Məhkəmə qərarları › İş №e-2-2(115)-579/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-579/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-579/2024 08.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından çıxarılma və əmlakın boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 152.6 kv.m olan qeyriyaşayış binasından çıxarılması və əmlakın boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumu və 1000 manat vəkil xərcinin cavabdehə aid edilməklə, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 2022-ci ilin fevralında bağlanılmış, 07 saylı icarə müqaviləsinə görə Goranboy rayonu Kooperativ Cəmiyyətinin xüsusi mülkiyyətində olan Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 152.6 kv.m olan qeyri-yaşayış binası Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 4-cü bəndinə görə sözügüdən daşınmaz əmlak 1 il müddətinə cavabdehin müvəqqəti istifadəsinə verilmiş, 16-cı bəndinə görə icarə müqaviləsinin müddəti qurtardıqdan sonra icarəçinin (Cavabdeh) əmlakı icarəyə verənə qaytarması nəzərdə tutulmuşdur. Tərəflər yeni müqavilə bağlamadıqda isə icarə müqaviləsi öz hüquqi qüvvəsini itirir. Müqavilə üzrə icarə müddəti 2023-cü ilin fevral ayında bitmiş, cavabdeh ilə yeni müqavilə imzalanmadığı və ya müqavilənin müddəti uzadılmadığından icarə müqaviləsi üzrə tərəflər arasında yaranmış hüquq və öhdəliklərə xitam verilmiş, buna görə də tərəflərindən qeyri-yaşayış binasının geri qaytarılması və müvafiq binadan çıxılması tələbi ilə cavabdehə müraciət ünvanlansa da, bu tələb yerinə yetirilməmişdir. Cavabdeh adıçəkilən qeyri-yaşayış binasında qalmağa və ondan istifadə etməyə davam etmişdir. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 152.6 kv.m olan qeyri-yaşayış binasından çıxarılması və binanın boşaldılaraq mülkiyyət üzərində iddiaçının istifadə hüquqlarının bərpa edilməsinə zərurət yaranmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, o, 20 ildən artıqdır ki, həmin binanı icarəyə götürmüş və işlədir. Həmin binanı icarəyə götürənə kimi boş və dağılmış bina olmuşdur. Daha sonra o binanı icarəyə götürüb təmir etdirmiş və orada ayna-qapı sexi açmışdır. Onun icarə müqaviləsinin müddəti bitməmiş obyekti başqa şəxsə satmışlar və ondan icarə haqqı almağa davam etmişlər. Müqavilənin müddəti bitsə də ona məlumat verilməmiş və ondan 10 ay icarə haqqı almışlar. Müqavilənin müddətini isə uzatmamışlar. Belə ki, 2023-cü ilin fevralında o icarə müqaviləsinin bağlanması üçün müraciət etmiş, lakin müqavilənin müddəti uzadılmamışdır. Faktiki olaraq obyekti təhvil verməmişdir. Hazırda həmin obyektdən istifadə edir. Obyektin ərazisi 152 kv.metrdir, 100 kv.metri təmir etdirib orada fəaliyyət göstərir, qalan hissəni isə anbar kimi istifadə edir. Müqavilə isə 100 kv.metrə görə bağlanmışdır. Kooperativin saxta sədri onun icarə haqlarını mənimsəmişdir. Bina sədrin anasına satılmışdır. Bina satışa çıxarılırsa ilk növbədə o icarədara təklif edilməlidir. Obyekti icarə müqaviləsinin bitməsinə 2 ay qalmış kooperativin rəhbəri satmışdır. Obyekt satılarkən ona təklif edilməmişdir. Onun atası da kooperativin üzvü olmuşdur. O da kooperativin özvüdür. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kommersiya mübahisəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 2014-cü, 01 oktyabr 2016-cı, 04 yanvar 2018-ci, 04 yanvar 2019cu, yanvar 2020-ci, fevral 2021-ci, fevral 2022-ci il tarixli icarə müqavilələrindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqavilələrinə əsasən Goranboy şəhəri Heydər Əliyev prospektində yerləşən 100 kv.m sahə hər il bir il müddətinə icarəyə verilmiş, icarə haqqı 150 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, Goranboy şəhəri Heydər Əliyev prospekti 93 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti Goranboy rayonu Kooperativ Cəmiyyətidir. Texniki pasportda qeyriyaşayış binasının əsas sahəsi 152,6 kv.m göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Goranboy şəhəri H.Əliyev prospekti 93 ünvanında yerləşən qeyri-yaşayış binası Goranboy rayonu Kooperativ Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən torpaq sahəsinin mülkiyyət növü dövlət və torpaq sahəsi üzrərində hüququn növü icarədir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və tərtib edilmiş texniki pasportun verilməsinə əsas Azərittifaq idarə heyətinin Goranboy rayonu Kooperativ Cəmiyyətinin mağaza binasının payçıya satılmasına razılıq verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 67 saylı qərarı, Goranboy rayonu Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli mağaza binasının alqı-satqı müqaviləsi, Goranboy rayonu Kooperativ Cəmiyyəti müvəkillər yığıncağının xx.xx.2022-ci il tarixli 12 saylı qərarı, hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli 5501 saylı müqaviləsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə qeyd edir ki, Goranboy şəhəri H.Əliyev prospekti 93 ünvanında yerləşən qeyri-yaşayış binası Goranboy rayonu Kooperativ Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Goranboy rayonu Kooperativ Cəmiyyəti ilə Cavabdeh arasında 2022-ci ilin fevral ayında 2023-cü ilin fevral ayınadək Goranboy şəhəri H.Əliyev prospektində yerləşən 100 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmış, icarə haqqı 150 manat olaraq müəyyən edilmişdir. İcarə müqaviləsinin müddəti 2023-cü ilin fevral ayında bitmiş, tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamış, həmçinin 2022-ci ilin fevral ayında bağlanmış icarə müqaviləsinin müddəti uzadılmamışdır. Faktiki olaraq Goranboy şəhəri H.Əliyev prospektində yerləşən və ümumi sahəsi 152,6 kv.m olan qeyriyaşayış sahəsi Cavabdeh istifadəsindədir və icarəyəverənə qaytarılmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə hüquq münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilmişdir. İcarə hüquq münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə obyekti icarəyəverənə qaytarılmamış, icarəçinin faktiki sahibliyində və istifadəsində qalmışdır. Belə olan halda cavabdeh icarəyə götürdüyü əşyanı qaytarmağa borcludur. Ona görə də cavabdeh Əsədov X1 şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılmalı və əmlak boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan **********13 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Goranboy rayonu Kooperativ Cəmiyyəti ilə Vəkil arasında 20 fevral 2024-cü il tarixdə müqavilə bağlanmış, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla ilkin olaraq 600 manat ödənilməsi, bundan əlavə hər məhkəmə prosesində iştirak üçün yol xərcləri 70 manat, mübahisə yekunlaşdıqdan sonra isə 400 manat ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan 20 fevarl 2024-cü il tarixli ödənişə dair sənəddən görünür ki, hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Goranboy rayonu Kooperativ Cəmiyyəti tərəfindən 600 manat ödəniş edilmişdir. Məhkəmə 1000 manat məbləğində hüquqi yardımla bağlı məbləğin cavabdehdən tutulması ilə bağlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən qanunun müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən vəkil xidmətinin xərci olaraq ödənilmiş 200 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əsədov X1 şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılsın və əmlak boşaldılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xərci Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar