Məhkəmə qərarları › İş №e-2-2(115)-579/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-579/2021

01.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-579/2021 01.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı vergi borcunun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdehnə qarşı vergi borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə hökmü ilə təsdiqini tapmış dövlət büdcəsinə olan 42732 manat 61 qəpik məbləğində borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsin əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Qeyd edilən Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədləri sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.09.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Göründüyü kimi, şəxsin ödənilməmiş vergi borcları ilə bağlı vergi məsuliyyətinə cəlb edilməsi məsələsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Bunun üçün vergi orqanları ödənilməmiş əsas vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının tutulmasına dair qərarlar qəbul etməlidirlər. Pul tələblərinin ödənilməsi ilə bağlı olan belə qərarlar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdırlar, ünvanlandıqları şəxslər üçün məcburi xarakter daşıyırlar və icra olunmalıdırlar. Odur ki, vergi orqanları ödənilməmiş əsas vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının tutulmasına dair özləri qərar (inzibati akt) qəbul etməlidirlər və həmin borcların məhkəmə qaydasında iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Belə olan halda, vergi orqanının hazırkı ərizəsinin mahiyyəti vergi borcunun vergi ödəyicisindən məhkəmə qaydasında yenidən tutulması ilə bağlıdır ki, həmin borcun tutulması ilə bağlı ən səmərəli vasitə vergi orqanı tərəfindən icra orqanına borcun tutulması ilə bağlı icra sənədinin verilməsidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanının vergi öhdəliyini yerinə yetirilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə yalnız siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Bu mövqeyə uyğun olaraq hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Bununla yanaşı iddiaçıya izah edilməlidir ki, şəxsin ödənilməmiş vergi borcları ilə bağlı vergi məsuliyyətinə cəlb edilməsi məsələsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Vergi orqanları öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya yönəldə bilərlər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı vergi borcunun tutulması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsinə izah edilsin ki, şəxsin ödənilməmiş vergi borcları ilə bağlı vergi məsuliyyətinə cəlb edilməsi məsələsi vergi orqanları tərəfindən həll edilməli məsələdir. Vergi orqanları öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya yönəldə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar