Məhkəmə qərarları › İş №e-2-2(115)-581/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-581/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-581/2023 31.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK № 043/MK-19 saylı kredit müqaviləsi üzrə banka olan 3 916.22 manat əsas, 1 532.99 manat faiz, 2 479.69 manat cərimə olmaqla, cəmi borcu 7 928.90 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumun və ödənilən 100 manat mediasiya rüsumunun tutulması, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3750/2 nömrəli 0.03 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASCyə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli, MK № 043/MK-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK № 043/MK-19 saylı kredit müqaviləsi üzrə banka olan 3 916.22 manat əsas, 1670.67 manat faiz, 2 479.69 manat cərimə olmaqla, cəmi 8066.58 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumun və ödənilən 100 manat mediasiya rüsumunun və 2.12 manat dövlət rüsumunun, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX- nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3750/2 nömrəli 0.03 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli, MK № 043/MK-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK № 043/MK-19 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22 % olmaqla, 24 ay müddətinə 8 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh və İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 043/MK-19 saylı tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3750/2 nömrəli 0.03 ha torpaq sahəsi yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş və izahat verərək bildirmişdir ki, borcu pandemiya ilə əlaqədar ödəyə bilməmişdir. Yenidən qrafik açılması üçün banka müraciət etmişdir. Lakin bununla bağlı heç bir razılıq əldə edilməmişdir. Əgər bank tərəfindən yenidən qrafik açılarsa borcu hissə-hissə ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli, MK № 043/MK-19 saylı kredit müqaviləsindən görünür ki, borcverən-"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan- Cavabdeh 8000 manat məbləğində illik 22 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan Cavabdeh isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2019-cu il tarixli № 043/MK-19 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3750/2 nömrəli 0.03 ha torpaq sahəsi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən xx.xx.2019cu il qeydiyyat tarixli çıxarışın surətlərindən görünür ki, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3750/2 nömrəli 0.03 ha torpaq sahəsi İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2013-00140 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 100 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan borcu 3 916.22 manat əsas, 1 670.67 manat faiz, 2479.69 manat cərimə olmaqla, cəmi borcu 8066,58 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 28 avqust 2023-cü il tarixli 02- 77/23 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3750/2 nömrəli 0.03 ha torpaq sahəsinin bazar dəyəri 19 000 manat, likvid dəyəri 15 000 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.2019-cu il tarixli, MK № 043/MK-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 8000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq cavabdehlə xx.xx.2019-cu il tarixli № 043/MK-19 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 279,69 manat məbləğində tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli 02/2023 nömrəli qərardadında qeyd edilmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli MK 043/MK-19 saylı kredit müqaviləsi üzrə 3916,22 (üç min doqquz yüz on altı manat iyirmi iki qəpik) manat əsas borc, 1670,67(bir min altı yüz yetmiş manat altmış yeddi qəpik) manat faiz borcu, 279,69 (iki yüz yetmiş doqquz manat altmış doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 5866,58 (beş min səkkiz yüz altmış altı manat əlli səkkiz qəpik) manat məbləğində borc və 100 (bir yüz) manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi ipoteka qoyulmuş, likvid dəyəri 15 000 manat olan Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3750/2 nömrəli 0.03 ha torpaq sahəsinə yönəldilməli, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli MK 043/MK-19 saylı kredit müqaviləsi üzrə 3916,22(üç min doqquz yüz on altı manat iyirmi iki qəpik) manat əsas borc, 1532,99 (bir min beş yüz otuz iki manat doxsan doqquz qəpik) manat faiz borcu, 279,69 (iki yüz yetmiş doqquz manat altmış doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 5728,9 (beş min yeddi yüz iyirmi səkkiz manat doxsan qəpik) manat məbləğində borc və 100 (bir yüz) manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 15. 000 manat olan Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3750/2 nömrəli 0.03 ha torpaq sahəsinə yönəldilsin, həmin torpaq sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************,VÖEN**********,AZ90AİİB******************** saylı hesaba ödənilsin. Cavabdeh 77,28 (yetmiş yeddi manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar