Məhkəmə qərarları › İş №e-2-2(115)-58/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-58/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-58/2024 27.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 fevral 2018-ci il tarixli, 2515 nömrəli icarə müqaviləsi üzrə 30 dekabr 2021-ci il tarixə icarə haqqı borcu 3538 manat 34 qəpik, ona hesablanmış cərimə borcu 484 manat 50 qəpik olmaqla, cəmi borc 4022 manat 84 qəpik, 03 fevral 2020-ci il tarixli, 2152 nömrəli icarə müqaviləsi üzrə 30 iyun 2021-ci il tarixə icarə haqqı borcu 233 manat 34 qəpik, ona hesablanmış cərimə borcu 3 manat 67 qəpik olmaqla, cəmi borc 237 manat 01 qəpik məbləğində pul tələbinin, ödənilmiş 65 manat məbləğində mediasiya xərcinin əvəzinin İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2515 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “2515” nömrəli mağaza olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli,“2515” nömrəli icarə müqaviləsinə 30 dekabr 2021-ci il tarixli 460 nömrəli əmr ilə xitam verilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 03 fevral 2020-ci il tarixli, 334 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan “2152” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 100 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 03 fevral 2020-ci il tarixli, 334 nömrəli icarə müqaviləsinə 30 iyun 2021-ci il tarixli 367 nömrəli əmr ilə xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 27 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 2515 nömrəli icarə müqaviləsi üzrə 30 dekabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 3538 manat 34 qəpik manat, ona hesablanmış cərimə borcu 484 manat 50 qəpik olmaqla, cəmi borc 4022 manat 84 qəpik məbləğindədir. Eyni zamanda 27 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 03 fevral 2020-ci il tarixli, 2152 nömrəli icarə müqaviləsi üzrə 30 iyun 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 233 manat 34 qəpik, ona hesablanmış cərimə borcu 3 manat 67 qəpik olmaqla, cəmi borc 237 manat 01 qəpik məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir . Bundan sonra mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də iddiaçı tərəfindən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator vəkil təyin edilmişdir. Mediator vəkilin də çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə müvafiq arayış alınmışdır. Göründüyü kimi, Cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır. İddiaçının nümayəndəsi X3 məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən sonuncu ödəniş 02 mart 2020-ci ildə olmuşdur. Ticarət obyekti 5 mərtəbədən ibarətdir. Əgər cavabdeh gəlir əldə edə bilmirdisə, onun hüququ var idi ki, icarə müqaviləsinin xitam verilməsi ilə bağlı müraciət etsin. Tərəf borcunu qəbul edərsə, obyektdə həmin vaxt təmir olduğu üçün aylıq icarə haqqı olan 220 manatın 50%-ni güzəşt edə bilərlər. Qarşı tərəf avtovağzalın qapısı bağlı olan vaxt 8 ay icarə haqqını 220 manat əvəzinə 110 manat ödəmişdir. Həmin 8 aydan sonra qarşı tərəf icarə haqqını 220 manat olaraq 10 dəfə ödəyibdir. Müqavilənin 9-cu bəndinə əsasən qarşı tərəfdən 3500 manat tələb edirlər. Qarşı tərəf obyektdən çıxdığını sübut etməlidir. xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən sonuncu ödəniş olmuşdur. Onlar həmin müqaviləyə 30.12 2021-ci il tarixində xitam vermişlər. Qarşı tərəf əgər razılığa gəlmirsə, iddia tələbinə güzəşt etmirlər, tam tələb edirlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı MMCnin sub-icarəçisi olduğu Bakı Beynəlxalq Avtovağzalında sahibkarlarla görüşlər keçirərək, yaranmış borcların hesablanaraq dörd təsnifat üzrə bölərək, həmin borcların nə vaxtdan yarandığını müəyyənləşdirir. Həmin borclarla bağlı Nazirliyə və Əmlak Komitəsinə məruzə olunacaqdır. 2024-cü ilin yanvar ayının sonunadək yaranmış borclarla bağlı məsələnin həll ediləcəyini hesab etmişlər. İddaçı İddiaçı MMC tərəfindən bütün mümkün variantlar müvafiq qurumlar qarşısında təklif edilmişdir. 2022-ci ilədək yaranmış borcun silinməsi və ya müəyyən müddətədək dondurulması təklif edilib. Hazırda məsələ ilə bağlı tam nəticə əldə edilməmişdir. Avtovağzalın əsas giriş qapısının bağlanması cavabdehə və eyni zamanda orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş digər subyektlərə mənfi təsir göstərmiş və bu səbəbdən icarə haqları 50 %-dək aşağı salınmışdır. İcarə haqlarının 50 %-dək aşağı salınması barədə sənədlər var. xx.xx.2018-ci il tarixli əmr “Bakı Beynəlxalq Avtovağzalının” 34-cü qapısının bağlanması ilə əlaqədar icarəçilərə güzəşt edilməsi üçün verilmişdir. Qarşı tərəflə məhkəmədən kənar razılığa gələ bilməmişlər. Cavabdehin adı olan 18 aprel 2018-ci il tarixli əmrdə nəzərdə tutulan güzəşt qapıların bağlı olması ilə əlaqədardır. Mart ayı üzrə güzəşt əmrdə öz əksini tapmışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, obyekti 2018-ci ilin fevral ayında icarəyə götürmüşdür. Həmin vaxt müqaviləyə xitam vermədilər. Avtovağzal həmin dövrdə təmir olduğu üçün işləmədi, buna görə də o, həmin obyekti 2018-ci ilin axrında boşaldıb getmişdir. Obyektin açarını da oradakı işçilərə vermiş, lakin bunu sənədləşdirməmişdir. 2-ci dəfə yenidən orada başqa obyekti icarəyə götürmüş, həmin obyektin 1 aylıq icarə haqqı ödənişini ödəmişdir, 2 aylıq ödənişi isə ödəməmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə borcu qəbul edir. Lakin 2018-ci il tarixli icarə müqaviləsi üzrə borcu qəbul etmir. Avtovağzalın qapısı ən azı 1 il 6 ay bağlı olmuşdur. O, həmin obyektdən 2018-ci ilin dekabr ayında çıxmışdır. 2018-ci ilin 1 fevral ayında obyekti icarəyə götürmüş və avtovağzal 2018-ci ilin mart ayından təmir olduğu üçün bağlanılmışdır. Həmin vaxtdan sonra 3 dəfə rəhbərlik dəyişmişdir. Sözügedən müqaviləni 11 ay müddətinə bağlamışlar. 2019 və 2020-ci il tarixli, adı yazılmış olan ödəniş qəbzlərindəki məbləğləri o ödəməmişdir. O, obeyktdən açarı təhvil verib, çıxmışdır. Obyektin açarını kimə təhvil verdiyini xatırlamır. Ona iddiaçı tərəfdən yalnız 2022-ci il tarixində zəng gəlmişdir. Avtovağzalın əsas girişi 15 mart 2018-ci il tarixdən bağlanmışdır, lakin 01 may 2018-ci il tarixdən sənəd üzərində rəsmiləşdirilmişdir. Giriş qapısı 14 ay bağlı olmuşdur və həmin əsas giriş qapısının bağlı olması nəticəsində müştərilərini tamamilə itirmişdir. Yaranmış vəziyyətlə bağlı rəhbərliklə sahibkarlar arasında ümumi yığıncaq keçirilmiş və müzakirə zamanı ona bildirilmişdir ki, 2022-ci ilədək yaranmış icarə borcu silinəcəkdir. Mübahisənin həlli ilə bağlı heç bir razılıq əldə etmək mümkün olmamışdır. Güzəştlə bağlı əmr faktiki olaraq 2018-ci ilin mart ayında verilmiş, lakin həmin ilin aprel ayında rəsmiləşdirilmişdir. Qapının bağlı olması ilə bağlı şifahi qaydada müraciət etmiş, lakin rəsmi olaraq müraciət etməmiş və onun şifahi müraciəti əsasında ona güzəşt tətbiq edilmişdir. Qapılar 14 mart tarixindən bağlanılmışdır. Güzəşt əmrdə də qeyd olunduğu kimi, mart ayından hesablanmışdır. Qapı bağlı olan dövrdə faktiki olaraq orada işləmiş, daha sonra iş olmadığından getmişdir. Qapıların bağlı olması malların satışına əhəmiyyətli dərəcədə təsir etmişdir. Onun müraciəti əsasında güzəşt tətbiq edilmişdir. 03 fevral 2020ci il tarixli, 334 nömrəli icarə müqaviləsi üzrə 230 manat icarə haqqı borcunu qəbul edir, lakin digər müqavilə üzrə tələb olunan borcu qəbul etmir. Oradan 2019-cu ilin əvvəlindən çıxmış, çıxarkən müqaviləni ləğv etdirməmişdir. Qaçqın və məcburi köçkün statusu var. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli, 2515 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan “2515” nömrəli mağaza olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə aylıq 220 manat icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinə 30 dekabr 2021-ci il tarixli 460 nömrəli əmr ilə xitam verilmişdir. İş materiallarında olan İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 03 fevral 2020-ci il tarixli, 334 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan “2152” nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə aylıq 100 manat icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinə 30 iyun 2021-ci il tarixli 367 nömrəli əmr ilə xitam verilmişdir. İş materiallarında olan 18 aprel 2018-ci il tarixli 01 nömrəli əmrdən görünür ki, iddiaçı tərəfindən 2018-ci ilin mart ayı üzrə icarə haqqı ödənilməsi üçün Cavabdeh icarə haqqı məbləğinin 50% miqdarında, sonradan ödənilməsi şərti ilə güzəşt verilmişdir. İş materiallarında olan 02-01/402/1 nömrəli 27 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 2515 nömrəli icarə müqaviləsi üzrə 30 dekabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 3538 manat 34 qəpik, ona hesablanmış cərimə borcu 484 manat 50 qəpik olmaqla, cəmi borc 4022 manat 84 qəpik məbləğindədir. İş materiallarında olan 02-01/402 nömrəli, 27 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 03 fevral 2020-ci il tarixli, 2152 nömrəli icarə müqaviləsi üzrə 30 iyun 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 233 manat 34 qəpik, ona hesablanmış cərimə borcu 3 manat 67 qəpik olmaqla, cəmi borc 237 manat 01 qəpik manat məbləğindədir. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin uzunmüddətli əsaslı təmirə bağlanması vaxtı, yəni 01 may 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək olan müddət ərzində kompleks ərazinin yalnız təmir aparılan hissəsinə aid olan giriş qapısı bağlanılmış, kompleksin digər 33 qapısı açıq olmaqla icarəçi sahibkarlar öz ticarət fəaliyyətini davam etdirmişlər. Epidemoloji virusun yayılması nəticəsində elan edilən pandemiya səbəbindən obyektlərin bağlanması ilə bağlı xüsusatlar əsas götürülərək, həmin dövr ərzində icarəyə verən tərəfindən icarəçi qismində fəaliyyət göstərən sahibkarların heç birindən qeyd edilən aylıq icarə haqları və digər xərclər tələb edilməmiş və hesablanmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materillarına əlavə olunmuş 09 sentyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi tərəflər ilkin mediasiya sessiyasına iştirak etmiş, "xxxx" MMC-nin nümayəndəsi 60 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 676.0.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. Mülki Məcəllənin 676.0.2-ci maddəsinə əsasən kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır. Mülki Məcəllənin 676.0.3-cü maddəsinə əsasən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. Mülki Məcəllənin 677.1.1-ci maddəsinə əsasən əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur. Mülki Məcəllənin 677.3-cü maddəsinə əsasən kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur. İşin hallarından görünür ki, tərəflər arasında 01 fevral 2018-ci il tarixli 2515 nömrəli və 03 fevral 2020-ci il tarixli 2152 nömrəli icarə müqavilələri bağlanaraq cavabdehin icarəsinə qeyri yaşayış sahələri verilmiş, lakin cavabdeh icarəyə götürdüyü sahələr üzrə icarə haqqını ödəməmişdir. 03 fevral 2020-ci il tarixli 2152 nömrəli icarə müqaviləsi üzrə cavabdehin 233 manat 34 qəpik məbləğində icarə haqqı borcu olması onun tərəfindən qəbul edilməklə, işin mübahisəsiz halına aiddir. Cavabdeh tərəfindən 01 fevral 2018-ci il tarixli 2515 nömrəli icarə müqaviləsi üzrə borc ona görə qəbul edilmir ki, icarəyə verilmiş sahə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşməklə, kompleksin təmir aparılan hissəsinə aid olan əsas giriş qapısı uzunmüddətli əsaslı təmirə bağlanmış, nəticədə ticarət sahəsinə gələn müştərilərin sayı kəskin şəkildə azalmış, bununla da faktiki olaraq icarəyə verilmiş sahədən müqavilə şərtlərinə uyğun olaraq istifadə edib gəlir götürmək imkanından məhrum olmuşdur. Tərəflər arasında bağlanmış sözügedən icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən icarə obyektini icarəçiyə yararlı, yanğın və texniki təhlükəsizlik qaydalarına və tikinti normalarına uyğun vəziyyətdə vermək, müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və lazımı qaydada həyata keçirmək icarəyə verənin vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən icarəçinin bu müqavilənin qüvvədə olduğu müddət ərzində obyektdən, onun təyinatına uyğun olaraq fasiləsiz və manesiz istifadə etmək hüququ vardır. İddiaçının təqdim etdiyi arayışda kompleksin əsas giriş qapısının 01 may 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək olan müddət ərzində bağlandığı qeyd edilsə də, əsas giriş qapısının 2018-ci ilin may ayından deyil, mart ayından bağlanması müəyyən edilmişdir. Belə ki, əsas giriş qapısının mart ayından bağlı olmasına görə iddiaçının xx.xx.2018-ci il tarixli 1 saylı əmri ilə cavabdehə onun müraciəti əsasında mart ayına güzəşt verilməsi iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq olunur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş ticarət sahəsinə gedən kompleksin əsas giriş qapısı 2018-ci ilin mart ayından 2019-cu ilin iyun ayına qədər təmirlə əlaqədar bağlı olmaqla, cavabdehin icarəyə götürdüyü icarə obyektindən istifadəsinə maneə yaradılmışdır. Cavabdeh yaranan maneə səbəbindən obyektdən istifadə edə bilməməsi ilə bağlı məlumatı 2018-ci ilin mart ayında iddiaçıya bildirmiş və iddiaçı tərəfindən həmin ilin mart ayı üzrə icarə haqqı yarıya endirilmişdir. Təmir işləri 31 may 2019-cu il tarixədək olan müddətdə davam etsə də, iddiaçı tərəfindən cavabdehə həmin dövr üzrə əsassız olaraq 2970 manat məbləğində icarə haqqı hesablanmışdır. Məhkəmə hesab edir ki, icarəçinin icarə obyektindən istifadəsinə yaranan maneə barədə icarəyə verənə məlumat verdiyi 2018-ci ilin mart ayından təmirlə bağlı maneənin aradan qaldırıldığı tarixə yəni, 31 may 2019-cu il tarixədək olan müddət ərzində icarəçi icarə haqqını ödəməkdən azad edilməlidir. Belə ki, obyektin əməliyyat tarixçəsində qeyd olunmuş 01 fevral 2018-ci il tarixli, 2515 nömrəli icarə müqaviləsi üzrə hesablanmış 3465 manat icarə haqqından sözügedən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan 2970 manat icarə haqqı çıxılmaqla, müqavilə üzrə hesablanmış digər vaxtlar üçün icra haqqı üzrə borc 568 manat 34 qəpik məbləğində müəyyən edilməli və həmin məbləğ cavabehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 fevral 2018-ci il tarixli 2515 saylı icarə müqaviləsi üzrə 568 manat 34 qəpik icarə haqqı borcu, 10 manat cərimə borcu və 03 fevral 2020-ci il tarixli 2125 saylı icarə müqaviləsi üzrə 233 manat 34 qəpik icarə haqqı borcu, 3 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 815 manat 35 qəpik məbləğində borc, ödənilmiş 65 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 01 fevral 2018-ci il tarixli 2515 saylı icarə müqaviləsi üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, Cavabdeh məcburi köçkün statusu olduğundan, məhkəmədə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 fevral 2018-ci il tarixli 2515 saylı icarə müqaviləsi üzrə 568 manat 34 qəpik icarə haqqı borcu, 10 manat cərimə borcu və 03 fevral 2020-ci il tarixli 2125 saylı icarə müqaviləsi üzrə 233 manat 34 qəpik icarə haqqı borcu, 3 manat 67 qəpik cərimə borcu olmaqla, cəmi 815 manat 35 qəpik məbləğində borc, ödənilmiş 65 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar