qəpikdən hesablanmaqla iddiaçı Faiq Rüstəmova 15001 manat məbləğində cərimə hesablanmışdır. Faiq Rüstəmovun abunə haqqında vərəqindən görünür ki, 15001 manat məbləğində pul vəsaiti borc olaraq abunə sənədinə daxil edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx xxxx 2020-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikasının Qida X4 regional bölməsinin əməkdaşları Göygöl rayonu Qızılqaya qəsəbəsi ünvanında yerləşən, sahibkar İddiaçı məxsus “kolbasa və sosiska” emal sexinə baxış keçirilmişdir. Baxış zamanı istifadəyə yararsız:1. 80 kq-donuz şpiki, 2. 70 kq kolbasa məhsulu, 3. 108 kq – mal əti, 4. 717.5 kq toyuq farşı qeydə alınmışdır. Agentliyin əməkdaşları və sahibkar İddiaçı iştirakı ilə istifadəyə yararsız olan məhsullar yandırılaraq məhv edilmişdir. Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən sahibkar İddiaçı icarə əsasında işlətdiyi kolbasa sexinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, istifadəyə yararsız vəziyyətə düşmüş 80 kq donuz şpiki, 70 kq kolbasa məhsulu, 108 kq mal əti və 717.5 kq toyuq farşına görə sahibkara cəmi 2557 manat məbləğində ziyan vurulmuşdur. xx xxxx 2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Faiq Rüstəmov tərəfindən “xxxx” ASC-nin hesabına 7000 manat məbləğində ödəniş edilmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi, “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə abonent X12 məxsus sahibkar İddiaçı icarəyə götürdüyü kolbasa sexinə xidmət edən elektrik qurğularına baxış keçirilərək yoxlama aparılmış, həmin yoxlama nəticəsində aşkar edilmiş sayğacdan kənar xətlə əlaqədar “xxxx” ASC-nin əməkdaşları tərəfindən kolbasa sexinə verilən elektrik enerjisinin verilişi dayandırılmış, dəymiş ziyanın həcmi hesablanaraq abonentin hesabına 15001 manat məbləğində borc hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə verilən elektrik enerjisi xx.xx.2020-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən dayandırılarkən, X8 qaydalarının tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X8 qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X11 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 9.13 və 9.13.2-ci bəndlərinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Həmin qaydaların 9.13-1-ci bəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. İşin faktiki hallarından göründüyü kimi, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi həmin özbaşına qoşulmuş yükü elektrik şəbəkəsindən açmalı olduğu halda, bununla yanaşı qanunsuz olaraq sayğac üzrə abonentə verilən elektrik enerjisini də dayandırmışdır. İddiaçı istifadə etdiyi kolbasa sexinə yay mövsümündə elektrik enerjisinin verilməsinin qanunsuz olaraq dayandırılması nəticəsində ət və ət məhsulları yararsız hala düşmüş, bununla da, ona 2557 manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iddiaçı Faiq Rüstəmovun barəsində tərtib edilmiş akt əsasında ona 15001 manat məbləğində borcun hesablaması ilə bağlı mütəxəssis rəyini nəzərə alaraq, hesab edir ki, hesabat əsaslı sayıla bilməz. Belə ki, yoxlama keçirilərkən aparılmış video çəkilişə məhkəmədə baxış zamanı müəyyən edildi ki, sayğacdan kənar xətdən axan yükün fazlar üzrə ölçülməsi təmin edilmədən, sayğacdan kənar xətdən 22,5 kvt yük axdığı qeyd edilmiş, daha sonra həmin göstəricəyə istinad edilməklə iddiaçı Faiq Rüstəmova əsassız olaraq 15001 manat məbləğində borc hesablanmışdır. Mütəxəssis rəyindən göründüyü kimi, sayğacdan kənar xətdən axan yük əvvəlcə fazlar üzrə ölçülməli, daha sonra orta yük çıxarılmalı idi. Məhkəmə hesab edir ki, sayğacdan kənar xətdən 22,5 kvt yükün axması sübut olunmadığına görə tərtib edilmiş akt və onun əsasında aparılmış hesabat əsaslı sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, düzgün olmayan hesablaşmaya görə abonent tərəfindən artıq ödənilmiş 7000 manat məbləğində pul vəsaiti əsassız varlanan cavabdeh tərəfindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 cavabdeh “xxxx” ASC-yə qarşı cərimənin silinməsi və artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddiası təmin edilməli, X2 (abonent kodu **********3) hesablamış 15000 manat məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli, artıq ödənilmiş 7000 manat məbləğində pul vəsaiti “xxxx” Açıq Səhmdar Cəmiyyətindən X7 xeyrinə tutulmalı, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq 2557 manat məbləğində pul vəsaiti “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 cavabdeh “xxxx” ASC-yə qarşı cərimənin silinməsi və artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddiası təmin edilsin. X2 (abonent kodu **********3) hesablamış 15000 manat məbləğində sərfiyyat haqqı (cərimə) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Artıq ödənilmiş 7000 manat məbləğində pul vəsaiti “xxxx” Açıq Səhmdar Cəmiyyətindən X7 xeyrinə tutulsun. Müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Vurulmuş zərərin əvəzi olaraq 2557 manat məbləğində pul vəsaiti “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar